Keçid linkləri

2026, 03 İyul, cümə, Bakı vaxtı 20:49

Tacikistan Avstriyada sığınan 18 müxalif fəalın təhvil verilməsini tələb edir

Tacikistan prezidenti Emoməli Rəhmon
Tacikistan prezidenti Emoməli Rəhmon

Tacikistan Daxili İşlər Nazirliyi Avstriya hakimiyyətinə sorğu göndərərək, bu ölkədə sığınan 18 müxalif fəalın Düşənbəyə təhvil verilməsini istəyib. Nazirliyin məktubunda həmin şəxslərin vətənlərində ekstremizm də daxil olmaqla, müxtəlif ittihamlarla axtarışda olduğu bildirilir. Bu barədə AzadlıqRadiosunun tacik xidməti (Radio Ozodi) məlumat yayıb.

DİN-in müraciəti Avstriya Ədliyyə Nazirliyinə bu ilin aprelində daxil olub. "Radio Ozodi"nin xəbərinə görə, Vyana artıq ən azı üç nəfərlə bağlı ekstradisiya sorğusunu rədd edib.

İyunun 29-da Vyananın Cinayət Məhkəməsi 49 yaşlı Tacikistan vətəndaşı S.S.-nin Düşənbəyə təhvil verilməməsi barədə qərar çıxarıb. Adının açıqlanmasını istəməyən mənbə radioya bildirib ki, işin materiallarını araşdıran hakim qadının Tacikistana ekstradisiyasını qanunsuz hesab edib. Məlumata görə, həmin qadın qızlarından biri ilə Vyanada yaşayır. Tacikistan hakimiyyəti konstitusiya quruluşunu zorla dəyişdirməyə açıq çağırışlar ittihamı ilə ona cinayət işi açaraq, 2018-ci ildə barəsində axtarış elan edib.

"Siyasi qaçqının mitinqdə iştirakı Avstriyada cinayət sayılmır"

Bundan əvvəl, iyunun 24-də Vyananın Cinayət Məhkəməsi Tacikistanda qadağan olunmuş İslam İntibah Partiyasının (PİVT) üzvü Firdavs Şukurovun ekstradisiyası ilə bağlı sorğuya baxıb. Düşənbənin əsas arqumenti Şukurovun 2021-ci ildə Vyanada Tacikistan prezidentinə qarşı keçirilən etiraz aksiyasında iştirakı olub. Həmin vaxt Emoməli Rəhmon Fransa və Belçikada işgüzar səfərdə idi.

Vyanadakı "Tacikistanın Dirçəlişi Naminə Gənclər" təşkilatının rəhbəri Məhəmmədsabir Abdukaxxor "Radio Ozodi"yə açıqlamasında Şukurovun məhkəmə prosesində şəxsən iştirak etdiyini bildirib: "O, bir neçə ildir Avstriyada qaçqın olduğunu və icazəli aksiyada Emoməli Rəhmon əleyhinə plakat qaldırdığını vurğuladı. Hakim də təsdiqlədi ki, siyasi qaçqının qanuni mitinqdə iştirakı Avstriyada cinayət hesab olunmur".

Buna baxmayaraq, 2020-ci ildə Avstriya ölkədə qadağan olunmuş İslam İntibah Partiyasının bir üzvünü Tacikistana təhvil vermişdi. Vətəninə qaytarılan həmin şəxs 20 il müddətinə azadlıqdan məhrum edilib.

Artıq 10 ildən çoxdur ki, bir qrup Tacikistan vətəndaşı təqiblər və müxalif fəaliyyətlərinə görə Avropa ölkələrindən sığınacaq alır. Almaniya və Polşa da daxil olmaqla bəzi Avropa dövlətləri əvvəllər tacik qaçqınlarını deportasiya ediblər. Vətənlərinə qayıdan qaçqınların əksəriyyəti dərhal cinayət məsuliyyətinə cəlb olunub.

"Human Rights Watch" beynəlxalq hüquq müdafiə təşkilatı və digər qurumlar tacik fəalların deportasiyasına görə Avropa ölkələrini dəfələrlə tənqid ediblər. Hüquq müdafiəçiləri xəbərdarlıq edirlər ki, Tacikistanda müxalifət nümayəndələrini işgəncələr və uzunmüddətli həbs cəzaları gözləyir.

XS
SM
MD
LG