Türkiyədə yaşayan iranlı antihicab fəalı polis tərəfindən qısa müddətdə saxlandıqdan sonra sərbəst buraxılıb. Onun İrana deportasiya oluna biləcəyindən narahatlıq vardı.
Mariam Shariatmadari 2018-ci ildə Tehranda ictimai yerdə baş örtüyünü çıxardığına görə bir il müddətinə azadlıqdan məhrum edilmişdi.
O sentyabrın 7-də Instagram hesabında yazmışdı ki, Türkiyə polisi onu ölkənin cənubundakı Denizli şəhərində “heç bir səbəb olmadan” saxlamışdı.
Xanım Shariatmadari yazırdı ki, onunla birlikdə bir neçə başqa şəxslər də saxlanmışdı və onları İrana deportasiya edə bilərdilər.
O tərəfdarlarını saxlanması barədə xəbəri ictimailəşdirməyə çağırırdı. Bundan bir neçə saat sonra Türkiyə polisi fəalı azad edib.
Turist vizası
Türkiyəli vəkil Mousa Barzin saxlanmada olduğu vaxt xanım Shariatmadari ilə danışmışdı.
Vəkil AzadlıqRadiosuna deyib ki, Shariatmadari Türkiyədə birillik turist vizası ilə yaşayırdı və o vizanın müddəti bitdikdən sonra siyasi sığınacaq istəmişdi.
Barzin sentyabrın 8-də deyib ki, Shariatmadari-nin sığınacaq müraciətinə baxılıb-baxılmaması hələki bilinmir.
Vəkil əlavə edib ki, fəalın saxlanmasına səbəb onun Türkiyədə viza müddətindən artıq qalması idi.
“İnqilab küçəsinin qızları”
Shariatmadari 2018-ci ildən bəri antihicab fəallarının lideri sayılır.
Onları İranda “İnqilab küçəsinin qızları” adlandırırlar.
Shariatmadari Tehranda transformator qutusunun üstünə çıxaraq hicabını açdıqdan sonra polis tərəfindən həbs edilmişdi və bu zaman xəsarət aldığı deyilirdi.
Həmin hadisənin videosu internetdə geniş yayılmışdı.
İranda qadınlar üçün hicab 1979-cu ildən bəri icbari geyim qaydasıdır.