Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:15

“Medianı dar bir köynəyin içinə salıblar”


Arif Əliyev
Arif Əliyev

►Arif Əliyev: “Bu durumu düzəltməyə, Azərbaycanda normal media mühiti, jurnalistika yaratmağa maksimum 3 il vaxt lazımdır”

Yeni İnzibati Xətalar Məcəlləsi jurnalistlərə informasiya verməyən məmurlara cərimələr müəyyənləşdirib. İndi informasiya açıqlığının təmin olunacağını gözləməyə dəyərmi?

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev AzadlıqRadiosuna müsahibəsində əvvəllər də qanunvericilikdə ciddi problem olmadığını deyir, əngəlləri başqa yerdə axtarmağın vacibliyini vurğulayır:

– İnformasiyanın əldə olunması ilə bağlı, eləcə də jurnalist hüquqlarını pozanlara qarşı qanunlarda cəza nəzərdə tutan maddələr çoxdur. Bu, əvvəl də var idi. Söhbət məbləğin dəyişdirilməsindən gedir. İnformasiyanın əldə olunmasında problemlər cərimənin az, ya da yuxarı olmasında deyil. Bunlar daha dərin köklüdür. Bir tərəfi psixoloji mühitlə bağlı problemlərdir. Digər tərəfdən isə informasiya siyasəti ilə – istər təşkilatın daxilindəki, istərsə də ölkə miqyasında informasiya siyasətinə söykənən məsələlərdir. Yəni qanunvericiliklə əlaqədar elə ciddi problem yox idi ki, indi qanunda müəyyən dəyişikliklər həyata keçirməklə bu vəziyyətin dəyişəcəyini söyləyək. Tətbiqlə bağlı problem var.

Şerif. Karikatura
Şerif. Karikatura

– Medianın informasiyayla təminatının 5-10 il əvvəlki ilə müqayisədə daha çətin olduğunu düşünənlər də çoxdur.

– İndi əsas problem məmurların jurnalistlərə informasiya verib-verməməsində deyil. Əsas problem jurnalistikamızın özünün yoxa çıxmağındadır. İndi sevinmək olar ki, jurnalistlərin hüquqları 5 il əvvəlki qədər pozulmur, nisbətən azalıb. Amma problem ondadır ki, həqiqətən müstəqil işləyən kütləvi informasiya vasitələri, faktiki, sıradan çıxarılıb. Bu gün informasiyanın qapalılıq, ya da açıqlılıq dərəcəsi heç KİV-lərin çoxunun vecinə də deyil. Bu baxımdan, indiki mühitdə hökumətin açıqlılığını əvvəlki dövrlə müqayisə edə bilmərik. Çünki jurnalistika öz döyüşkənliyini, müstəqilliyini, məğrurluğunu, milli maraqları ictimai maraqlarla uzlaşdırmaq qabiliyyətini, faktiki olaraq, itirib. Televiziya mühitinə baxın. Media bazarının minimum 70 faizini təşkil edir. Onlara baxıb jurnalistikanın hansı durumda olduğunu demək yetərlidir. Ya da qəzet bazarını götürək. Faktiki, əlini üstünə qoymağa qəzet tapmaq mümkün deyil.

______________________________________________________________

Bunlara da bax:

______________________________________________________________

– Bu durumun dəyişməsi üçün nə gərəkir?

– Bu durumu düzəltməyə və Azərbaycanda normal media mühiti, jurnalistika yaratmağa maksimum 3 il vaxt lazımdır. Bütün resurslar hələ də mövcuddur. Maddi resurslar da, təcrübə də, intellektual resurslar da, kadrlar da var. Söhbət yalnız bu resursları idarə edən və nəzarətdə saxlayan hakimiyyətin mövqeyindən və rolundan gedə bilər. Yəni, söhbət siyasi iradədən gedir. Ona görə də o zaman bədbin olardım ki, siyasi mühit dəyişkənliyi halında standartları qaldırmağa pul, potensial, ya ənənə olmayaydı. Ona görə də mən o qədər də bədbin deyiləm. Sadəcə, ürək ağrısı böyükdür. Çünki görürsən ki, bu qədər böyük imkanları olan medianı dar bir köynəyin içinə salıblar, hər tərəfdən də əl-qolunu bağlayıblar. Mediamızın Avropa mediası səviyyəsində oturuşması naminə situasiyanı dəyişməkdən, real infrastrukturda dəyişiklərdən ötrü maksimum 3 il lazımdır. Amma hər şey ölkədəki siyasi durumdan, islahatlardan asılıdır. Faktiki, çox şeyi təzədən başlamaq, yenidən qurmaq lazım olacaq. Qanunvericliklə islahatlara, dəyişikliklərə ehtiyac var. Medianın iqtisadi fəaliyyətinin əsasları tamamilə yenidən qurulmalıdır. Bu ölkədə yayım sistemi dağılıb. Yeni texnologiyalardan, ümumiyyətlə, xəbər yoxdur, köhnə texnologiyalar isə yalnız köşklərə kimin sahiblik edəcəyindən asılıdır. Yeni medianın inkişaf imkanlarının genişləndirilməsi reklam bazarının ideoloji tabeçilikdənçıxarılmasından asılıdır. İctimai reklamların, yəni dövlətin reklam və elanlarının müəyyən bir sistem əsasında həyata keçirilməsi məsələsi önəmlidir. Ən əsası, mediaya və jurnalistlərə müstəqil inkişaf etmək və öz redaksiya siyasətlərini hazırlayıb həyata keçirmək imkanları vermək lazımdır. Bunlar hamısı dünyada dəfələrlə tətbiq olunmuş və keçilmiş yollardır. Burada yeni heç bir şey lazım deyil. Bir az ağıl və iradə lazımdır.

Buna da bax...

Qazaxıstanda kollec müəllimi tələbədən açıq-aydın rüşvət alır
Gözlə

No media source currently available

0:00 0:01:15 0:00

XS
SM
MD
LG