Keçid linkləri

2024, 10 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:33

Müsavat qərargahından çıxarıla bilər - ReAL-a yer verərsə...


Müsavat qərargahı
Müsavat qərargahı

Müsavat Partiyası qərargahından çıxarıla bilər. Bu gün, dekabrın 14-ü Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin partiyaya bununla bağlı xəbərdarlıq etdikləri bildirilir.

Partiyanın məlumatında qeyd edilir ki, adı çəkilən komitənin nümayəndələri gələrək, məktub təqdim ediblər. Məktubun Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilovun adından göndərildiyi deyilir.

Verilən məlumata görə, məktubda partiyaya xəbərdarlıq edilir, onlar ilə bağlanmış icarə müqaviləsinin şərtləri xatırladılır.

Buna da bax: «Müsavatın başında qara buludlar dolaşır»

“Əmlak Komitəsi müqavilənin “icarəyə verənin razılığı olmadan icarəçi tərəfindən 2-ci əldən (subicarə) və ya hər hansı məqsədlə istifadəyə verilməsi”ni nəzərdə tutan maddəsini xatırladılıb. Üstəlik, qeyd edilib ki, bu halda müqaviləyə xitam verilə bilər”, – məlumatda vurğulanır.

Müsavat Partiyası komitənin xəbərdarlığının əsassız olduğunu bildirir. Partiyanın icra aparatının rəhbəri Gülağa Aslanlı bildirib ki, dövlət siyasi partiyalar haqqında qanunvericiliyə əsasən, siyasi partiyaların fəaliyyətinə şərait yaratmağa borcludur.

Gülağa Aslanlı
Gülağa Aslanlı

“Müsavat qərargahın icarə pulunu vaxtlı-vaxtında ödəyir. Məktubu təqdim edən şəxslər də Müsavatın nümunəvi icarədar olduğunu qeyd etdilər. Odur ki, müqaviləyə xitam verilməsinə heç bir əsas yoxdur”, - Gülağa Aslanlı deyib.

O, qeyd edib ki, xəbərdarlıq 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə bağlıdır.

Buna da bax:​ REAL yenidən qurultaya yer istədi

“Seçki ərəfəsində Müsavat Partiyasını, bütövlükdə müxalifəti zəiflətmək üçün bütün üsullara əl atırlar”, - deyən G.Aslanlı REAl Hərəkatının dekabrın 17-də Müsavatın qərargahında qurultay keçirməsinin müqavilənin pozulmasına əsas ola bilməyəcəyini də vurğulayıb.

“Biz REAl hərəkatına qurultay keçirmək üçün yeri icarə əsasında verməmişik. Bundan əvvəl İctimai Palatanın, Milli Şuranın, NİDA Hərəkatının və başqa ictimai təşkilatların iclasları da bu qərargahda keçirilib”.

Müsavat Partiyasının başqanı Arif Hacılı da REAL-ın qurultayının partiya qərargahında keçirilməsinə problem olmadığını ifadə edib.

Buna da bax: REAL-ın qurultayı dekabrın 17-də olacaq

Əmlak Komitəsinin xəbərdarlığını əsassız hesab edən A.Hacılı komitənin narahatlığına əsas olmadığını bildirib.

Arif Hacılı
Arif Hacılı

“Burda söhbət qərargahın zalının, otagının hansısa təşkilata icarəyə verilməsindən getmir”, - deyən Müsavat Partiyasının başqanı komitənin xəbərdarlığının partiyaya təzyiq etmək məqsədi daşıdığını bildirib.

Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən Müsavat Partiyası rəhbərliyinin bu açıqlamalarına, hələlik, münasibət almaq mümkün olmayıb.

Respublikaçı Alternativ (REAl) Hərəkatı bir neçə aydır ki, qurultay keçirmək istəyir. Hərəkatın həmin qurultayda partiyaya çevrilməsi gözlənilir.

Buna da bax: BŞİH REAL-a: ‘Balansda sizin tələblərinizə uyğun zallar yoxdur...’

Ancaq REAL qurultayı keçirməyə yer tapmadığını açıqlayıb. Hərəkatdan verilən məlumata görə, Bakı şəhər İcra Hakimiyyətinə, özəl mərkəzlərə dəfələrlə müraciət edilsə də, qurultayın keçirilməsinə yer ayrılmasından imtina edilib.

REAL dünən, dekabrın 13-ü qurultayın dekabrın 17-si Müsavat Partiyasının qərargahında keçiriləcəyini açıqlamışdı.

REAL Hərəkatı 2009-cu ildə yaradılıb. Hərəkatın lideri İlqar Məmmədov 2013-cü ildə İsmayıllı rayonunda iğtişaşların təşkilində ittiham olunaraq həbs edilib. Məhkəmənin qərarı ilə 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi onun həbsini qanunazidd və siyasi motivli hesab edib. Strasburq məhkəməsi bu qərarı 2014-cü ilin mayında verib. Ancaq İ.Məmmədov, hələ də həbsdədir.

XS
SM
MD
LG