Keçid linkləri

2026, 08 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:59

Anar Məmmədli və Anar Abdullaya hökm oxundu: 'Həbsindən sonra anasının vəziyyəti kəskinləşdi...'

Anar Məmmədli
Anar Məmmədli

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədliyə 13 il, onunla birlikdə mühakimə olunan ictimai fəal Anar Abdullaya isə 12 il həbs cəzası kəsilib. Sentyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində onlara hökm oxunub.

Aygün Qurbanovanın sədrlik etdiyi hakimlər kollegiyasının hökmünə görə, A.Məmmədli və A.Abdulla qaçaqmalçılıq, cinayət yoluyla əldə edilmiş vəsaitlərin leqallaşdırılması, qanunsuz sahibkarlıq və s. əməllərdə təqsirli bilinib. Saxta sənəd hazırlama və istifadə ittihamına isə xitam verilib.

Hökmdən öncə son sözünü deyən A.Məmmədli siyasi sifarişlə həbs olunduqlarını vurğulayaraq məhkəmə prosesini də "siyasi tamaşa" adlandırıb. Hüquq müdafiəçisi bildirib ki, məhkəmədə faktiki heç bir araşdırma aparılmadı.

"Ədalət mühakiməsi hüququnu qorumaq əvəzinə siyasi sifarişlər icra etməklə vətəndaşlar üçün Bakı Siyasi Cinayətlər Məhkəməsinə çevrilən bu məhkəmədən heç bir gözləntim yoxdur. Sadəcə, çıxışım Azərbaycan məhkəmə-hüquq sisteminin eybəcərliklərini gələcəkdə araşdıracaq şəxslər, hüquqşünaslar üçün nəzərdə tutulub. Nə zamansa bütün siyasi repressiya qurbanlarına bəraət veriləcək. O zaman bu cür qondarma cinayət işləri ilə bizim azadlıq hüququmuzun pozulması siyasi cinayət əməli kimi tanınacaq", – A.Məmmədli son sözündə belə deyib.

Hüquq müdafiəçisi bildirib ki, onları qaçaqmalçılıqda ittiham edirlər, amma bununla bağlı heç bir sübut ortaya qoymurlar.

Anar Abdulla
Anar Abdulla

"Anarın anası oğlunun qayğısına möhtacdır"

A.Məmmədli vurğulayıb ki, onu ən çox sarsıdan 10 ilə yaxındır bloqer və ictimai fəal kimi tanıdığı A.Abdullanın bu iş üzrə həbsidir. Hüquq müdafiəçisi hesab edir ki, onun ətrafında mütəşəkkil dəstə görüntüsü yaratmaq üçün A.Abdullanı təqsirləndirilən şəxs qismində bu işə qoşublar: "Əfsus ki, bu addımı atarkən Anarın anasının səhhətini və ailə vəziyyətinə təsirini nəzərə almadılar. Anarın anası oğlunun qayğısına möhtacdır. Anarın həbsindən sonra anasının vəziyyəti kəskinləşdi və psixi dispanserə yerləşdirildi. Bu rüsvayçılıq Anar Abdullanın azadlığa çıxması ilə həllini tapmalıdır".

Ölkədə illərdir seçki problemlərini araşdırdığını deyən A.Məmmədli əlavə edib ki, insan hüquqlarının və demokratik dəyərlərin müdafiəsinə görə ikinci dəfə siyasi məhbus həyatı yaşasa da, buna görə peşman deyil. O, çıxışının sonunda dünyanın müxtəlif ölkələrindəki siyasi məhbuslara əzm və dəyanət arzulayıb.

İctimai fəal A.Abdullanın son sözü isə qısa olub. Deyib ki, ittihamda onun Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzində yeddi vəzifədə işlədiyini göstəriblər. Bunların arasında hüquqşünas, operator, dizayner, hüquqi məsələlər üzrə koordinator və s. vəzifələr var: "Məni tanıyanlar bilir ki, kasıb adam olmuşam, nə orada yazılan işlərdə işləmişəm, nə də o qədər pulum olub. Mənim evdə adi kompüterim yox idi. Mən bu işdə "mütəşəkkil dəstə" donu geyindirmək üçün istifadə olunmuş adamam. Ona görə də özümü nədəsə müdafiə etməkdə bir məna görmürəm, gedib otururam yerimdə...".

Bu çıxışların ardından müşavirəyə gedən hakimlər bir neçə dəqiqə sonra geri qayıdaraq 13 və 12 illik hökmü elan ediblər.

Xatırlatma

SMDT rəhbəri Anar Məmmədli 2024-cü il aprelin 29-dan həbsdədir. Ona qarşı öncə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaqın sonunda qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə edilmiş əmlakın leqallaşdırılması, vergidən yayınma və s. maddələrlə ittiham ağırlaşdırılıb.

İstintaqın sonunda Anar Abdullaya da eyni maddələrlə ittiham verilib, lakin onun haqqında polisin nəzarəti altına vermə-qətimkan tədbiri seçilib. Bir müddət sonra isə A.Abdulla da həbs edilib.

A.Məmmədli 2013-cü ilin dekabrında həbs olunmuş, 2016-cı ilin martında əfv sərəncamı ilə azadlığa buraxılmışdı. Həbsdə olduğu dövrdə Vatslav Havel mükafatına layiq görülüb.

Hüquq müdafiəçilərinin hesabatına görə, hazırda Azərbaycanda 328 siyasi məhbus var.

Azərbaycan rəsmiləri isə ölkədə heç kimin siyasi motivlərlə təqib olunmadığını bildirirlər. Onların iddiasına görə, həbs edilən şəxslər konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunublar.

XS
SM
MD
LG