Keçid linkləri

2026, 12 Sentyabr, şənbə, Bakı vaxtı 07:25

15 dəqiqəlik məhkəmə: Avstriya tacik fəalı Düşənbəyə təhvil vermədi

Nuriddin Rizai
Nuriddin Rizai

Avstriya məhkəməsi "Qrup 24" müxalifət hərəkatının keçmiş fəalı Nuriddin Rizainin ekstradisiyası barədə Tacikistanın sorğusunu rədd edib. Məhkəmə iclası sentyabrın 9-da Vyanada keçirilib.

Rəsmi Düşənbə müxalifətçini ekstremist birliyin fəaliyyətində iştirakda, bu növ fəaliyyətə açıq çağırışlar etməkdə və ekstremizmə açıq şəkildə haqq qazandırmaqda günahlandırır. O, həmçinin media və internet resursları vasitəsilə konstitusiya quruluşunu zorakılıqla dəyişdirməyə çağırışlar etməkdə təqsirləndirilir.

Rizai AzadlıqRadiosunun tacik xidməti müsahibəsində işin siyasi xarakter daşıdığını və heç bir sübut bazasının olmadığını bildirib. Onun sözlərinə görə, məhkəmə iclası cəmi 15 dəqiqə çəkib. Hakim onun Tacikistana ekstradisiyası üçün əsas olmadığını bildirib.

Əsl adı Nuriddin Qaniyev olan Rizai 11 ildir Avstriyada yaşayır, bu ölkədə siyasi sığınacaq alıb. O, 2021-ci ildə siyasi fəaliyyətinə son qoyduğunu açıqlayıb.

Ötən il Tacikistan Daxili İşlər Nazirliyi müxalif təşkilatların 18 üzvünün ekstradisiyası üçün Avstriya hakimiyyətinə sorğu göndərib. Bundan əvvəl Avstriya məhkəməsi qadağan olunmuş Tacikistan İslam Dirçəliş Partiyasının üzvü Firdavs Şukurovun da ekstradisiyasından imtina etmişdi.

Bu ilin avqustunda Avstriya Şavkat Məhəmmədin, onun 76 yaşlı anası, xanımı və qardaşının ekstradisiyası barədə sorğunu əsassız sayaraq rədd edib.

"Freedom House" təşkilatının məlumatına görə, 2021-ci ildə Tacikistan hakimiyyətini xaricdə tənqid edən şəxslərin oğurlanması, təqib olunması və təzyiqlərə məruz qalması ilə bağlı 38 hadisə qeydə alınıb.

XS
SM
MD
LG