2026, 17 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:36

Avropa Məhkəməsi müxalifətçiləri haqlı saydı – 10500 avro kompensasiya

İlham Əliyevə istefa şüarları- Bakıda etiraz aksiyası

No media source currently available

İlham Əliyevə istefa şüarları- Bakıda etiraz aksiyası (Arxiv videosu. 11 noyabr 2022)

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Milli Şuranın və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublu, eləcə də müsavatçı fəallar Əziz Məmiyev və İdris Əmiraslanın şikayətləri üzrə qərarını açıqlayıb. Qərar Azərbaycanda sərbəst toplaşma azadlığının pozulması ilə bağlıdır.

T.Yaqublu ərizəsində 2022-ci il noyabrın 11-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) "Siyasi partiyalar haqqında" Qanuna edilən dəyişikliklərə görə Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında keçirdiyi dinc aksiyanın zorakılıqla dağıdılmasından, özünün isə saxlanılaraq polis bölməsinə aparılmasından şikayətlənib.

Ə.Məmiyev və İ.Əmiraslan isə Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmlinin həbsinə etiraz olaraq 2021-ci il dekabrın 15-də Fəvvarələr meydanında keçirilən dinc aksiya zamanı saxlanıldıqlarını və polis bölməsində 2-3 saat saxlanılıb buraxıldıqlarını bildiriblər.

Şikayətçilər Avropa Məhkəməsinə müraciətlərində həm saxlanılarkən, həm də polis bölməsində pis rəftara məruz qaldıqlarını vurğulayıblar. Onların bu barədə prokurorluğa etdikləri şikayətlər araşdırılmayıb. Prokurorluq yalnız polis əməkdaşlarının izahatları ilə kifayətlənərək şikayətləri əsassız sayıb, yerli məhkəmələrə edilən müraciətlər isə nəticəsiz qalıb.

Ərizəçilərin sözlərinə görə, polis bölməsində keçirdikləri 2-3 saat ərzində faktiki olaraq azadlıqdan məhrum ediliblər və saxlanılmaları ilə bağlı onlara heç bir protokol, yaxud rəsmi sənəd təqdim olunmayıb.

Hökumətin cavabı

Azərbaycan hökuməti isə Avropa Məhkəməsinin sorğusuna cavabında bu şəxslərin tutulmadığını və həbs olunmadığını, beləliklə də azadlıq hüquqlarının pozulmadığını bildirib. Rəsmi Bakı ərizəçilərin qanunsuz nümayişdə iştirak etdiklərini və bu əməlin İnzibati Xətalar Məcəlləsinin 513-cü maddəsinə əsasən qanun pozuntusu sayıldığını diqqətə çatdırıb: "Polis əməkdaşları inzibati xətanın qarşısını alıb. Onlar ərizəçiləri yalnız çox qısa müddətə polis bölmələrinə aparıb və profilaktik söhbətlərdən sonra sərbəst buraxıblar".

Noyabrın 17-də Avropa Məhkəməsi şikayətləri əsaslı hesab edərək T.Yaqublu, Ə.Məmiyev və İ.Əmiraslana münasibətdə Avropa Konvensiyasının 5-ci (azadlıq və toxunulmazlıq hüququ) və 11-ci (birləşmək və dinc toplaşmaq azadlığı) maddələrinin pozulduğunu təsdiqləyib. Qərara əsasən, Azərbaycan hökuməti ərizəçilərin hər birinə mənəvi ziyana görə 3 min, məhkəmə xərclərinə görə isə 500 avro ödəməlidir.

T.Yaqublu 2023-cü il dekabrın 14-dən həbsdədir. O, külli miqdarda ziyan vurmaqla dələduzluq, eləcə də saxta sənəd hazırlama və ya ondan istifadə maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib. T.Yaqublu isə ittihamları qəbul etmir və qurama işlərlə şərlənərək həbs olunduğunu deyir.

​
XS
SM
MD
LG