Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:51

‘Küləklə sovrulanlar’ da tarixin və siyasətin imtahanına çəkilir


The Telegraph qəzeti yazır ki, Tennesi ştatındakı kinoteatrlardan biri illərdir davam edən ənəni pozaraq məşhur “Küləklə sovrulanlar” (Gone With the Wind) bədii filminin gələcək nümayişlərini ləğv edib.

Rəsmilər bildiriblər ki, 1939-cu ildə çəkilmiş bu klassik kinematoqrafiya əsəri müasir dövrdə irqi baxımdam həssas məsələyə çevrilib.

Memphis’ Orpheum kinoteatrının nümayəndələri elan ediblər ki, film gələn yay mövsümündə göstərilməyəcək.

Orpheum kinoteatrlar qrupunun direktoru Brett Batterson bildirib ki, “biz bir təşkilat olaraq “əyləndirmək, maarifləndirmək və təhsilləndirmək kimi missiyamız çərçivəsində cəmiyyətin böyük bir kəsimi üçün həssas olan bu filmi nümayiş etdirə bilmərik”.

Belə çıxır ki, “Küləklə sovrulanlar” 34 ildən sonra ötən 11 avqustda sonuncu dəfə böyük ekrana çıxıb.

Cənab Batterson deyib ki, filmin son nümayişi çoxsaylı şikayətlərə səbəb olub.

Direktor bunu da vurğulayıb ki, yay mövsümü üçün filmlər hər yaz seçilsə də, “Küləklə sovrulanlar” filminin göstərilməyəcəyi barədə qərar indidən qəbul olunub.

Bütün dünyada milyonlar tərəfindən sevilən bu film Corciya ştatında plantasiya sahibinin qızı Scarlett O'Haranın Amerika Vətəndaş Müharibəsi illərindəki və ondan sonrakı həyatından bəhs edir.

Məqalədə deyilir ki, film çəkildiyi vaxtdan bəri populyar olsa da, zaman-zaman buradakı qaradərili obrazlara görə irqi və etnik icmalar arasında qıcıqlanma yaradıb.

ABŞ-da son həftələrdə konfederat heykəlləri ilə bağlı yaranmış ziddiyyət və qarşıdurmalar “Küləklə sovrulanlar” filmindən də yan keçməyib.

Bəzi siyasi fəallar bu filmi elə konfederat generalların heykəlləri kimi quldarlığın qalığı hesab edirlər.

Tənqidçilər deyirlər ki, filmdə quldarlığa qarşı olan şimallılar cani kimi təqdim olunduğu halda, cənublular daha rəğbətlə təsvir edilib.

Amma burası da var ki, filmin nümayiş etdirilməsinin ləğvi sosial mediada kəskin tənqidlə üzləşib.

“İnana bilmirəm ki, 34 illik ənənə üç-dörd dəymədüşərə görə pozulub – yazır Gaetano Averella adlı Facebook istifadəçisi, - “Küləklə sovrulanlar” klassikadır və burada oynayan Hattie McDaniel Oscar alan ilk qaradərili qadın olub”.

Bu arada filmdə baş rolu oynamış aktrisa Vivien Leigh-ə aid olan ssenari nüsxəsi, ulduzun başqa şəxsi əşyaları ilə birlikdə Londonda hərraca çıxarılacaq. Amerikada film ətrafında yaşanan bu ziddiyyət hərracdakı stavkaları xeyli qaldıra bilər.

Leigh bu filmdəki roluna görə Oscar mükafatı almışdı.

Ümumiyyətlə isə bu film 1940-cı ildə 10 Oscar mükafatına layiq görülmüşdü.

Filmin əsasını təşkil edən və ondan iki il əvvəl Margaret Mitchell tərəfindən yazılmış eyniadlı roman isə Amerika tarixində İncildən sonra ən populyar kitab olaraq qalır.

Və sonda bu da qeyd edilməlidir ki, bu film haqqında məqalə Azərbaycan dilində Wikipedia-nın bəlkə də ən böyük məqalələrindən biridir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG