Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:46

'Ayaqlarımdan asılmışam' deyən Gəncə məhbusu azadlığa buraxıldı


Həbs
Həbs

Gəncə hadisələrinə görə həbs olunanlardan biri - Fikrət Mirzəliyev azadlığa buraxılıb. Ona verilən ilyarımlıq cəzanın müddəti bitib.

F.Mirzəliyevin ailə üzvləri AzadlıqRadiosuna onun azadlığa çıxması xəbərini təsdiqləyiblər: «Fikrət artıq evdədir. Başqa günahsız məhbusların da azadlığa çıxmasını arzulayırıq».

F.Mirzəliyev 2018-ci il iyulun 10-da Gəncədə keçirilən etiraz aksiyasının təşkilində, həmin aksiyada polislərə xəsarət yetirməkdə suçlanırdı. Ona Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə CM-in 220.1 (kütləvi iğtişaşların təşkili) və 315.2 (hakimiyyət nümayəndəsinə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiqi) maddələri ilə 6 il həbs cəzası kəsilmişdi. Sonradan Gəncə Apellyasiya Məhkəməsi ittihamı dəyişərək cəzanı ilyarıma endirmişdi.

Onunla birgə mühakimə olunanlardan Cabir Əzizovun da yanvarın 10-da azadlığa çıxması gözlənilir. Onun da cəza müddəti başa çatır. F.Mirzəliyev kimi, C.Əzizov da eyni maddələrlə suçlanaraq, 5 il həbs cəzası almışdı. Apellyasiya məhkəməsi onun da cəzasını ilyarıma endirib.

Aksiyadan bir gün öncə

Cabirin qardaşı Sabir Əzizov da həbsdədir. O da Gəncə hadisələrinə görə qardaşı ilə birlikdə həbs olunaraq, hakim önünə çıxarılıblar. S.Əzizova öncə 6 il həbs cəzası kəsilsə də, daha sonra müddət 2 il 6 aya endirilib.

F.Mirzəliyev və Əzizov qardaşlarının sözlərinə görə, onlar aksiyadan bir gün öncə - iyulun 9-da axşam dostlarıyla, o cümlədən Riya Nurzadə ilə birlikdə Qərb bölgəsinə gəzməyə gediblərmiş. Ertəsi gün özləri Gəncədə polisə yaxınlaşıblar ki, yemək yeməyə, çay içməyə uyğun bir kafe soruşsunlar. Bu zaman polislər onların yerli sakin olmadığını görərək, şəxsiyyətlərini təsdiqləyən sənəd istəyib və polis idarəsinə gətiriblər. Öncə onlara 15-25 sutka inzibati həbs cəzası verilib və həmin müddətdə də barələrində cinayət işi başlanıb.

Adları çəkilənlər Gəncədə polis idarəsində günlərlə işgəncəyə məruz qaldıqlarını bildiriblər.

«Əvvəl yüngülvarı döydülər»

«Üstümüzdə kimliyimiz yox idi. Bizi götürüb apardılar polis şöbəsinə. Dedilər ki, bugünkü aksiyaya görə gəlmisiniz? Dedik ki, yox. Əvvəl yüngülvarı döydülər, axşam da məhkəməyə aparıb 15 sutka həbs qərarı aldılar. Guya ictimai yerdə hündürdən danışmış və bizi intizama dəvət edən polislərə tabe olmamışıq. Qaytardılar idarəyə, başladı döyüb öldürmək... Əllərimiz qandallı, yumruq-təpiklə elə vururdular ki, ya öləsən, ya qalasan. Məni axşam ayaqlarımdan asıb döydülər. Səhərə yaxın polisə dedim ki, açın da məni. Razılaşmadı ki, rəis gəlib özü desin, sonra...», - F.Mirzəliyevin sözləridir.

Daxili İşlər Nazirliyi işgəncə iddialarını rədd edir. Nazirlikdən bildirilib ki, məsuliyyətdən yayınmaq məqsədilə həqiqətəuyğun olmayan iddialar səsləndirilir.

Xatırlatma

Ötən il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar.

Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Y.Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edirlər. Məhkəməsi başlanmayan Y.Səfərov bu iddialara münasibətini hələ ictimaiyyətə açıqlamayıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Gəncə hadisələrinə görə həbs olunan 80-ə yaxın şəxsin işi bir neçə qrupa ayrılıb. Onların əksəriyyətinə hökm oxunaraq, 6 ildən 18 ilədək həbs cəzası verilib. Sonradan apellyasiya məhkəməsi onların bir qisminin cəzasını azaldıb.

Bu hadisələrlə əlaqədar həbs olunanlardan təxminən 10 nəfər şərti cəzayla azadlığa buraxılıb. 8 və 6 nəfərlik daha iki qrupun apellyasiya şikayətləri üzrə məhkəmələr davam edir.

Y.Səfərov və daha 11 nəfər məhz icra başçısı və mühafizəçisinin güllələnməsinə görə mühakimə olunur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG