Keçid linkləri

2026, 28 İyul, çərşənbə axşamı, Bakı vaxtı 00:37

Tacikistanın hicab və saqqal davası

Tacikistanda saqqalı açıq qadağan edən qanun yoxdur. Amma...
Tacikistanda saqqalı açıq qadağan edən qanun yoxdur. Amma...

38 yaşlı satıcı Murod hər həftə "WhatsApp"ı açır, təraş olunmuş üzünün şəklini çəkərək polisə göndərir. O, Tacikistanın cənubundakı Boxtar şəhərində yaşayır. Deyir, polis onu saqqalına görə saxlayıb. Üç gün nəzarətdə saxladıqdan sonra bu tələbi yerinə yetirir.

"Hər həftə məndən saqqalı qırxılmış üzümün fotosunu tələb edirlər", – təhlükəsizlik səbəbindən adı dəyişdirilən Murod deyib.

O, ictimai asayişi pozmaqda ittiham edilib, inzibati xəta törətdiyini bildirərək onu 180 somoni (18 ABŞ dolları) məbləğində cərimələyiblər.

AzadlıqRadiosu hadisə ilə bağlı sorğusuna polis orqanlarından cavab ala bilməyib.

10 milyondan çox əhalisi olan Tacikistanda əhalinin çoxu müsəlmandır. Son illər rəsmi qurumlar Tacikistanın milli mədəniyyətinə uyğun saymadığı geyim və digər görünüş formalarını məhdudlaşdırır.

"Kəndbəkənd"

Düşənbə 2024-cü ildə "Ənənələr və mərasimlər haqqında" qanuna dəyişiklik etməklə "tacik mədəniyyətinə yad" geyimləri rəsmən yasaqlayıb. Bu ifadə əsasən islam geyimlərinə aid edilir.

Bundan əvvəl də məktəblərdə, universitetlərdə və dövlət idarələrində hicabla bağlı məhdudiyyətlər mövcud idi.

Tacikistanda hakimiyyət qadınların hicabına və kişilərin saqqalına çox vaxt dini radikalizmin əlaməti kimi baxır.

Rəsmilər dəfələrlə bildiriblər ki, onların məqsədi islam hicabını hədəfə almaq və ya insanların dini azadlıqlarını məhdudlaşdırmaq deyil. Amma bəzi dindarların fikrincə, yeni qaydalar onları ictimai yerlərdə necə görünmək məsələsinə daha ehtiyatla yanaşmağa vadar edir.

"Keçən ay həkimə gedəndə qapıda əməkdaş məni saxladı. Dedi ki, hicabımı elə düzəldim ki, çənəm və boynum görünsün", – Tacikistanın cənubundakı Xatlon vilayətinin 35 yaşlı sakini Mohirə iyulun 20-də AzadlıqRadiosuna bildirib.

Təhlükəsizlik səbəbindən yalnız adının göstərilməsini istəyən Mohirə deyib ki, indi dövlət idarələrinə, həkimə və ya uşaqlarının məktəbinə gedərkən geyimini xüsusi diqqətlə seçir: "Hələ də hicab taxıram. Amma parlaq rənglərə, güllü naxışlara və ya parıltılı şərflərə üstünlük verirəm".

Mohirə sadə ağ və ya qara rənglərdən çəkindiyini söyləyir. Həmin rənglər digər müsəlman ölkələrindəki dini geyimləri xatırladır deyə, hakimiyyətin diqqətini daha çox çəkə bilər.

Rudaki rayonunun Qadın İşləri Komitəsinin rəsmisi tacik milli geyimlərinin təbliği kampaniyası çərçivəsində küçələrdə qadınlarla söhbət aparır.
Rudaki rayonunun Qadın İşləri Komitəsinin rəsmisi tacik milli geyimlərinin təbliği kampaniyası çərçivəsində küçələrdə qadınlarla söhbət aparır.

Mayda Düşənbənin cənub kənarındakı Rudaki rayonunun Qadın İşləri Komitəsi "Kəndbəkənd" adlı kampaniyadan fotolar yayıb. Qurum bildirib ki, məqsəd ənənəvi tacik geyimlərini təbliğ etmək və xarici geyim üslublarından çəkindirməkdir. Şəkillərdə rəsmilərin küçədə hicab və uzun, gen paltar geyinmiş qadınlarla söhbət etdiyi görünürdü. Sosial şəbəkələrdə narazılıq yarandıqdan sonra paylaşım silinib.

ABŞ Beynəlxalq Dini Azadlıqlar Komissiyasının (USCIRF) mayda dərc etdiyi hesabatda bildirilir ki, Tacikistan hökuməti ölkədə dini həyatın bütün sahələrinə nəzarət siyasətini davam etdirir. Hesabatda dini birliklərə, geyimə, dini təhsilə və ibadətə məhdudiyyətlər qeyd olunur.

Sənəddə deyilir ki, hakimiyyət 2024-cü il qadağasını "milli mədəniyyətə yad" sayılan geyimlərə qarşı kampaniyalar vasitəsilə icra edir.

Tacikistan hökuməti milli ənənələri qorumağa, ekstremizmin qarşısını almağa çalışdığını bildirir, vətəndaşların dini azadlıqlarını məhdudlaşdırdığına dair ittihamları rədd edir.

"Hər bir hal qeydə alınır"

Hicabdan fərqli olaraq, Tacikistanda saqqalı açıq qadağan edən qanun yoxdur. Lakin tacikistanlılar AzadlıqRadiosuna deyiblər ki, hakimiyyət dini radikalizmin əlaməti saydığı istənilən saqqala görə kişiləri saxlaya bilər.

Saqqallarına görə saxlanılan iki nəfər AzadlıqRadiosuna deyib ki, polis onların saqqalını məcburən qırxıb, sonra heç bir ittiham irəli sürmədən sərbəst buraxıb. Onlar buna bənzər başqa hadisələrdən də xəbərdar olduqlarını söyləyiblər.

Onların sözlərinə görə, bəzən kişilər ictimai asayişi pozmaq və ya qadağan olunmuş yerlərdə siqaret çəkmək kimi inzibati xətalarla ittiham olunurlar.

Xatlon vilayətinin 37 yaşlı sakini Amin bildirib ki, polis altıyaşlı oğlunun gözü qarşısında onun üzünü islatmadan "quru şəkildə" qırxıb, sonra isə şifahi xəbərdarlıqla sərbəst buraxıb: "Heç dindar da deyiləm. Saçlarım tökülməyə başlayandan sonra gur saqqal saxlamışdım. Dəb kimi".

Xatlon vilayətindəki pasport idarəsinin əməkdaşı isə adının açıqlanmaması şərti ilə AzadlıqRadiosuna deyib ki, saqqallı ərizəçilərə sənədlərini almazdan əvvəl mütləq üzlərini qırxmaq tapşırılır.

"Hər bir belə hal qeydə alınır və adlar yuxarı instansiyalara göndərilir", – deyə o bildirib. Onun sözlərinə görə, bu məlumatlar kişilərin saqqalı və qadınların dini geyimi ilə bağlı aylıq hesabatlara salınır.

XS
SM
MD
LG