Keçid linkləri

2026, 08 Aprel, çərşənbə, Bakı vaxtı 05:57

Avropa Məhkəməsinə görə, Azərbaycan Xədicə İsmayıla daha 12 min avro ödəməlidir

Xədicə İsmayıl
Xədicə İsmayıl

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) jurnalist Xədicə İsmayılın şikayəti əsasında Azərbaycan hökumətinin daha 12 min avro təzminat ödəməsinə qərar verib.

Bu barədə vəkil Fariz Namazlı məlumat yayıb.

AİHM bundan öncə - bu il yanvarın 27-də X.İsmayıla qarşı hüquq pozuntularına görə 16 min avro təzminat təyin etmişdi. Onda onun qanunsuz sahibkarlığa görə məhkum edilməsi ilə bağlı Konvensiyanın 7-ci (Qanunsuz cəzalandırılmamaq) maddəsinin pozuntusu tanınmışdı.

Bu dəfə isə məhkəmə jurnalistin Azərbaycandan çıxış hüququnun məhdudlaşdırılması barədə şikayətinə baxıb.

2016-cı ilin mayında Ali Məhkəmə X.İsmayıl barəsindəki həbs cəzası hökmünü şərti cəza ilə əvəz etmişdi. Azərbaycan qanunvericiliyində isə şərti cəzaya məhkum edilmiş şəxslərin ölkədən çıxış hüququnun məhdudlaşdırılması nəzərdə tutulur.

X.İsmayıl yerli məhkəməyə müraciət edərək bu qadağanın ləğv olunmasını xahiş edib. O qeyd edib ki, beynəlxalq konfranslara dəvətlər alır və belə tədbirlərdə iştirak araşdırmaçı-jurnalist kimi fəaliyyəti üçün vacibdir. Bundan əlavə, o, cərrahi əməliyyatla bağlı anasını Türkiyədə müşayiət etmək üçün icazə istəyərək tibbi sənədlər təqdim edib.

Lakin müdafiə tərəfinin açıqlamasına görə, yerli məhkəmələr müraciəti rədd edib. Vurğulanıb ki, ona Azərbaycandan çıxmağa icazə verilməsi hakimiyyət orqanlarının sınaq müddəti ərzində onun davranışına nəzarət etmək imkanlarını məhdudlaşdıra və islahına mane ola bilər. Bundan əlavə, məhkəmə bildirib ki, ərizəçinin ölkəyə qayıdacağına dair heç bir təminat yoxdur.

Xədicə evində. "Həbsxana adamı zənginləşdirir"
Gözlə

No media source currently available

0:00 0:07:01 0:00

F.Namazlının bildirməsinə görə, AİHM işə baxaraq bu qənaətə gəlib ki, şəxsin cinayət məsuliyyətinə cəlb olunması və hələ reabilitasiya edilməməsi onun ölkəni tərk etmək azadlığına məhdudiyyət qoyulmasını əsaslandırmaq üçün kifayət deyil.

Qərarda göstərilir ki, sözügedən işdə yerli məhkəmələr ərizəçinin xaricə səfər etmək hüququna qoyulmuş məhdudiyyətin proporsionallığını lazımi şəkildə qiymətləndirməyib və buna dair əsaslandırma təqdim etməyiblər.

Buna görə də, məhkəmə Avropa İnsan Hüquqları Konvensiyasının 4 saylı protokolunun 2-ci (hərəkət etmək azadlığı) maddəsinin pozuntusunu tanıyıb. Azərbaycan hökumətinin jurnalistə maddi və mənəvi zərərə görə 10 min, hüquqi xərclərə görə isə 2 min avro təzminat ödəməsinə qərar verib.

Qərara Azərbaycanın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Xədicə İsmayıl 2014-cü ilin dekabrında Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə ittiham olunaraq həbs olunub.

Sonradan ona qarşı 179.3.2-ci (külli miqdarda mənimsəmə), 192.2.2-ci (xeyli miqdarda gəlir əldə etmək məqsədilə törədilmiş qanunsuz sahibkarlıq), 213.1-ci (vergidən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən ağırlaşdırıcı hallarla sui-istifadə) maddələrlə əlavə ittihamlar irəli sürülüb.

2015-ci ilin sentyabrında Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalisti Cinayət Məcəlləsinin 179.3.2, 192.2.2, 213.1 və 308.2-ci maddələri ilə təqsirli bilərək 7 il yarım həbs cəzasına məhkum edib.

Ali Məhkəmə 2016-cı il mayın 25-də bu qərarı 3 il yarım şərti cəza ilə əvəz edərək onu azadlığa buraxıb. Sonradan bu müddət 2 il 3 aya salınıb.

X.İsmayıl AİHM-ə ərizəsində ittihamları rədd edib və məhz jurnalist fəaliyyətinə görə haqsız olaraq həbs olunduğunu bildirib.

AİHM daha öncə jurnalistin həbsi ilə bağlı qərarında Konvensiyanın 10-cu (ifadə azadlığı hüququ) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələri üzrə pozuntuları tanıyıb.

XS
SM
MD
LG