«Hakimiyyət REAL Hərəkatının Müsavat Partiyasının qərargahında qurultay keçirməsini istəmir».
Bu gün, dekabrın 15-i Müsavat Partiyasının başqanı Arif Hacılı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən çıxdıqdan sonra belə deyib. Partiya rəhbəri idarəyə çağrılmasının səbəblərini belə izah edib:
«Müsavat Partiyasının qərargahında keçirilən tədbirlərdən narahatlıqları var. Həmin tədbirlərdə təxribatların törədilə biləcəyindən danışdılar. Mən isə qeyd etdim ki, Müsavat müxalif partiya olaraq, demokratik qüvvələrin toplantılarının, tədbirlərinin onun qərargahında keçirilməsinə həmişə imkan yaradılıb. Eyni zamanda, Əmlak Məsələləri Dövlət Komitəsinin göndərdiyi xəbərdarlıq məktubunun qeyri-qanuni olduğunu qeyd etdim».
***Buna da bax-Müsavat qərargahından çıxarıla bilər - ReAL-a yer verərsə...
A.Hacılı düşünür ki, baş verənlər REAL Hərəkatının qurultayının Müsavat Partiyasının qərargahında keçirilməsi istəyi ilə bağlıdır.
«Bütün bunlar REAL Hərəkatının öz qurultayını Müsavat Partiyasının qərargahında keçirməyə qərar verməsi ilə bağlıdır. Hakimiyyət REAL-ın bizim qərargahda qurultay keçirməsini istəmir. Bunu açıq şəkildə deməsələr də, hər halda bu, söhbətin məzmunundan aydın oldu. Mən də açıq şəkildə bildirdim ki, Müsavat Partiyasının bu məsələlərlə bağlı qərarı qüvvədədir və bizim fəaliyyətimiz qanunidir. İstər Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanan müqaviləmizi, istərsə də öhdəliklərimizi yerinə yetiririk, bundan sonra da yerinə yetirəcəyik», - A.Hacılı bildirib.
A.Hacılı baş verənləri Azərbaycan hakimiyyətinin müxalifətə, siyasi opponentlərinə qarşı qeyri-qanuni təzyiq siyasəti adlandırıb.
Buna da bax- BŞİH REAL-a: 'Balansda sizin tələblərinizə uyğun zallar yoxdur...'
Müsavat başqanının bu dediklərinə hələlik Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
Xatırlatma
«Respublikaçı Alternativ» (REAL) Hərəkatı bir neçə aydır ki, qurultay keçirmək istəyir. Hərəkatın həmin qurultayda partiyaya çevrilməsi gözlənilir. Ancaq REAL qurultayı keçirməyə yer tapmadığını açıqlayıb. Hərəkatdan verilən məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinə, özəl mərkəzlərə dəfələrlə müraciət edilsə də, qurultayın keçirilməsinə yer ayrılmasından imtina olunub.
REAL bu günlərdə qurultayın dekabrın 17-si Müsavat Partiyasının qərargahında keçiriləcəyini açıqlamışdı.
Bunun ardınca Əmlak Məsələləri Dövlət Komitəsi Müsavat Partiyasına xəbərdarlıq məktubu göndərib. Partiyanın məlumatında qeyd edilir ki, dövlət komitəsi onlar ilə bağlanmış icarə müqaviləsinin şərtlərini əsas gətirərək, qərargahın bir başqasına icarə verilməsinin mümkün olmadığını bəyan edib. Əks halda, icarə müqaviləsinə xitam veriləcəyi vurğulanıb.
Müsavat Partiyası isə hesab edir ki, qərargahı REAL-a icarə verilmədiyindən müqavilə şərtləri heç də pozulmur.
Müsavat Partiyası rəhbərliyinin bu açıqlamasına isə Əmlak Məsələləri Dövlət Komitəsindən əlavə rəy almaq mümkün olmayıb.