Bu gün, sentyabrın 1-də ATƏT Nazirlər Şurası bu təşkilatın Minsk prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Məlumata görə, qərarla Minsk prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının məşğul olduğu münaqişə üzrə şəxsi nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə xitam verilib.
"Sözügedən strukturların bağlanmasından irəli gələn təşkilati və texniki məsələlərin 1 dekabr 2025-ci il tarixindən gec olmayaraq yekunlaşdırılması ATƏT Katibliyinə tapşırılıb", - məlumatda bildirilir.
"Qərarda həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul edilmiş bütün qərarlar qüvvədən düşmüş və etibarsız elan edilib", - XIN əlavə edir.
Avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmalar çərçivəsində Ermənistan və Azərbaycan birgə şəkildə ATƏT-ə Minsk qrupunun ləğvi ilə bağlı müraciət ediblər.
+++
Avqustun 8-də ABŞ prezidenti Donald Tramp Ağ evdə Ermənistan və Azərbaycan liderləri ilə birgə bəyannamə imzalayıb. Bu sənəd sülh sazişi deyil, amma iki ölkə arasında sülh sazişinin yekunlaşdırılması və ratifikasiya olunmasının vacibliyini təsdiqləyir - ATƏT-in Minsk qrupunun buraxılması barədə razılıq əldə edilib. Ermənistan ərazisindən keçməklə Azərbaycanın Naxçıvan eksklavına çıxışını təmin edəcək əsas tranzit dəhlizi yaradılır və "Beynəlxalq Sülh və Rifah Uğrunda Tramp Marşrutu" adlandırılır.
1992-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM - sonradan ATƏT- Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı adını aldı) Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edib. 1994 həmsədrlik institutu təsis edildi. ABŞ, Rusiya və Fransa həmsədr ölkələr oldular.
Bu qurum 2020-ci ilə qədər aktiv şəkildə vasitəçiliklə çıxış edib.
Xatırlatma
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.
Son illər iki ölkə arasında müxtəlif formatlarda sülh danışıqları aparılırdı.