Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:10

Avropa Məhkəməsi Elmar Hüseynovla bağlı qərarını açıqlayacaq


Elmar Hüseynov, müstəqil jurnalist, "Monitor" jurnalinın baş redaktoru, 2005-ci il martın 2-də qətlə yetirilib
Elmar Hüseynov, müstəqil jurnalist, "Monitor" jurnalinın baş redaktoru, 2005-ci il martın 2-də qətlə yetirilib

Aprelin 13-də Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanda 12 il əvvəl qətlə yetirilmiş jurnalist Elmar Hüseynovla bağlı qərarını elan edəcək. Bu haqda məhkəmənin saytında məlumat yayılıb.

Qərar Elmar Hüseynovun həyat yoldaşı Ruşaniyə Hüseynovanın ərizəsi əsasında çıxarılacaq. Həyat yoldaşının qətlindən iki il sonra o zaman dörd yaşı olan oğlu Aslanla birlikdə Norveçə mühacirət etmiş Hüseynova həyat yoldaşının ölümü ilə əlaqədar 2010-cu ilin fevralında Avropa Məhkəməsinə müraciət edib. O, ərizədə həyat yoldaşının peşə fəaliyyəti ilə bağlı qətlə yetirildiyini, qatillərin tapılıb cəzalandırılması üçün effektiv addımlar atmadığını, işin istintaqını aparan keçmiş MTN-ə ünvanladığı sorğuların cavablandırılmadığını göstərib.

Ərizəçinin hüquqlarını Osloda fəaliyyət göstərən vəkil K.Rognlien müdafiə edir.

Buna da bax: Elmar Hüseynov yaddaşlarda - [Video]​

Jurnalistin xatirəsi yad edilir, 2 mart 2016
Jurnalistin xatirəsi yad edilir, 2 mart 2016


“MÜTƏMADİ HƏDƏLƏNİRDİ”

“Qətl hadisəsindən əvvəl də ölkənin prezidenti, hökumət üzvləri və digər vəzifəli şəxslər barədə tənqidi yazılara görə Elmar Hüseynova qarşı dəfələrlə məhkəmədə mülki iddialar, cinayət işi qaldırılıb. Ümumilikdə, ona qarşı 34 dəfə iş qaldırılıb. Bundan başqa, dəfələrlə jurnalın (“Monitor” jurnalı nəzərdə tutulur – red.) nüsxələri müsadirə olunub, onun nəşrinə hakimiyyət tərəfindən əngəllər törədilib.

Elmar Hüseynov tənqidi məqalələrinə görə mütəmadi olaraq hədələnirdi. Xüsusən 2004-cü ildə onu ölümlə hədələyərək, prezident və ailəsi barədə məqalələrə son qoymağı tələb etmişdilər”, – mərhum jurnalistin həyat yoldaşı ərizəsində belə yazıb.

Hüseynovanın sözlərinə görə, o, həyat yoldaşının hakimiyyət tərəfindən qətlə yetirildiyi barədə açıqlamalarına görə hadisədən sonra təhdid altında olub. Bu səbəbdən də ölkəni tərk edərək, Norveçdə sığınacaq alıb.

Buna da bax: Ruşaniyə Hüseynova MTN-in dediklərini absurd adlandırıb

Rüşaniyyə Hüseynova, Bakı, 1 mart 2006
Rüşaniyyə Hüseynova, Bakı, 1 mart 2006

Ruşaniyə Hüseynova Avropa Məhkəməsindən Avropa Konvensiyasının 2 (yaşamaq hüququ), 10 (azad ifadəetmə hüququ) və 13-cü (ayrı-seçkiliyə məruz qalmamaq hüququ) maddələrinin pozuntusunun tanınmasını istəyib.

Hüseynova ərizəsində istintaqın gedişi haqda məlumat ala bilmədiyini, iş materiallarının surətlərinin ona və vəkilinə təqdim olunmadığını yazır.

Buna da bax: Ruşaniyyə Hüseynova: «Dövlət Elmarın qətlinin üstünü açmayacaq»

XATIRLATMA

Elmar Hüseynovun işi üzrə kommunikasiya mərhələsində Avropa Məhkəməsi Azərbaycan hökumətinə bir sıra suallarına cavabla yanaşı, həm də aparılmış istintaq hərəkətləri, dövlət orqanlarının digər addımları barədə detallı məlumat verilməsi, bütün sənədlərin surətləri, o cümlədən məhkəmə tibbi ekspertizasının, prosessual qərarlar, dindirmə zamanı alınan ifadələr, şəkillər, video-yazılar istənilmişdi.

“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də yaşadığı evin blokunda qətlə yetirilib. Cinayəti törədənlər bu günə qədər tapılmayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG