Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:47

Astara sakini: ‘Məhkəmə səhvən mənim əvəzimə qardaşımı cəzalandırıb’


Adil Həsənovun qardaşı Əlişah Həsənov
Adil Həsənovun qardaşı Əlişah Həsənov

«Adil Cəlil oğlu Həsənov İnzibati Xətalar Məcəlləsinin 528.1 maddəsi ilə təqsirli bilinərək 10 gün inzibati qaydada həbs olunsun»

Bu sözlər Astara Rayon Məhkəməsinin qərarından götürülüb. Adil Həsənovun yaxınları isə deyir ki, günahsız adama inzibati həbs cəzası veriblər.

Buna da bax:​ “Həyat yoldaşım bir ayağını itirdi bu yolda”

«Məəttəl qaldıq»

«Adil qonşum, həm də dostumdur. Evlərinə getmişdim. Həyat yoldaşı dedi ki, səhərdən yoxdur. Adətən başqa yerdə çox qalmaz. Gözlədik gəlib çıxmadı. Başladıq axtarmağa. Təsadüfən biri bizə dedi ki, polisdədir. Getdik polisə, orda bizə dedilər ki, məhkəmə ona 10 gün inzibati həbs verib. Məəttəl qaldıq».

Bu sözləri AzadlıqRadiosu-na Astara şəhər sakini Natiq Əbilov deyib. Onun sözlərinə görə, Adil Həsənov çox sakit adamdır. Heç vaxt kiminləsə dalaşmasının şahidi olmayıb.

Buna da bax: Evləri sökülənlər: 'Kompensasiya istəmirik, ev versinlər'

Astara şəhər sakini Natiq Əbilov
Astara şəhər sakini Natiq Əbilov

Adil Həsənovun qardaşı Əlişah Həsənov isə deyib ki, problem yol üstündə olub:

«Hakim vəkilin danışmasına imkan vermədi»

«Başqa bir adam həyətdən 6 sot yol istəyir. Yerli məhkəmə olub. Birinci məhkəmədə olmamışıq. Sonrakı məhkəmələrdə sənədləri təqdim etdim ki, qardaşımın həmin yerdə mülkiyyəti yoxdur. Vəkil də məsələni qaldirdi. Hakim isə vəkilin danışmasına imkan vermədi. Məhkəmə məni eşitmədi. Məhkəmə bitdikdən sonra, sədrin yanına getmək istəyirdim, buraxmadılar. Halbuki, həmin ərazidə müəyyən yerlərə getmək üçün 3 yol var. Yol problemi yoxdur. Olsa da bunun qardaşıma heç aidiyyəti yoxdur. O başqa yerdə yaşayır, mülkiyyəti başqa yerdədir. 2 ildən çoxdur ki, bunu məhkəməyə sübut edə bilmirik. Məhkəmə sanki eşitmir...»

Buna da bax:​ Gəncə sakini: 'Hökumətdən heç nə istəmirik, yaşamağa imkan versin'

Əlişah Həsənovun deməsinə görə, məhkəmə icraçılarının da yanında olub:

«Vicdan əzabı çəkirəm»

«Sənədləri tökdüm qarşılarına. Dedim ki, bu adamın adında heç bir mülkiyyət yoxdur. Hamısı mənim adımadır. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 10 saylı Ərazi İdarəsindən, şəhər bələdiyyəsindən rəsmi sənədlər var. Həmin sənədlərin hamısı mənim adımadır. Mənim əvəzimə qardaşımı ora-bura çəkirlər. Belə çıxır ki, mənim əvəzimə qardaşımı həbs ediblər. Vicdan əzabı çəkirəm. Dedilər ki, məhkəmənin qərarı var...»

«Mənə hasarımı sökdürdülər»

Əlişah Həsənov deyib ki, yolun açılması ilə bağlı ona hasarını sökdürüblər:

«Mənə hasarımı sökdürdülər. Nə qədər dedilər sökdüm ki, qardaşıma dəyməsinlər, xəstədir. Həmin yerə iki dəfə baxış keçirilib. Üç gündən sonra onu həbs etdilər. Nə üçün bilmirəm. Elə bil ki, kimsə məhkəməyə sifariş verib».

Buna da bax:​ Milabad sakinləri: '10 ildir kanal suyunun içində yaşayırıq'

Astara şəhər bələdiyyəsinin sədri A.Məmmədovanın imzaladığı 35 nömrəli arayışda da qeyd edilir ki, H.Əliyev prospektində, döngə 7, ev 5 ünvanda Adil Cəlil oğlu Həsənovun adına torpaq sahəsi yoxdur. Əmlak Daşınmaz Əmlakın Reyestri Xidməti 10 saylı Ərazi İdarəsinin rəisi Nazim Məmmədovun imzaladığı arayışda, rayon arxiv idarəsinin verdiyi sənəddə də Adil Həsənovun adında heç bir mülkiyyətin olmadığı bildirilir.

Adil Həsənov
Adil Həsənov

«10 gün onun ömrünü 10 il geriyə atdı».

Əlişah Həsənovun deməsinə görə, qardaşı yük maşını sürür və çox vaxtları rayonda olmur:

«4 uşağı var, balalarını güclə saxlayır. Xəstə adamdır. İndi onun müalicəsi ilə məşğuluq. 10 gün onun ömrünü 10 il geriyə atdı».

Bakı şəhərində müalicə olunan Adil Həsənovla əlaqə saxladıq. Adil Həsənov deyir ki, sözügedən məsələ ilə bağlı keçirilən ilk məhkəmədə iştirak etməyib:

Buna da bax:​ 168 ailə nə yerdədir, nə göydə...

«Axır ki, məni yorğan döşəyə saldılar...»

«Fikirləşdim ki, mənim buna aidiyyətim yoxdur. Özləri başa düşərlər. Həmin məhkəmənin qətnaməsində göstərilir ki, guya mənim o ərazidə torpağım, evim var. Yoxdur axı. Qardaşımın var. O yolun açılmasına etiraz etməyib. Üstəlik, məhkəmə icraçıları nə deyib onu yerinə yetirib. Mənə görə edib ki, məndən əl çəksinlər. Əl çəkmədilər. Axır ki, məni yorğan döşəyə saldılar...»

Şirvan Apellyasiya Məhkəməsi də Astara Rayon Məhkəməsinin qətnaməsını qüvvədə saxlayıb.

Məhkəmə və icraçılar nə deyir?

Astara rayon məhkəmə icraçıları şöbəsindən isə bildirdilər ki, onlar məhkəmənin qərarını müzakirə etmirlər. Yalnız yerinə yetirirlər.

Buna da bax:​ Sakinlər: 'Hamı rüşvətini alıb çəkilib kənara, deyirlər, nə istəyirsən, elə...'

Şöbədən eyni zamanda bildirdilər ki, mülkün Əlişah Həsənova aid olması barədə sənədlər məhkəmənin qərarından sonra meydana çıxıb.

Astara Rayon Məhkəməsində isə deyiblər ki, Adil Həsənov proses zamanı həmin ərazidə mülkiyyətin olmaması barədə heç nə bildirməyib. Bu barədə ekspertizanın rəyi var. Onların ünvanına deyilən iradların əsası yoxdur.

Vəkil nə deyir?

Adil Həsənovun işini müdafiə edən, adının çəkilməsini istəməyən vəkilin sözlərinə görə də, məhkəməyə təqdim olunan ekspertizanın rəyində mülkiyyət hüquqi ilə bağlı heç nə deyilmir. Ancaq vəkil hesab edir ki, əslində həm məhkəmə, həm də icra məmurları mülkiyyəti təsdiq edən sənəd ortaya qoymalı idilər:

Buna da bax:​ Şamaxı sakini: 'Torpağımı hasara ala bilmirəm, 1000 manat istəyirlər'

«Məhkəmə sənədlərlə bilməli idi ki, həmin mülkiyyət kimə məxsusdur. Sənəd olmayıb. Qardaşların təqdim etdikləri sənədi də qəbul etməyiblər. İcra məmurları ərazidə olarkən sənədlərə baxmalı və müəyyənləşdirməli idilər ki, hasar, həyət kimə məxsusdur. Müəyyənləşdirməyiblər. Məhkəmə işində Adil Həsənov gedir, ancaq mülkiyyət isə onun qardaşı Əlişah Həsənova məxsusdur. Nəticədə Adil Həsənova heç bir əsas olmadan 10 gün inzibati həbs cəzası veriblər. Belə çxır ki, icra məmurları hasarı da qanunsuz sökdürüblər».

Vəkilin sözlərinə görə, Əlişah Həsənov bununla bağlı Ali Məhkəməyə müraciət etmək fikrindədir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG