Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:46

Amerikada son 30 ildə bu qədər intihar olmamışdı


İntihar
İntihar

-

ABŞ-da intihar halları son 30 ildə ən yüksək həddə çatıb. 1999-cu ildən 2014-cü ilədək 45-64 yaşarası qadınların özünüöldürmə göstəricisi 63 faiz artıb. Eyni yaş qrupundakı kişilərdə bu artım 43 faizdir. Bütövlükdə bütün yaş qruplarında intihar halları 15 ildə 24 faiz çoxalıb.

ABŞ-ın Milli Səhiyyə Statistikası Mərkəzi belə yazır.

Bu məlumat ölkədə həyəcan siqnalı eşitdirməyə yetər, çünki 1950-ci ildən bəri amerikalılar arasında həmin göstərici, demək olar, artmır, tam tərsi - zaman-zaman azalırdı.

HƏR 100 MİN NƏFƏRDƏN 13-Ü İNTİHAR EDİR

Orta hesabla götürülsə, indi ABŞ-da hər 100 min nəfərdən 13-ü intihar edir. Bu da 1986-cı ildən bəri ən yüksək göstəricidir. 1999-cu ildə 29 min 199 nəfər öz həyatına son vermişdisə, 2014-cü ildə bu rəqəm 42 min 773-ə çatıb.

Ortayaşlı insanlar arasında intiharların artması, əsasən, işitirmə və şəxsi maliyyə çətinliklərindən qaynaqlanır. Robert Wood Johnson Fondunun səhiyyə müşaviri Katherine Hempstead bu fikirdədir. Ancaq özünəqəsddə ən böyük artıma 10-14 yaşarası qızlarda rast gəlinir. İki il öncə həmin yaşda olan 150 qızcığaz öz həyatına son verib. Halbuki 1999-cu ildə bu göstərici 3 dəfə az - cəmi 50 nəfər idi.

İrqi və etnik qruplara gəlincə, intiharlarda ən dramatik artım Amerikanın aborigen əhalisi sayılan qızıldərililərdə qeydə alınıb – qadınlarda 89; kişilərdə 38 faiz.

Həmin göstərici yalnız bir irqdə - qaradərililərdə azalıb. O da bütün yaş qruplarında deyil, təkcə yaşı 75-i aşanlar arasında.

Ortayaşlı amerikalıların intihar olaylarını araşdıran sosiologiya professoru Julie Phillips-in fikrincə, belə ciddi artımı sosial dəyişikliklər körükləyə bilər. 1990-cı ildən bəri özəlliklə aztəhsilli amerikalılar arasında ailə quranların sayı azalıb. Boşanma isə iki dəfə çoxalıb.

İNTİHARLARIN ARTIMI BİRBAŞA İQTİSADİ DURUMLA BAĞLIDIR

Başqa bir səbəb də ölkənin iqtisadi durumundan qaynaqlanır. Xəstəliklərə Nəzarət və Onların Önlənmə Mərkəzindən doktor Alex Crosby 1920-ci illərdən bəri iqtisadi tənəzzüllə intihar hallarının artması arasındakı bağlantını araşdırıb. Belə məlum olub ki, iqtisadi durum pisləşdiyi dönəmlərdə intiharlar da sayca artır. Amerika tarixində intiharların ən çox qeydə alındığı dövrlərdən biri Böyük Tənəzzül ili sayılan 1932-ci ildir. O vaxt hər 100 min insana 22-dən çox intihar qeydə alınıb. Bu da 2014-cü ildəki göstəricidən 70 faiz çoxdur.

Özünə qəsd edən hər 4 nəfərdən 1-iözünü asmaqla həyatını sonlandırır. 1999-cu ildə 5 intiharçıdan 1-i özünü asırdı. Mütəxəssislərin fikrincə, belə intiharların qarşısını almaq çox çətindir, çünki özünü asmaq hər kəsə çox əlçatan üsuldur.

AZƏRBAYCANDA HANSI İNTİHAR NÖVLƏRİ YAYILIB?

Azərbaycan mediasında, özəlliklə ilin əvvəlindən, az qala, hər gün intiharlar və intihara cəhdlər barədə xəbər yayılır.

Qurbanlar daha çox bank borcu vəmaddi imkansızlıq ucbatından intihara əl atırlar. Ekspertlər belə düşünürlər.

Azərbaycanda intiharların rəsmi statistikası aparılmır. Bu üzdən, son vaxtlar intihar saylarında hiss edilən tendensiyanın gerçək mənzərəsi - artması, yoxsa azalması haqqında bir söz demək çətindir.

İntihar üsullarına gəlincə, Azərbaycanda özünü asanlar, yandıranlar, hündürlükdən atanlar, dərman içib ölənlər daha çoxdur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG