Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:33

Aslan İsmayılov: 'Məni o vaxt görüşdüyüm prezident kimi qəbul edərsə...'


Aslan İsmayılov
Aslan İsmayılov

►“2008-ci ilin əvvəlindən bu yana məktub vermək, görüşmək imkanım olmayıb.

Aslan İsmayılov: «İlham Əliyevlə görüşə bilsəm, deyərdim ki...»
Gözlə

No media source currently available

0:00 0:10:56 0:00
Direct-ə keçid

İndi belə imkan olsaydı, məmnuniyyətlə görüşərdim. Onda baş verənləri hansı çılpaqlığı ilə demişdimsə, yenə də deyərdim”

Hüquqşünas Aslan İsmayılov son vaxtlar Türkiyə və Azərbaycanda baş verənlərlə bağlı sosial şəbəkələrdə geniş müzakirələr açır.

O, ölkə daxilində sosial problemlərin həllindən ötrü fəallıq göstərir. Xəzər dənizinin hasarlanmasına qarşı kampaniya aparır, xəstəxanalara baş çəkib gördüklərini paylaşır.

Hüquqşünasla söhbətə son günlər Türkiyədəki proseslərdən başladıq:

– Türkiyədə baş verənlər hökmən burda da öz əksini tapacaq. Mən həyatım boyu dövlət çevrilişinin, zorakılığın, inqilabın əleyhinə olmuşam. Çünki bu yaşıma qədərbunların hansısa xeyir gətirəcəyini görməmişəm. 21-ci əsrdə çevriliş etməkdən ağılsız, vətənə ziyan vuran ikinci addım yoxdur. Türkiyədə baş verənlər çevriliş idi. Ancaq əminəm ki, bu çevrilişin baş verəcəyini hakimiyyət bilirdi. Çevrilişin qarsısı alınmalıydı və alındı da. Ancaq çevrilişin qarşısı alınandan sonra olanlar çox təhlükəlidir. Heç bir məhkəmə qərarı, qanuni araşdırma olmadan on minlərlə adamı həbsə atmaq demokratiya ilə bir araya gəlmir. Ərdoğan özü görməlidir ki, bu hadisələrdə onu xilas eləyən demokratiya oldu. Texnologiyalar, “Skype”, sosial şəbəkələr oldu. Bunlarsız indi Ərdoğan da olmayacaqdı. Ərdoğan vaxtilə Gezi hadisələrində insanlara deyirdi ki, “küçəyə çıxmayın”. Bu, antidemokratik bir çağırış idi. Bu hadisələr olanda dedi ki, “küçələrə çıxın”. Bu, demokratik addım idi ki, xalq çıxsın, hakimiyyətini qorusun. Türk xalqı da öz hakimiyyətini qorudu. Küçələrə çıxanların əksəriyyəti çevrilişin əleyhinəydi. Ərdoğanın tərəfdarı olmayanlar da çevrilişin əleyhinə çıxdı. Bundan sonra baş verənlər, fövqəladə vəziyyətin tətbiqi, insanların həbsə atılması, tək fətullahçıları deyil, atatürkçülərin də təmizlənməsi, artıq Türkiyənin demokratiyadan sürətlə uzaqlaşmasını göstərir. Bu, çox təhlükəlidir. Ordakı addımların, qanunsuzluqların, antidemokratik tədbirlərin Azərbaycana keçəcəyinə isə heç bir şübhə etmirəm. Ona görə ki, Azərbaycan həm hakimiyyət, həm də dövlət olaraq, Türkiyədən çox asılıdır. Bizə yeganə örnək ola biləcək strateji, təbii müttəfiqimiz Türkiyədir.

– Siz ANS telekanalının Fethullah Guleniin müsahibəsinin anonsundan sonra bağlanmasını, Qafqaz Universitetinin, Zaman-Azərbaycan qəzetinin və saytının bağlanmasını nəzərdə tutursunuz?

– Bəli, bu, birmənalı, Türkiyədəki hadisələrin əks-sədasıdır. Mən inanmıram ki, ANS kanalına, Prezident Aparatının, rəhbərləri demirəm, sıravi bir işçisi zəng edib desəydi ki, Fethullah Gulenin müsahibəsini verməyin, onlar da verməzdilər. Ona görə ki, 2005-ci ildən ANS-i elə günə qoydular ki, ANS artıq müstəqil olmadı. Telekanalın bağlanması, işçilərin prokurorluğa çağırılması, dindirilməsi isə mənim üçün anlaşılmazdır. Qaldı ki, Qafqaz Universiteti, yaxud Gulen-ə yaxın digər təşkilatların bağlanmasını da düzgün saymıram. Birincisi, buna vaxtilə yol verməmək lazım idi. İndi nə baş verdi? Bilmirdilər ki, orda Fethullah Gulenin barmağı var? Ancaq bununla belə, yeganə korrupsiyasız, Azərbaycanda yüksək bal toplayan tələbələrin də təhsil aldığı Qafqaz Universitetini bağlamaq olmazdı. Fethullah Gulen dairəsindən olanları ordan uzaqlaşdırmaq mümkündü. Qafqaz Universiteti ilk növbədə təhsil ocağı idi, onu qoruyub saxlamaq lazım idi.

Buna da bax: Gürcüstandakı "Gülen məktəbləri" də hədəfə gəldi

– Bu baş verənlərin davamı ola bilərmi?

– Olacaq. Mən niyə Türkiyədəki olayları çox ciddi izləyirəm? Çünki oradakı hadisələrin hamısı burda da baş verir. İstənilən hakimiyyətdə hanısa dini quruma, təriqətə bağlı insan işləməməlidir. Din o qədər safdır ki, onu hakimiyyətə bulaşdırmaq olmaz. Bu, həm də istənilən hakimiyyət və cəmiyyətə də təhlükəlidir. Hakimiyyətdə fətullahçılar varsa, təmizlənməlidir. Ancaq bu təmizlənmə, “kim Qafqaz Universitetində oxuyubsa, qovulmalıdır” şəklində olmamalıdır. Qafqaz Universitetində oxumuş tanıdıqlarım var ki, onların Gülenə heç bir aidiyyatı yoxdur.

– Azərbaycanda Türkiyədə baş verənlər izləndiyi bir vaxtda, Konstitusiyaya yeni dəyişiklilərlə bağlı təkliflər də geniş müzakirə olunmağa başladı. Bir çox hüquqşünaslar, ekspertlər bu dəyişiklikləri “mürtəce” adlandırır. Siz nə düşünürsünüz?

– Vaxtilə Konstitusiyaya dəyişiklik olunanda, demokratik təsisatlar yavaş-yavaş sıradan çıxarılanda vətəndaş cəmiyyətinə əngəllər yaradılanda deyirdim ki, “biz, deyəsən, yavaş-yavaş İran və Şimali Koreya yolunu gedirik”. Son hadisələr də onu göstərir ki, ona doğru gedirik. Ona görə ki, istənilən avtoritar rejim, istənilən qeyri-məhdud səlahiyyəti olan prezident ölkə və prezidentin özünə təhlükədir. On illər boyu fikirləşib bir qayda qoyublar. İki illik seçki məhdudiyyəti mənim üçün demokratiyanın ən uğurlu addımıdır. Bunu pozmaq, fərdlərdən asılı olmayaraq, o ölkənin fəlakətinə gətirir. Mülkiyyət hüququna gəldikdə, Konstitusiyada yazılırdı ki, mülkiyyət hüququ toxunulmazdır. Ancaq mülkiyyət hüququ ilə kim necə istəyirdi, elə də rəftar edirdi. Bizdə mülkiyyət hüququnun toxunulmazlığı anlayış kimi ancaq Konstitusiyada idi. İndi eyni Konstitusiyda iki müddəa olacaq. Biri olacaq ki, “mülkiyyət hüququ toxunulmazdır”, o biri də olacaq ki, “mülkiyyət hüququnu məhdudlaşdırmaq olar”. Bu təzadı dünyaya necə izah edəcəklər? Mülkiyyət toxunulmazlığı olmayan yerdə inkişafdan, qanundan, hüquqdan danışmaq olmaz. Amma indi bunu Konstitusiyaya salıb mülkiyyət hüququnu şübhə altına qoymaq, mənim üçün bu düzəlişlərdən ən dəhşətlisidir.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

– Aslan bəy, mülkiyyət hüququ demişkən, siz xalqın mülkiyyəti olan dənizin hasarlanmasına qarşı kampaniyaya başlamışdınız. Bu kampaniyanın nəticəsi varmı?

– Mən bu kampaniyaya ilk başlayanda da deyirdilər ki, “özünüzü yormayın, heç nəyə nail olmaq mümkün deyil”. Birincisi çox şadam ki, Azərbaycan ictimaiyyəti bu addıma çox dəstək oldu. KİV, ayrı-ayrı adamlar bu mövzunu daha da genişləndirdilər, qabartdılar. Təsiri özünü nədə göstərdi? Birincisi, əminəm ki, bu kampaniya olmasaydı, bu gün dənizdə ayaq basmağa yer qalmayacaqdı. Ona görə ki, gün-gündən hasarlaya-hasarlaya gedirdilər. Bu, artıq dayandı. İkincisi, prezident fərman verdi. Düzdür, ona qədər də fərman vardı. Ancaq yenə gündəmə gəldi. Bir də o hasarlayanlar əvvəlki kimi ora gəlib girən vətəndaşlara qarşı əvvəlki kimi quduz davranmadılar. Yəni, əvvəl gəlib girənləri döyüb qovurdular ki, “bura mənimdir, girə bilməzsən”. Fecebook səhifəmdə dənizin vəziyyəti ilə bağlı dünyada və bizdə mövzusunda bir videorolik hazırlayıb yaydım. Buna 1 milyon 200 mindən artıq adam baxıb. Bu, insanların məsələylə bağlı kütləvi narazılığının göstəricisidir. Əminəm ki, o hasarlar söküləcək. Bilmirəm, mənim onu görməyə ömrüm çatacaqmı... Amma hasarların söküləcəyinə heç bir şübhəm yoxdur. Dünyanin heç bir yerində dənzidə hasar yoxdur. Bu, acgözlüyün pik nöqtəsidir. Adamları dənizdən məhrum eləyənlərin biri o dənizə girmir. Dənizə hasarı çəkir, heç burda dənizə girməyi bəyənmir, Bodruma, Nitsaya, dünyanın bahalı yerlərinə gedirlər. Onu eləyənlər bəndədən qorxmurlar, heç olmasa, Allahdan qorxsunlar. Prezidentin ətrafında, heç olmasa, bir nəfər, həqiqətən prezidenti istəyən adam desin ki, “cənab prezident, onsuz da bu dəqiqə narazılıq çoxdur, bu narazılığın qarşısını almaq istəyirsinizsə, insanların sevgisini qazanmaq istəyirsinizsə, Hacıbala Abutalıbov kimi bir adama tapşırıq verin, bir gün ərzində o hasarları söksün”. O hasarları tikənlərin biri də cınqırını çıxarmayacaq. Ona görə ki, hamısı çirkabın içindədir. Özləri də deyəcəklər ki, “sağ olsun cənab prezident, düzgün qərar qəbul edib”.

– Siz tibb sahəsindəki problemləri də tez tez qabardırsınız. Hansısa effekti olurmu?

– Səhiyyə sahəsində fəlakətdir. Onkologiya sahəsində əsl faciədir. Mən bunu gedib o xəstəxanada öz gözümlə gördüm. Oranın baş həkimi dedi ki, yalandır, guya mən bunları hansısa şəxsi marağıma görə yazmışam. 2 mindən çox adam şərh yazmışdı, kimin yalan danışdığını həmin şərhlərdə göstərirdilər. Mənə yazırlar ki, “gedin başqa xəstəxanalara baxın, görün, oralarda nələr var”. İnsan ölür, pulunu verməmiş əməliyyat eləmirlər. Bu yaxınlarda yüksək çinli bir məmurla bir iş adamının oğlanları qəzaya düşmüşdü. Birini yaxşı xəstəxanaya, o birini isə Sabunçu xəstəxanasına apardılar. Orada vəfat elədi. Mən o uşağın atası ilə görüşdüm. O deyirdi ki, “balamı yaxşı bir yerə aparsaydılar, ya da yanında bir adam olsaydı, ölməzdi”. Bu hadisə pullunun da, vəzifəlini də başına gələ bilər. Hansını deyəsən?

– Siz 2005-ci ildə prezidentlə görüşmüşdünüz. İndi belə bir görüş olsaydı, ona nələri çatdırmaq istəyərdiniz?

– Mən o görüşdən çıxandan sonra ən azı 2-3 il addımbaşı prezidenti müdafiə edirdim. Ona görə ki, həmin görüşdə dünyagörüşü, istəyi, ölkəyə arzularında özümdən fərqli adam görmədim. Ondan təxminən 2 il sonra təmasımız oldu. Şəxsi görüş olmasa da, məktublarla müraciət edirdim. Amma sonra o əlaqəni kəsdilər. 2008-ci ilin əvvəlindən bu yana məktub vermək, görüşmək imkanım olmayıb. İndi belə imkan olsaydı, məmnuniyyətlə görüşərdim. Onda baş verənləri hansı çılpaqlığı ilə demişdimsə, yenə də deyərdim. Bir deyim var ki, hakimiyyət insanlara pis təsir edir, mütləq hakimiyyət isə daha pis təsir edir. İndi bilmirəm, əgər məni o vaxt görüşdüyüm prezident kimi qəbul edərsə, məmnuniyyətlə görüşüb hər şeyi də deyərəm. Çəkinəcəyim bir şey yoxdur, həyatımı yaşamışam. 60-a yaxın yaşım var, hansısa bir iddiam da yoxdur. Vəzifə, pul düşgünü deyiləm. Bu gün insanların mənə münasibəti ilə qürur duyuram, bunu əvəz edəcək milyardlar yoxdur. Niyə də deməyim?

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG