Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 04:14

Anar Məmmədli: 'Deməzdim ki, AŞPA-nın hesabatları kəskin, barışmazdır'


Anar Məmmədli

«Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq və Hüquq komitələrinin hazırladığı, müzakirəyə çıxarılacaq hesabatlarla tanışam. Deməzdim ki, kəskin, barışmaz hesabatlardır. Ancaq hər halda, mövcud reallıqları orda maksimum şəkildə göstərməyə çalışıblar. Yəni istər siyasi məhbuslar məsələsi olsun, istərsə də insan hüquqlarının pozulması ilə bağlı hallar, xüsusilə də siyasi azadlıqlar məsələsi hər iki hesabatda öz əksini tapıb», – Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli Azərbaycanla bağlı hazırlanmış, oktyabrın 11-də AŞPA-nın payız sessiyasında müzakirəyə çıxarılacaq hesabatlardan danışarkən belə deyir.

Hesabatlardan birini Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə məruzəçiləri Stefan SchennachCezar Preda hazırlayıblar. Həmin sənəd Azərbaycanda birmənalı qarşılanmayıb. Hüquq müdafiəçiləri arasında onu «yumşaq» adlandıran, problemlərə ötəri toxunulduğunu deyənlər də var. Hakimiyyət təmsilçiləri isə orda ancaq tənqidlərin yer aldığını irad tuturlar.

ARİF YUNUS: «YUMŞAQ HESABATDIR»

«Bu hesabat, yumşaq desək, reallıqdan xeyli uzaqdır. Hesabatda bir çox məsələlərə fikir verilməyib, yaxud ötəri toxunulub», – Sülh və Demokratiya İnstitutunun əməkdaşı, konfliktoloq Arif Yunus belə deyir:

***Buna da bax-Avropa Şurası Parlament Assambleyasına yeni prezident seçildi

«Məsələn, orda Səid Dadaşbəylinin adı çəkilsə də, onunla bir yerdə tutulan 9 nəfərdən söhbət getmir. Belə çıxır ki, bir nəfərin – Səid Dadaşbəylinin azadlığa çıxmasını istəyirlər. Bəs yerdə qalan 9 nəfərin taleyi necə olacaq?».

Qurum hələ ötən ay, hesabatla tanışlıqdan az sonra onun müəlliflərindən biri – rumıniyalı C.Preda-nın məruzəçilikdən uzaqlaşdırılması ilə bağlı bəyanat yaymış, belə bir sənədin ortaya çıxması «kürü diplomatiyası»nın davam etməsi kimi izah olunmuşdu.

A.Yunus iddia edir ki, hesabatın «yumşaq» alınmasının səbəbkarı məhz C.Preda-dır:

«Preda özünü ikinci Pedro Agramunt (AŞPA-nın korrupsiya qalmaqalında adı hallanan, ötən həftə istefa vermiş prezidenti – A.R.) kimi aparır. O, hesabatda Azərbaycana qarşı tənqidlərin yumşaq olmasından ötrü təsir göstərirdi. Agramunt kimi bir başağrısından qurtardıq, rumıniyalı Preda adlı başağrısına düşdük».

Arif Yunus
Arif Yunus

A.Yunusun sözlərinə görə, digər məruzəçi S.Schennach hüquq müdafiəçiləri ilə əlaqə yaradaraq problemləri müzakirə etsə də, ikinci məruzəçi buna cəhd də göstərməyib. O, Preda-nı ancaq hakimiyyət rəsmiləri ilə görüşməkdə suçlayır:

«Biz yalnız bir şeyi bilirik, avstriyalı məruzəçiyə suallar verəndə o, açıq deyirdi: «Mən tək deyiləm, mən məcburam kompromisə gedim». Avropa Şurasının qaydalarına görə, sənədi hazırlayan iki nəfərdirsə, hər ikisinin razılığı, imzası olmalıdır, o birinin razılığı, qolu olmadan sənəd qəbul edilməyəcək».

Məruzəçi C.Preda-nın bu deyilənlərə münasibətini almaq hələlik mümkün olmayıb.

***Buna da bax-Azərbaycan Avropa Şurasından qovulur, ya özü çıxır?

«VƏZİYYƏT DƏYİŞİB»

Bununla belə, Azərbaycanda hüquq müdafiəçiləri ümidsiz deyillər. Onlar Pedro Agramunt-un istefasından sonra Avropa Şurası Parlament Assambleyasında «yeni mərhələ»nin başlanacağını güman edirlər. A.Yunus deyir ki, artıq 2013-cü il deyil.

2013-cü ilin yanvarında AŞPA alman deputat Christoph Strässer-in hazırladığı hesabatı rədd etmişdi. Həmin sənəd Azərbaycanda insan haqları pozuntularını pisləyir, hakimiyyəti siyasi məhbusları azadlığa buraxmağa çağırırdı.

SMİDT rəhbəri Anar Məmmədli də sözügedən hesabatın müzakirəsi zamanı Azərbaycanda təməl insan hüquq və azadlıqlarının pozulması ilə bağlı tənqidlərin səslənəcəyini, bu tənqidlərin qəbul ediləcək qətnamədə əksini tapacağını düşünür.

«Şəxsən mənim üçün bu müzakirələrin necə keçəcəyi təxminən bəllidir. Azərbaycanda mövcud siyasi reallığı tənqid edən, onu əks etdirən qətnamənin ortaya çıxacağını güman edirəm. Təbii ki, hökumət bunu tənqidi hesab edəcək. Hakimiyyət insan haqları sahəsində problemlər olduğunu bütün beynəlxalq platformalarda inkar etməyə çalışır. Ancaq bütün hallarda sənədlər açıqlanıb, komitələr ona rəy veriblər, sadəcə, müzakirələrdən sonra o ratifikasiya ediləcək», – SMDT rəhbəri deyir.

Avropa Şurası
Avropa Şurası

«OLA BİLSİN, HAKİMİYYƏT KOMPROMİSƏ GETSİN»

Arif Yunus dörd il öncə Azərbaycan hakimiyyətinin «daha aqressiv» olduğunu düşünür:

«Əvvəla, onda neftin qiyməti həddən artıq baha idi, bir barreli 100 dollar idi. Hakimiyyət də özünü qeyri-adekvat aparırdı. Hətta bir dəfə Səməd Seyidov AŞPA-da dedi ki, «siz bizə yox, biz sizə lazımıq». Əslində, siyasətçi bunu deməməlidir. Açıq şəkildə deyirdi: «Bizim neftimiz lazımdır? Onda nefti al, amma demokratiyadan danışma». Təzyiq etdilər və Strässer -in məruzəsi qəbul edilmədi və ondan sonra ölkədə həbslər başladı, vətəndaş cəmiyyəti dağıdıldı. Amma indi vəziyyət dəyişib. Artıq avropalılar İlqar Məmmədovun məsələsini tələb edirlər, onun buraxılmamasına reaksiya kəskindir. Bu məsələdə hakimiyyətə təzyiqlər böyükdür. Ola bilsin, tərəflər arasında danışıqlar başlasın. Hakimiyyət kompromisə getsin».

***Buna da bax-S.Seyidov: 'Bizdə sual doğur ki, nəyə görə AŞPA-dayıq?'

Bir qədər öncə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AzadlıqRadiosuna müsahibəsində hakimiyyətin ünvanına səslənən ittihamlarla bağlı belə söyləmişdi:

«Tez-tez deyirlər ki, Azərbaycan «kürü diplomatiyası»ndan istifadə edərək, Avropa Şurasını, Avropa Parlamentini, dünyanı ələ alıb. Biz ki belə qabiliyyətliyik, hamını ələ almışıq, onda bütün dünya mediası niyə bizdən yazır? Avropa Şurasını ələ almışıqsa, niyə oktyabrda Avropa Şurasında Azərbaycanla bağlı iki məruzə müzakirəyə çıxarılacaq? Özü də məruzələrin ikisi də tənqidi xarakter daşıyır. O zaman niyə bu cür tənqidi məruzələr ortaya çıxır? Məndə sual yaranır, Ermənistanda və ya başqa postsovet ölkələrində vəziyyət heç də yaxşı olmadığı halda niyə onlarla bağlı Avropa Şurasında «bəh-bəh» deyilir, Azərbaycan isə tənqid atəşinə tutulur? O ki qaldı insan azadlığına, demokratik dəyərlərə, Azərbaycan bu istiqamətdə Avropa Şurası, Avropa Parlamenti ilə əməkdaşlıq edir. Problem yarandıqda biz bunun müzakirəsindən qaçmamışıq».

S.Seyidov başqa bir müsahibəsində isə «Azərbaycanın Avropa Şurasından uzaqlaşdırılması ilə dünya dağılmayacaq. Problem Azərbaycan üçün yox, Avropa Şurası üçün olacaq»,- demişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG