Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:17

Avropada on minlərlə insan irqçiliyə qarşı nümayişlərə çıxıb (VIDEO)


Londonda polis bir dizi üstə çökərək nümayişçilərlə həmrəyliyini bildirib
Londonda polis bir dizi üstə çökərək nümayişçilərlə həmrəyliyini bildirib

ABŞ-ın Minnesota ştatında prokurorlar irqi ədalət tələb edən etirazçıların əsas tələblərindən birini yerinə yetiriblər. Afrika mənşəli amerikalı George Floyd-un ölümü üzrə cinayət işi genişləndirilib, hadisə yerində olmuş daha üç polis əməkdaşı saxlanıb.

Ştatın Baş prokuroru Keith Ellison iyunun 3-də deyib ki, həmin üç polis əməkdaşı qətlə kömək və onu təhrik etməkdə ittiham olunur.

Bundan başqa, dizini Floyd-un boynuna sıxmış Derek Chauvin-ə qarşı ittihamlar üçüncü dərəcədən ikinciyə qaldırılıb. O, ikinci dərəcəli qətl və adamöldürmədə suçlanır. Bu ittihamda 40 ilədək həbs cəzası nəzərdə tutulub. Əvvəlki ittiham üzrə maksimum cəza 25 il idi.

Ellison yeni ittihamları elan edərkən Floyd-un ölümündən sonra başlanmış kütləvi etirazları “dramatik və vacib” adıandırıb, bu iş üzrə ədalətin təmin olunacağını bildirib.

ABŞ-da etirazlar gün ərzində əsasən dinc keçir. Ancaq bəzi şəhərlərdə zorakılıq, əmlakın dağıdılması, eləcə də polisin aşırı gücdən istifadə etməsi qeydə alınıb. Avtomobillər yandırılıb, şirkətlər talan edilir, pəncərələr sındırılır. Azı 12 nəfərin öldürüldüyü bildirilsə də, bu ölümlərin çoxunun baş verdiyi şərait aydın deyil. Xeyli sayda polis əməkdaşı və etirazçı xəsarət alıb. CNN 10 minədək etirazçının saxlandığını xəbər verir.

***

Birləşmiş Ştatlarda irqçiliyə qarşı keçirilən nümayişlərlə həmrəylik əlaməti olaraq Avropada on minlərlə insan şəhərlərin küçələrinə axışıb.

ABŞ-da silahsız qaradərili vətəndaşın polis qəddarlığı nəticəsində ölməsindən sonra ölkə boyunca yayılan etirazlar səkkizinci gündür ki, davam edir. Etirazçılar bir sıra şəhərlərdə elan edilmiş kommendant saatı rejiminə məhəl qoymurlar.

Londonda on minlərlə nümayişçi Hayd Parka doğru yürüş edib. Onlar mayın 25-də ABŞ-ın Minneapolis şəhərində həbs edildikdən az sonra keçinmiş afroamerikalı George Floyd-un ölümünə etiraz bildirirdilər.

Nümayişçilər daha sonra iqrqçiliyə qarşı müxtəlif şüarlar səsləndirə-səsləndirə Parlament meydanına yürüş ediblər. Burada onlar bir dizi üstdə çökərək Amerika futbolçusu Colin Kaepernick-in qaralara qarşı zorakılığa etiraz jestini təkrarlayıblar.

Londonda keçirilən yürüşdən az əvvəl Parisdə etirazçıların dağıdılması üçün gözyaşardıcı qazdan istifadə edilib.

Paris nümayişçiləri 2016-cı ildə polis əməliyyatı zamanı həlak olmuş qaradərilinin xatirəsini yad edirdilər.

Niderlandın Rotterdam şəhərində polis koronavirus pandemiyası ilə bağlı fiziki məsafə qaydasını gözləmədiklərinə görə bir neçə min etirazçıya dağılışmağı əmr edib.

Kommendant saatına məhəl qoyulmur

ABŞ-ın özündə isə iyunun 2-də axşam keçirilmiş yürüşlər əsasən dinc olub.

Vaşinqtopnda polis kommendant saatını pozan etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Bundan bir gün əvvəl etirazçılara qarşı sərt tədbirlərə görə yaranmış hiddətin ardınca şəhərin küçələrində zirehli texnika, qoşun hissələri və polis qüvvələri yerləşdirilib.

Nyu York şəhərində də etirazçılar axşam saat 8-dən başlanan kommendant saatına məhəl qoymayıblar. Polisin bəzi adamları həbs etdiyi, orda-burda qarətlərin və mülkiyyətə ziyan vurulmasının olduğu xəbər verilir.

ABŞ müdafiə nazirliyi Vaşinqtonun ətrafına 1600-dək hərbçi göndərib
Gözlə

No media source currently available

0:00 0:02:06 0:00

Müdafiə naziri qoşundan istifadəyə qarşıdır

ABŞ müdafiə naziri Mark Esper iyunun 3-də keçirdiyi brifinqdə deyib ki, o dinc etirazlara qarşı deyil, çünki o da George Floyd-un öldürülməsini “ağır cinayət” hesab edir.

Esper bunu da bildirib ki, o prezidentə etirazların dağıdılması üçün qoşunların yeridilməsi səlahiyyəti verən qanunun hərəkətə gətirilməsinə qarşıdır.

Nazirin fikrincə, bu qanundan “yalnız ən son vasitə kimi və son dərəcə fövqəladə vəziyyətlərdə” istifadə oluna bilər.

Esper deyib ki, “biz hələki belə bir vəziyyətdə deyilik”.

Nazir habelə etirazlarlın olduğu yerləri “döyüş meydanı” adlandırdığına görə peşmançılıq hissi keçirdiyini deyib.

Bundan bir gün əvvəl prezident Trump ştat qubernatorları üzərinə təzyiqləri artıraraq onları etirazçılara qarşı Milli Qvardiyanı yeritməyə çağırmışdı.

O demişdi ki, əgər qubernatorlar bunu etməsələr, onun özü etirazçılara qarşı hərbi hərəkətə keçəcək.

Roma papası da danışıb

Avropadan ABŞ-da milli barışığa və zorakılığa son qoyulmasına çağırışlar edilir.

İyunun 3-də Roma papası Francis deyib ki, heç kim “irqçiliyə və ayrı-seçkiçiliyə göz yummamalıdır”.

Roma papası eyni zamanda “özünüməhvə” yönəlmiş zorakılıqları pisləyib.

Vatikanda çıxış edən Francis Floyd-un ölümünü “faciəli” adlandırıb və deyib ki, o Floyd və onun kimi “iqrqçilik günahına” qurban gedənlər üçün dualar edir.

Trudeau-nu 21 saniyə duruxduran sual

Kanadanın baş naziri Justin Trudeau iyunun 2-də baş verənlərlə bağlı hiddətini bildirib və Amerikanı “özünü ələ almağa” çağırıb.

Ölkəsinin ixracatının 75 faizinin ABŞ-a getməsi səbəbindən adətən Trump-ı tənqid etməkdən çəkinən Trudeau onun etirazçılara qarşı hərbi gücdən istifadə etmək hədəsi barədə suala cavab verərkən təxminən 21 saniyə duruxaraq qalıb, lakin deyib:

“Biz hamımız Birləşmiş Ştatlarda baş verən dəhşət və hiddəti müşahidə edirik. Adamların bir araya gəlməsi çox mühümdür”.

11 nəfər ölüb, minlərlə insan həbs olunub

ABŞ-da davam edən etirazların gedişində 11 nəfərin polis, qarətçilər və ya naməlum hücum edənlər tərəfindən öldürüldüyü xəbər verilib.

Aksiyalar zamanı onlarca insan xəsarət alıb. Polis Los Ancelesdə 2500, Nyu Yorkda 2000 nəfər də daxil minlərlə etirazçını həbs edib.

Las Veqasda iyunun 1-də güllə yarası alan polisin vəziyyəti ağır olaraq qalır. Həmin gecə başqa şəhərlərdə də yaralanan polislər olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG