Dünya xəbərləri
Avropa Şurası Parlament Assambleyasına yeni prezident seçildi
Avropa Şurası Parlament Assambleyasına yeni prezident seçildi.
Quruma 6 ay Avropa Xalq Partiyası qrupunun kiprli təmsilçisi Stella Kyriakides sədrlik edəcək.
O, 216 deputatın iştirak etdiyi səsvermədə 132, digər litvalı namizəd Emanuelis Zingeris isə 84 səs toplayıb.
Dünən keçirilən birinci və ikinci turda yetərsəs olmadığından yeni prezidenti seçmək mümkün olmadı.
Avropa Şurası Parlament Assambleyasına prezidentlər hər 6 aydan bir seçilir.
Əvvəlki prezident Pedro Agramunt oktyabrın 6-da istefa verib. Onun səlahiyyət müddəti 2018-ci ilin yanvarında başa çatırdı.
Bu ilin martında Rusiya nümayəndə heyətinin tərkibində Suriyaya səfəri və prezident Bashar al-Assad-la görüşü ona qarşı etimadsızlığa səbəb olmuşdu.
Buna da bax: S.Seyidov: 'Bizdə sual doğur ki, nəyə görə AŞPA-dayıq'?
Bütün xəbərləri izləyin
Rekord istilər vaxtı Avropada 10 mindən çox insan ölüb
Rəsmi məlumatlara əsasən, iyunun sonlarında Qərbi Avropanı bürüyən rekord istilik dalğası zamanı Avropa ölkələrində 10 mindən çox əlavə ölüm qeydə alınıb.
EuroMOMO şəbəkəsinin məlumatlarına görə, ölənlərin 9 mindən çoxunun yaşı 65 və yuxarı olub. Bu şəbəkəni Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti üzrə Avropa Mərkəzi (ECDC) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dəstəkləyir.
Aşırı istilik ölümə səbəb ola, ürək-damar və tənəffüs sistemi xəstəliklərini ağırlaşdıra bilər. Yaşlı insanlar bu baxımdan ən həssas qruplardan sayılır.
"İlin bu dövründə belə yüksək əlavə ölüm hallarının qeydə alınması qeyri-adidir. Bu, gerçəkdən çox yüksək göstəricidir. Bu qədər yüksək əlavə ölüm hallarını ekstremal istidən başqa hər hansı amillə izah etmək çətindir", – bunu “Reuters”ə Danimarkanın “Statens Serum” İnstitutunun baş həkimi və EuroMOMO layihəsinin rəhbərlərindən biri Lasse Vesterqard deyib.
Alimlərə görə, iyunun sonundakı istilik dalğası insan fəaliyyətinin doğurduğu iqlim dəyişikliyi olmasaydı, "praktiki mümkün olmazdı". Onların fikrincə, qlobal istiləşmədən dolayı istilik dalğaları daha tez-tez və daha güclü baş verir.
Statistikaya istilik dalğasının Fransa, İspaniya, Böyük Britaniya və digər ölkələrdə pik həddə çatdığı 22-28 iyun həftəsi daxildir. İyunun sonundakı ekstremal istilər elektrik enerjisi təchizatında fasilələrə, məktəblərin bağlanmasına səbəb olub, Fransa, İspaniya ilə Böyük Britaniyada temperaturda yeni rekordlar qeydə alınıb.
Neft bahalanır, səhmlər ucuzlaşır
Bazar ertəsi – iyulun 13-də Asiya birjalarında səhmlər ucuzlaşıb. Buna Fars körfəzində döyüşlərin şiddətlənməsi, İranın strateji əhəmiyyətli Hörmüz boğazını bağladığını bəyan etməsi səbəb olub. Neft kəskin bahalanıb, dünyada inflyasiya riskləri yenidən artıb.
Brent markalı neftin qiyməti 4,3 faiz artaraq bir barel üçün 79,31 dollara yüksəlib. Bu, son minimum 70,14 dollar həddindən xeyli yüksəkdir. ABŞ-nin WTI markalı nefti isə 4,4 faiz bahalaşaraq 74,62 dollara çatıb.
ABŞ rəsmiləri bildiriblər ki, son 24 saat ərzində təxminən 20 gəmi Hörmüz boğazından hərbi müşayiətlə keçirilib. Amma gəmi izləmə sistemlərinin məlumatları boğazda hərəkətin hələ də çox zəif olduğunu göstərir.
“Reuters” yazır ki, səhm investorları əsas diqqəti maliyyə hesabatları mövsümünə yönəldib. Xüsusilə süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlərdən rekord mənfəət gözlənilir. Böyük banklar sabahdan – iyulun 14-dən hesabat açıqlamağa başlayacaq. Həftə ərzində Netflix və General Electric də maliyyə hesabatlarını dərc edəcək.
ABŞ-ın S&P 500 indeksinin fyuçersləri 0,6 faiz, Nasdaq fyuçersləri isə 1,3 faiz ucuzlaşıb.
Avropada EURO STOXX 50 fyuçersləri 0,9 faiz, Almaniyanın DAX fyuçersləri 1 faiz, Böyük Britaniyanın FTSE fyuçersləri isə 0,3 faiz geriləyib.
Yaponiyanın Nikkei indeksi 2,2 faiz enib. İndeks ötən həftə də 1,7 faiz itirmişdi.
MSCI-nin Yaponiya istisna olmaqla Asiya-Sakit okean regionunu əhatələyən əsas indeksi isə 1,8 faiz düşüb.
Moskva vilayətinə dron hücumlarından 3 nəfər ölüb, 5 nəfər yaralanıb
Moskva vilayətinə dron hücumlarından 3 nəfər ölüb, 5 nəfər yaralanıb. Bu, Ukraynanın Rusiyanın intensiv raket və dron hücumlarına cavab olaraq zərbələrini gücləndirməsi fonunda baş verir.
Ukrayna Rusiya ərazisinə, xüsusilə də enerji infrastrukturuna zərbələr endirir. Kiyev bunu Moskvanın Ukraynaya qarşı beşinci ildir davam edən hücumlarına ədalətli cavab kimi qiymətləndirir.
"Moskva vilayətinin İstra şəhər dairəsinin Pionerski qəsəbəsinə dronun düşməsi nəticəsində üç nəfər həlak olub, üç nəfər yaralanıb", – vilayət qubernatoru Andrey Vorobyov iyulun 13-də Telegram-da yazıb.
Onun sözlərinə görə, vilayətin başqa bir hissəsində daha iki nəfər yaralanıb.
Vorobyov bildirib ki, hava hücumundan müdafiə qüvvələri Moskva vilayəti üzərində 81 dronu vurub.
Rusiyanın cənubundakı Stavropol diyarına dron hücumu sənaye zonasında yanğına səbəb olub. Bu barədə regionun qubernatoru Vladimir Vladimirov Telegram-da yazıb.
Ukraynanın müttəfiqləri iyulun 13-də Parisdə bir araya gələrək Rusiyaya müharibəni dayandırması üçün təzyiqin artırılmasını müzakirə edəcəklər.
ABŞ-nin rəhbərlik etdiyi diplomatik səylər son aylar dalana dirənib. Buna səbəb Vaşinqtonun diqqətini İranla qarşıdurmaya yönəltməsi olub.
Senator Qrem 71 yaşında vəfat edib
ABŞ senatoru, Respublikaçılar Partiyasının xarici siyasətdə ən təsirli simalarından olan Lindsi Qrem iyulun 11-də 71 yaşında vəfat edib. Qrem Ukraynanın Konqresdə əsas müdafiəçilərindən, İrana qarşı sərt siyasi xəttin əsas tərəfdarlarından biri kimi tanınırdı.
2022-ci ildə Rusiya Ukraynaya işğalçı müharibəyə başlayandan sonra o, Kiyevin Vaşinqtondakı ən yaxın müttəfiqlərin biri olmaqla bərabər ABŞ administrasiyalarına Ukraynaya yardım, eləcə də Moskvaya sərt sanksiyalar tətbiq etməsi üçün təzyiqlər edib. Qremin ölümü Kiyevə səfərindən saatlar sonra baş verib. Burada o, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb, Rusiyaya qarşı hər iki partiyanın irəli sürdüyü sərt sanksiya paketini Ağ Evin dəstəklədiyini açıqlayıb.
Qremin elan etdiyi paketin həmmüəlliflərindən biri Demokrat senator Riçard Blumental olub. Onların hazırladığı sanksiyalar Rusiyadan qaz və neft almağa davam edən ölkələri hədəfə almalıydı. Qrem isə deyirdi ki, bu sanksiyalar Vaşinqtona Rusiyanı danışıqlara cəlb etmək məsələsində əlavə rıçaqlar qazandıracaq.
Ukrayna rəsmiləri Qremi ölkələrinin ən yaxın dostu adlandırsalar da Rusiya onun bəyanatları dəfələrlə təkzib edib. Bundan başqa Rusiya Qremə onun 2023-cü ildə Ukraynaya səfərindən sonra cinayət işi açıb.
Onilliklər ərzində Qrem Senatda İsrailin sərt tərəfdarı və İranın əsas tənqdiçilərindən biri olub. 2015-ci ildə İranla nüvə məsələsi ilə bağlı əldə olunan Vyana razılaşmasının əleyhdarı olan Qrem Tramp administrasiyasının “Tehrana maksimum təzyiq” siyasətini dəstəkləyib. O həmçinin ABŞ-nin İranın nüvə silahının inkişafına əngəl yaratmaq üçün hərbi gücdən istifadə etməsinin tərəfdarlarından sayılıb.
Amerikalı senator Azərbaycanla bağlı passiv mövqe tutsa da Türkiyəyə qarşı ziddiyyətli baxışları ilə seçilib. O, Türkiyəni NATO üçün önəmli sayıb, amma onun F-35 proqramından çıxarılmasına səbəb olan CAATSA qanununun Ankaraya tətbiqinin tərəfdarı olub. Senator 2019-cu ildə Senatda erməni soyqırımı ilə bağlı sənədin keçməsini əngəlləyib. O, iyulun əvvəllərində NATO-nun Ankara sammitinə qatılıb, yerli mediaya Türkiyənin F-35 proqramına dönəcəyinə ümidli olduğunu söyləyib.
Düşənbədə yarım ildə 93 falçı aşkarlanıb – 11 müştəri də cərimələnib
Düşənbə polisi 2026-cı ilin ilk yarısında 93 falçılıq faktı aşkar edib. Bildirilir ki, əvvəllər cadugərliyə görə cərimələnən, amma yenidən bu işə qayıdan beş nəfərə qarşı cinayət işi açılıb. Bundan əlavə, falçıya müraciət edən 11 nəfər də inzibati qaydada cərimələnib.
Polis vətəndaşları bu mənfi halın qarşısını almağa, falçılardan uzaq durmağa və hüquq-mühafizə orqanlarına kömək etməyə çağırıb.
Tacikistanda falçılıq və cadugərlik qanunla qadağandır. Bu fəaliyyətə görə inzibati cərimə hələ 2008-ci ildə tətbiq edilib. Qanuna görə, sehrbazlıqla məşğul olan şəxslər 7.8 min somoni (843 dollar) cərimə və ya 15 günədək həbs cəzası ilə üzləşə bilərlər.
Bu xətanı təkrar törədənləri artıq cinayət məsuliyyəti — 150 min somoniyədək (16 min dollar) cərimə, yaxud 1 ildən 2 ilədək həbs gözləyir.
Fevralın sonunda Tacikistan DİN falçı və cadugərlərin insanları terrora sürüklədiyini əsas gətirərək onlar üçün xüsusi baza yaradıldığını elan edib. Nazirliyin statistikasına görə, 2026-cı ilin əvvəlinə ölkədə 5 mindən çox cadugər, falçı və dini təhsili olmayan (qeyri-rəsmi) molla qeydiyyata alınıb.
Avropada rekord istilər: Ölənlərin sayı 1300-ü keçdi
İyunun 21-dən bəri Avropada yüksək istilər səbəbindən normadan artıq 1300-dən çox ölüm qeydə alınıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesus məlumat verib.
ÜST rəhbərinin sözlərinə görə, hazırda Avropada təxminən 150 milyon insan ekstremal isti hava şəraitində yaşayır. O vurğulayıb ki, qitədə evlər, iş yerləri və məktəblər bu cür yüksək temperatur nəzərə alınmadan inşa edilib, halbuki anomal istilər artıq, demək olar ki, hər il təkrarlanır.
"Avropa Yer kürəsində ən sürətlə istiləşən qitədir - burada temperatur qlobal ortalamadan iki dəfə daha sürətlə artır", – Qebreyesus bildirib. O, Avropa ölkələrini anomal istilər zamanı sağlamlığın qorunması üçün fəaliyyət planlarını aktiv tətbiq etməyə çağırıb.
Fransa Milli İctimai Səhiyyə Agentliyi isə əvvəlki açıqlamasında bildirib ki, təkcə bu ölkədə istilər səbəbindən 1000 izafi ölüm qeydə alınıb. Ölənlərin əksəriyyəti (85 faizi) 65 və daha yuxarı yaşda olan şəxslərdir. Qocalar evləri və ixtisaslaşdırılmış müəssisələrdən əlavə məlumatlar daxil olduqca, ölüm sayının daha da artacağı gözlənilir.
İyun ayında Avropanı bürüyən anomal isti dalğası əvvəlcə Qərbi Avropaya təsir göstərib, hazırda isə şərqə – Almaniya, Çexiya və Polşaya doğru irəliləyir. Belarusda artıq "qırmızı" təhlükə səviyyəsi elan olunub: bu gün ölkədə havanın temperaturunun şimal-şərqdə +29, cənub-qərbdə isə +39 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır.
Aİ Rusiyaya sanksiyaları ilk dəfə 1 illiyə uzatdı - 21-ci paket gözlənilir
Avropa İttifaqı (Aİ) Şurası Rusiyaya qarşı iqtisadi sanksiyaların qüvvədə olma müddətini 31 iyul 2027-ci ilə qədər uzadıb. Şuradan verilən açıqlamada bildirilib ki, Moskva beynəlxalq hüququ pozmaqda davam etdiyi müddətcə bu məhdudiyyətlər qüvvədə qalacaq. Brüssel həmçinin ehtiyac yaranarsa, əlavə məhdudlaşdırıcı tədbirlər görməyə hazır olduğunu vurğulayıb.
Hazırkı sanksiyalar ticarət, maliyyə, energetika və ikili təyinatlı mallar sahələrini əhatə edir. Bura Rusiyadan dəniz yolu ilə neft və neft məhsullarının idxalına qadağa, Rusiya banklarına və kriptovaluta xidmətlərinə qarşı məhdudiyyətlər, eləcə də Rusiyanın bir sıra dövlət media qurumlarının Aİ-də yayımının dayandırılması daxildir.
Aİ Rusiyaya qarşı iqtisadi sanksiyaları ilk dəfə 2014-cü ildə Krımın ilhaqından sonra tətbiq edib. 2022-ci ilin fevralında genişmiqyaslı müharibənin başlaması ilə bu məhdudiyyətlər daha da sərtləşdirilib. Bundan əlavə, ittifaq fiziki və hüquqi şəxslərə qarşı fərdi sanksiyalar tətbiq etməklə yanaşı, Krım və Ukraynanın işğal altındakı digər ərazilərinə qarşı iqtisadi məhdudiyyətləri də qüvvədə saxlayır.
Aİ liderləri həmçinin 21-ci sanksiya paketinin tezliklə razılaşdırılmasına çağırıb. Bu paketin Rusiyanın enerji ixracından əldə etdiyi gəlirləri daha da azaltmağa, kölgə donanması ilə mübarizəni gücləndirməyə və Rusiya bank sisteminə təzyiqi artırmağa yönələcəyi gözlənilir.
Eyni zamanda, Ukraynaya dəstəyini bir daha təsdiqləyən Aİ Kiyevə hərbi, maliyyə və humanitar sahələr başda olmaqla, bütün istiqamətlərdə yardımı davam etdirməyə hazır olduğunu bildirib.
Aİ ombudsmanı Zelenski ilə qapalı yazışmalara görə fon der Lyayeni araşdırır
Avropa İttifaqının (Aİ) ombudsmanı Tereza Anyinyu Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə qarşı rəsmi araşdırmaya başlayıb. Araşdırmaya səbəb Komissiyanın Ukrayna prezidenti Volodimir Zelenski və digər Avropa liderlərinin daxil olduğu qapalı çatdakı yazışmalara çıxış icazəsi verməkdən imtina etməsidir. Bu barədə "Berliner Zeitung" məlumat yayıb.
Həmin qapalı qrupda Almaniya kansleri Fridrix Merts, Fransa prezidenti Emmanuel Makron, İtaliyanın baş naziri Corca Meloni və Böyük Britaniyanın baş naziri Kir Starmer də yer alıb.
Araşdırma yazışmaların məzmunu ilə deyil, Avropa Komissiyasının həmin mesajları açmaqdan imtina etməklə şəffaflıq qaydalarını mümkün şəkildə pozması ilə bağlıdır.
Çatın mövcudluğu bu ilin yanvarında məlum olub. Bundan sonra Niderlandın "Follow the Money" araşdırmaçı nəşri yazışmalara çıxış tələb etsə də, rədd cavabı alıb. Avropa Komissiyası materialların dərcinin Aİ-nin üçüncü ölkələrlə beynəlxalq münasibətlərinə zərər vura biləcəyini bildirib. KİV-in məlumatına görə, yazışmalarda digər məsələlərlə yanaşı, Avropa liderlərinin ABŞ prezidenti Donald Trampla qarşılıqlı fəaliyyəti də müzakirə olunub.
Araşdırmanın bir neçə ay davam edəcəyi gözlənilir. İyulun ortalarınadək Avropa Komissiyasının nümayəndələri işin detallarını müzakirə etmək üçün Avropa ombudsmanının ofisi ilə görüşməlidirlər.
Qara dənizdə mülki gəmilərə hücum olub, ölən və yaralananlar var
Rusiya qüvvələri Qara dənizdə Panama, həmçinin Sent-Kits və Nevis bayraqları altında üzən mülki gəmilərə hücum edib. Bu barədə Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper məlumat verib.
Onun sözlərinə görə, gəmilərdən birinə hücum nəticəsində ekipaj üzvlərindən biri həlak olub, daha iki nəfər yaralanıb. Digər gəmidə isə üç ekipaj üzvü xəsarət alıb.
"Hazırda gəmilər hərəkətlərini bərpa ediblər. Liman infrastrukturu təhlükəsizlik vəziyyəti nəzərə alınmaqla fəaliyyətini davam etdirir", – Kiper "Telegram" kanalında yazıb.
Ukraynanın Sumı, Xarkov və Dnepropetrovsk vilayətləri də hücumlara məruz qalıb.
Sumı vilayətində iki nəfər həlak olub. Sumı icmasında idarəolunan aviasiya bombasının zərbəsindən 64 yaşlı kişi ölüb. Dubovyazovka icmasına raket hücumu zamanı bir qadın həlak olub, 63 yaşlı başqa bir qadın yaralanıb. Polisin məlumatına görə, Bilopolye icmasında 19 yaşlı qız xəsarət alıb.
Rusiya hərbçiləri Xarkov şəhərinə və vilayətə də zərbələr endirib. Son məlumata görə, dördü uşaq olmaqla 10 nəfər yaralanıb. Hücum idarəolunan aviasiya bombaları ilə həyata keçirilib. Hadisə nəticəsində 40 fərdi yaşayış evinə və bir anbara ziyan dəyib.
Pavloqradda iki fərdi yaşayış evində yanğın baş verib, 8 yaşlı qız həlak olub, 49 yaşlı qadın isə xəstəxanaya yerləşdirilib. Bunu Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleksandr Qanja bildirib.
Xersonda dronun marşrut avtobusuna hücumu nəticəsində dörd nəfər yaralanıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya gecə ərzində ölkəyə 90 pilotsuz uçuş aparatı ilə hücum edib. Onlardan 79-u zərərsizləşdirilib.
ABŞ-də B-52 strateji bombardmançısı qəzaya uğrayıb
İyunun 15-də ABŞ-nin Kaliforniya ştatının cənubunda "B-52 Stratofortress" strateji bombardmançı təyyarəsi qəzaya uğrayıb. Hadisə təyyarə Edvards Hərbi Hava Bazasından havaya qalxarkən baş verib. Təyyarə alovlanıb və səkkiz ekipaj üzvünün hamısı həlak olub.
B-52 nüvə silahı daşımaq qabiliyyətinə malik ağır, uzaqmənzilli strateji bombardmançıdır. Bu tip təyyarələr ilk dəfə ABŞ Hərbi Hava Qüvvələrinin arsenalına 1950-ci illərdə daxil edilib. Bir neçə B-52 bombardmançısı İrana qarşı son hərbi kampaniyada iştirak edib.
Səkkizmühərrikli reaktiv təyyarə növbəti sınaq uçuşu həyata keçirirdi.
ABŞ Hərbi Hava Qüvvələrinin polkovniki Ceyms Heyz hadisədən bir neçə saat sonra bildirib ki, təyyarə havaya qalxdıqdan dərhal sonra uçuş-eniş zolağının yaxınlığında yerə çırpılıb. Onun sözlərinə görə, bu uçuş radarların modernləşdirilməsi proqramına dəstək məqsədi daşıyırdı.
Qəzanın dəqiq səbəbi hələlik məlum deyil, araşdırma aparılır.
Putin ölkədən gedən rusiyalıların əmlakının müsadirəsinə icazə verdi
Rusiya prezidenti Vladimir Putin ölkəni tərk etmiş vətəndaşların Rusiyanın maraqlarına zidd fəaliyyətlərinə görə əmlaklarının müsadirəsinə imkan verən qanunu imzalayıb. Qanun sentyabrın 1-dən qüvvəyə minəcək.
Sənəd xaricdə yaşayan Rusiya vətəndaşlarının inzibati məsuliyyətə cəlb oluna biləcəyi maddələrin siyahısını genişləndirir. Rusiyanın maraqlarına qarşı yönəlmiş pozuntulara "xarici agentlər" haqqında qanunvericiliyin tələblərinin pozulması, KİV azadlığından sui-istifadə, terrorçu və ya ekstremist fəaliyyətə çağırışlar, Rusiyanın ərazi bütövlüyünün pozulmasına çağırışlar, ölkəyə qarşı sanksiyaların tətbiqi tələbləri, həmçinin Rusiya ordusunun nüfuzdan salınması daxildir.
Qanuna əsasən, xaricdə yaşayan Rusiya vətəndaşlarının əmlakı və bank hesabları təminat tədbiri kimi müsadirə oluna bilər. Həbs qoyulmuş əmlak cərimə ödənilənədək saxlanılacaq. Müsadirə olunan əmlakın dəyəri cərimənin məbləği ilə məhdudlaşmır və onu xeyli üstələyə bilər.
Qanun layihəsini Rusiya Dövlət Dumasına 2024-cü ilin oktyabrında Tatarıstan Dövlət Şurası təqdim edib. Sənəd 2025-ci ilin mayında birinci oxunuşda qəbul olunub. İkinci oxunuşadək layihə yenidən işlənib – mühacirlərin inzibati məsuliyyətə cəlb olunmasını nəzərdə tutan yeni bəndlər əlavə edilib.
Mayın sonunda Rusiya Dövlət Duması qanun layihəsini eyni gündə ikinci və üçüncü oxunuşlarda qəbul edib.
Pakistanın hava zərbələrindən Əfqanıstanda 14 nəfər həlak olub
İyunun 10-da Pakistanın Əfqanıstanın üç vilayətinə endirdiyi hava zərbələri nəticəsində 11-i uşaq olmaqla 14 nəfər həlak olub. Məlumatı Əfqanıstandakı Taliban hökuməti yayıb.
Talibanın sözçüsü Zəbiullah Mücahid bildirib ki, Kunar, Xost və Paktika vilayətlərində mülki evlər bombalanıb, 14 nəfər də yaralanıb – onların hamısı qadınlar və uşaqlardır.
Pakistan isə bildirib ki, Əfqanıstanla sərhədi boyunca "dəqiq hesablanmış" zərbələr ölkənin şimal-qərbində silahlı hücumların son vaxtlar artmasına cavab olaraq endirilib.
İslamabad Kabili Pakistan ərazisində hücumlar planlaşdıran silahlıları himayə etməkdə günahlandırır. Taliban 2021-ci ildə Əfqanıstanda hakimiyyətə qayıdandan sonra, xüsusilə 2022-ci ildən Pakistanda silahlı hücumların sayı dörd dəfə artıb.
Taliban bu ittihamları rədd edir və Pakistandakı silahlı fəaliyyətin ölkənin daxili problemi olduğunu bildirir.
Ukrayna Krıma aparan əsas körpünü yenə vurub
Ukraynanın Xerson vilayəti ilə Rusiyanın ilhaq etdiyi Krım yarımadasını birləşdirən Çonqar qəsəbəsi yaxınlığındakı körpü Ukrayna tərəfinin hücumu nəticəsində yenidən zədələnib. Bu barədə Rusiyanın Xerson vilayətinə rəhbər təyin etdiyi Vladimir Saldo məlumat verib. Hazırda körpüdə hərəkət dayandırılıb. Sürücülərə alternativ olaraq Armyansk və Perekop marşrutlarından istifadə etmək tövsiyə olunur.
Saldo körpünün dronlarla zədələndiyini bildirib. Onun sözlərinə görə, körpüyə yaxınlaşan 20-dən çox dron vurulub. Vilayət rəhbəri qeyd edib ki, hava hücumundan müdafiə qüvvələri və atəş qruplarının fəaliyyəti olmasaydı, nəticələr daha ağır ola bilərdi.
Ukrayna qüvvələri bu körpüyə sonuncu dəfə iyunun 7-nə keçən gecə hücum edib. Saldo iyunun 8-də gündüz saatlarında yazıb ki, körpüdə hərəkət əks istiqamətlər üzrə növbəli qaydada bərpa olunub və "maksimum qısa müddətdə" təmir işləri aparılacaq.
Çonqar boğazı üzərindəki körpü Krıma aparan əsas quru yollarından biri sayılır və Rusiya ordusunun təchizatında vacib rol oynayır.
Mayın sonunda Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bəyan etmişdi ki, işğal altındakı Berdyansk, Melitopol və Cankoy arasında yerləşən magistral yolun hissələri Ukrayna hərbi kəşfiyyatının "atəş nəzarəti" altındadır. İdarə Ukrayna dronlarının zərbələri nəticəsində yanan yanacaq daşıyan maşınların, yük avtomobillərinin və qoşquların görüntülərini yaymışdı. Bu hücumlar Krımda yanacaq çatışmazlığına səbəb olub. Yarımadanın özündə isə dron hücumları dəmiryol infrastrukturunu hədəfə alıb və nəticədə hərəkət müvəqqəti dayandırılıb.
"Krım.Realii" yazır ki, iyunun 9-na keçən gecə Krım və Sevastopol dron hücumlarına məruz qalıb. Krım yarımadasının bir sıra bölgələrində və "Kaça" hərbi aerodromu ərazisində güclü partlayışlar barədə məlumat verilib. Sevastopolda gecə ərzində üç dəfə hava həyəcanı elan olunub.
Ukrayna hərbi qurumları Çonqar körpüsünə və Krıma endirilən zərbələrlə bağlı hələlik şərh verməyib.
NATO qırıcıları ilk dəfə Latviya üzərində dron vurub
NATO qırıcıları ilk dəfə Latviyanın hava məkanına daxil olan dronu zərərsizləşdiriblər. Bu barədə iyunun 8-də səhər saatlarında Latviya hərbi rəsmiləri məlumat yayıb.
Baltik səmalarında NATO missiyası çərçivəsində növbə çəkən Fransa qırıcıları hava məkanını pozan dronu vurublar. Aparat Latviyanın şərqində məhv edilib.
Latviya KİV-lərinin yazdığına görə, dron Rusiyanın radioelektron mübarizə vasitələrindən istifadə etməsi nəticəsində ölkə ərazisinə daxil olub. Bu, böyük ehtimalla, Ukraynaya məxsus dronlardan getdiyini göstərir. Son vaxtlar Rusiyadakı hədəflərə qarşı buraxılan, amma sonradan Latviya ərazisinə daxil olan Ukrayna dronları ilə bağlı belə hadisələr mütəmadi baş verir. İlk dəfədir ki, belə bir dron vurulur.
İyunun əvvəlində Latviya ərazisinə daxil olan dronun vurulmaması hökumət böhranına səbəb olmuş, nəticədə hökumətin tərkibi və baş nazir dəyişmişdi.
"DELFI"nin məlumatına görə, iyunun 8-də səhər Ludza və Rezekne bölgələrinin sakinlərinə hava məkanında təhlükə ilə bağlı "narıncı" xəbərdarlıq göndərilib. Bu xəbərdarlıq insanların sığınacaq axtarmalı olduğunu bildirir. Daha sonra hakimiyyət orqanları təhlükənin aradan qalxdığını açıqlayıb.
Moldova da dron hadisəsi ilə bağlı məlumat verib
İyunun 8-nə keçən gecə Moldova hava məkanında pilotsuz uçuş aparatı (PUA) qeydə alınıb. Müdafiə Nazirliyinin məlumatına görə, havada partlayan dronun qalıqları ölkə ərazisinə düşüb. Ölən və ya yaralanan olmayıb.
Moldova Xarici İşlər Nazirliyi PUA-nın Ukrayna ordusuna məxsus ola biləcəyini açıqlayıb. Amma Kişinyov münaqişəni başladan tərəf kimi insidentə görə məsuliyyətin tam olaraq Rusiyanın üzərinə düşdüyünü vurğulayıb.
Ukrayna və Moldovanın Aİ danışıqlarında ilk fəsil açıldı
Avropa İttifaqına (Aİ) üzv olan bütün dövlətlər Ukrayna və Moldova ilə üzvlük danışıqlarının ilk mövzular bloku üzrə açılmasına razılıq verib. Bu barədə iyunun 4-də Ukrayna baş nazirinin birinci müavini – iqtisadiyyat naziri Yuliya Sviridenko məlumat verib.
"Fantastik xəbərdir. Aİ üzvlüyünə bir addım da yaxınlaşdıq və məqsədimizə doğru ardıcıl irəliləyirik", – deyə Sviridenko X sosial şəbəkəsində yazıb.
Aİ-yə sədrlik edən Kipr X platformasında bildiriş yayaraq hər iki ölkə ilə danışıqların ilk fəslinə hazırlıqların başladığını bəyan edib. Həmin fəsillər hüququn aliliyi və demokratik standartlar kimi fundamental sahələri əhatə edir. "Bu, onların Avropa inteqrasiyası yolunda mühüm mərhələdir, Aİ-nin birliyinə və qətiyyətinə dair güclü mesaj verir", – bəyanatda vurğulanıb.
Macarıstanın baş naziri Peter Madyar bundan əvvəl bildirib ki, Budapeşt ilə Kiyev arasında Ukraynadakı 100 min nəfərlik macar azlığının hüquqları ilə bağlı razılıq əldə olunub. Madyarın sözlərinə görə, Budapeştin Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləməsi üçün bu mübahisənin həlli vacib şərtdir.
Ukrayna və Moldova Kiyevlə Moskva arasında dörd ildir davam edən müharibə fonunda 27 üzvdən ibarət Avropa İttifaqına üzv olmağa çalışır.