Keçid linkləri

Təcili xəbərlər
2020, 12 İyul, bazar, Bakı vaxtı 17:44

AXCP: Məmməd İbrahimə 10 sutka verilib


M.İbrahim

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimə 10 sutka həbs verildiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna AXCP-dən danışıblar.

Partiyadan verilən məlumata görə, M.İbrahim Xətai Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin (İXM) 535.1 (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə günahlandırılaraq 10 sutka müddətinə həbs olunub.

Amma bu deyilənləri, hələlik, Xətai Rayon Məhkəməsindən dəqiqləşdirmək mümkün olmayıb.

Məmməd İbrahimin hələ də buraxılmadığı deyilir

Fevralin 26-da saxlandığı bildirilən AXCP sədrinin müşaviri Məmməd İbrahimin hələ də sərbəst buraxılmadığı deyilir. Bu barədə AzadlıqRadiosuna AXCP-dən bildiriblər.

Partiyadan verilən məlumata hörə, hazırda o, Xətai rayon 37 saylı Polis Bölməsində saxlanır.

AXCP-dən verilən bu məlumata, hələlik, Daxili İşlər Nazirliyi (DİN) və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

AXCP üzvləri saxlandıqlarını bildiriblər

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) funksionerləri Asif YusifliMəmməd İbrahimin bu gün, fevralın 28-də saxlanaraq Xətai Rayon 37-ci Polis Bölməsinə aparıldıqları bildirilib.

Bu bərədə AzadlıqRadiosuna Asif Yusiflinin özü danışıb.

Onun sözlərinə görə, Xocalı abidəsinin ziyarətindən sonra yolda onları polis saxlayıb:

"Məmməd bəyin böyrəyində sancılar başlamışdı və biz xəstəxanaya gedirdik. Polislər maşını saxlayıb bildirdilər ki, yollar bağlıdır və oradan keçmək olmaz. Maşında xəstə adam olduğunu nə qədər desək də, bizə həmin yolla getməyə icazə vermədilər. Biləndə ki, biz AXCP üzvüyük harasa zəng vurdular, sonra isə bizi bölməyə apardılar. Məmməd İbrahimin bölmədə ikinci dəfə böyrəyinin sancısı tutdu. Təcili yardım maşını gəldi, həkimlər ona ağrıkəsici iynə vurdular".

Asif Yusifli əlavə edib ki, onun anket məlumatlarını alandan sonra sərbəst buraxıblar, Məmməd İbrahim isə bölmədə qalıb:

"Çox güman ki, məhkəməyə aparacaqlar".

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən (DİN) münasibət öyrənmək mümkün olmayıb.

Həm Məmməd İbrahim, həm də Qarabağ müharibəsində xəsarət salmış Asif Yusifli bir neçə il həbs həyatı da yaşayıblar.

Məmməd İbrahim xüliqanlıqda, Asif Yusifli isə dələduzluqda ittiham ediliblər. Lakin hər iki şəxs ittihamları qəbul etməyərək siyasi sifarişlə həbs edildiklərini açıqlayıblar.

Hərçənd, rəsmilər ölkədə siyasi motivli həbslərin olmadığını bəyan edirlər.

Xatırlatma

Bu gün, fevralın 28-də Xocalı faciəsinin 28 ili tamam olub. Bu münasibətlə rəsmilər, müxalifət və sadə insanlar Bakıda Xocalı abidəsini ziyarə ediblər.

Müxalifət təmsilçiləri ziyarət zamanı onlara süni maneələr yaradıldığını açıqlayıblar.

Amma DİN-dən bu deyilənlərə, hələlik, münasibət almaq mümkün olmayıb.

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal edib.

İşğal nəticəsində 613 nəfər dinc sakinin qətlə yetirildiyi, 487 nəfərin yaralandığı, 1275 nəfərin əsir götürüldüyü, 150 nəfərin isə itkin düşdüyü bildirilir.

Hər il Azərbaycanda fevralın 26-sı ümummilli hüzn günü kimi qeyd edilir.

XS
SM
MD
LG