Keçid linkləri

2025, 05 Dekabr, cümə, Bakı vaxtı 16:19

Avropa İttifaqının yeni Giriş/Çıxış Sistemi işə salınır


EES 29 ölkəni əhatə edəcək.
EES 29 ölkəni əhatə edəcək.

Avropa İttifaqı oktyabrın 12-dən yeni Giriş/Çıxış Sisteminin (EES) mərhələli tətbiqinə başlayıb. Blok illərdir bu sistem üzərində işləyir, məqsədi Aİ sərhədlərindən giriş-çıxışların rəqəmsal qeydiyyatını aparmaqdır. Aİ üzvü olmayan və Aİ ölkələrinə qısamüddətli səfər edən şəxslərin pasport məlumatları, barmaq izləri, üz fotoları bu sistemdə toplanacaq. Məqsəd bütün beynəlxalq hava limanlarında, limanlarda və Aİ ilə ona üzv olmayan ölkələrlə quru sərhədlərində pasportların əl ilə möhürlənməsini aradan qaldırmaqdır.

Aİ-nin bütün ərazisindəmi tətbiq olunacaq?

Kipr və İrlandiyanı çıxmaqla, Aİ-nin 27 üzvündən 25-ində tətbiq olunacaq. Aİ-yə üzv olmayan Avropa ölkələri – İslandiya, Lixtenşteyn, Norveç və İsveçrə də bu sistemə daxildir. Beləliklə, EES sistemində 29 ölkə olacaq.

Kimlərə aiddir?

EES bu 29 ölkə, üstəgəl Andorra, Monako, San-Marino və Vatikan kimi mikro-dövlətlərin vətəndaşı olmayan səyahətçilərə aiddir.

Kimlər azaddır: Bu ölkələrdə yaşayış icazəsi və ya uzunmüddətli vizası olan şəxslər, akkreditə olunmuş diplomatlar, qeydiyyatdan keçmiş transmilli işçilər, tədqiqat, təhsil, təlim, könüllü fəaliyyət kimi məqsədlərlə EES ölkələrinə səfər edən qeyri-Aİ vətəndaşları.

Bəs niyə mərhələli şəkildə?

Bu sistem 2023 və 2024-cü illərdə istifadəyə verilməli idi. Ancaq bəzi Aİ ölkələri bu cür irimiqyaslı İT sisteminin birdən tətbiqinə hazır deyildilər. Axı sistem çoxsaylı məlumatları real vaxtda göstərməlidir – məsələn, bir şəxsin ölkədə qalmaq üçün icazə verilmiş müddətə əməl edib-etmədiyini. Sistem tam hazır deyil deyə, mərhələli tətbiqinə başlanır, 2026-cı il aprelin 10-dək tam işlək vəziyyətə gətiriləcək. Səyahətçilərin biometrik məlumatları – üz şəkli və barmaq izi bütün sərhəd-keçid məntəqələrində dərhal mövcud olmayacaq. Altı aylıq keçid dövründə pasportlara əvvəlki kimi möhür vurulacaq.

Gələcəkdə Aİ-yə getmək üçün biometrik pasportun olmalıdır?

Xeyr. Həm biometrik, həm də qeyri-biometrik pasportlarla EES ölkələrinə səyahət etmək mümkündür. Ancaq biometrik pasportsuz öz-özünə xidmət terminallarından istifadə etmək mümkün deyil. Bu halda məlumatlar əl ilə daxil edilməlidir – sərhədçi üz şəklinizi çəkəcək, barmaq izlərinizi alacaq və pasport məlumatlarını sistemə daxil edəcək. Belə çıxır, biometrik səyahət sənədlərinə sahib olmaq vaxta qənaət edə bilər.

Bəs ETIAS necə olacaq?

Əgər EES sistemi 2026-cı ilin aprelində tam istifadəyə verilərsə, onda ETIAS – Avropaya Səyahət üzrə İcazə Sistemi də gələn ilin sonunacan işə salına bilər. Bu, ABŞ-nin ESTA sisteminin Aİ-dəki ekvivalentidir, Aİ-yə vizasız gələn bütün səyahətçilər üçün ciddi dəyişikliklər deməkdir.

Bu sistemin 1.4 milyard insana, o cümlədən Britaniya, Gürcüstan, Moldova, Ukrayna, ABŞ və Aİ-yə üzv olmayan Qərbi Balkan ölkələri vətəndaşlarına təsir edəcəyi gözlənilir. Üç illik ETIAS icazəsi 7 avroya başa gələcək, Aİ-yə gəlməzdən öncə alınmalıdır.

XS
SM
MD
LG