Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyun, Cümə axşamı, Bakı vaxtı 02:43

ABŞ Rusiya və Çinin kosmosa silah çıxarmasından ehtiyatlanır


ABŞ-ın Strateji Komandanlığının rəhbəri John Hyten

Pentaqon Rusiya ilə Çinin kosmik silah hazırlamaq üzərində iş apardığını düşünür. ABŞ hərbi komandanlığı hesab edir ki, buna layiqli cavab verilməlidir.

ABŞ-ın Strateji Komandanlığının rəhbəri John Hyten bildirib ki, Rusiya və Çin geostasionar orbit üçün silah hazırlamaqla bağlı fəaliyyət göstərirlər. Ona görə Birləşmiş Ştatlar ləngimədən bu fəaliyyəti önləməyin bir yolunu axtarıb tapmalıdır.

Hərbi hava qüvvələrinin generalı Hyten Kaliforniyada Stenford Universitetində çıxışında kosmosda təcavüzün qabaqlanması perspektivindən danışıb.

Buna da bax: Ağ Ev və Kreml: Trump və Putin 'birgə işləmək' razılığına gəliblər

Kosmosda pis davranışları necə önləməli?

kosmik stansiya
kosmik stansiya

"Biz kosmosda pis davranışları və münaqişələri önləməliyik", – deyən general bu cür pis davranış və münaqişə risklərinin, ilk öncə, ABŞ-ın Rusiya və Çin kimi geosiyasi düşmənlərindən qaynaqlandığını bildirib. Onun sözlərinə görə, Yer kürəsinə yaxın, geostasionar orbitə çıxarmağa silah hazırlayan məhz bu iki dövlətdir.

Hyten söyləyib ki, Çin hökuməti Yerə yaxın orbit üçün silah sistemlərini hələ 2007-ci ildə sınaqdan keçirib. Günü bu gün də çoxsaylı orbital rejimlərdə sınaq işlərini davam etdirirlər.

"Onların bu potensialdan yararlanmaq imkanı qazanacaqları zaman çox da uzaqda deyil. Bundan sonra onlar kosmosa buraxacağımız istənilən kosmik aparatı məhv edə biləcəklər. Bunun qarşısını almalıyıq. Müharibəni önləməyin ən yaxşı yolu isə ona hazırlaşmaqdır. ABŞ bunu edəcək. Qoy hamı əmin olsun ki, biz müharibəyə hazırıq", – deyə amerikalı general əlavə edib.

Buna da bax: Səs yazısı yayılan dekan müavinindən xəbər var (video)

Rusiya nə düşünür?

Rusiya hələ 1980-ci illərdən peykəleyhinə müdafiə sisteminə malikdir. Hazırdasa Rusiya fəal şəkildə bu potensialı genişləndirməyin üsullarını axtarır.

Peykdən çəkilən fotolar, Suriya
Peykdən çəkilən fotolar, Suriya

“Belə üsullardan biri kimi kosmik lazerlər və bizim peyklərə təhlükə törədə biləcək digər sistemlər üzərində iş aparılır”, – deyən Hyten hesab edir ki, bütün bunlar sonucda kosmosa çıxışı çətinləşdirəcək kosmik tullantıların artmasına gətirib çıxaracaq.

Keçən il mayın 27-də Rusiya Moskvanın şimalındakı Pletsetsk kosmos bazasından Nudol adlı raketini kosmosa göndərmişdi. Bu raketin ABŞ-ın dəniz nəqliyyatı, rabitə və kəşfiyyat vasitələrini təsirsiz hala gətirə biləcək gücdə olduğu bildirilirdi. Onda da ABŞ Hərbi Hava Qüvvələri məsələylə bağlı narahatlığını bildirmişdi. Çin isə son raket sınağını 2015-ci ilin sonunda gerçəkləşdirib.

ABŞ-ın Strateji Komandanlığının rəhbəri John Hyten-in dediyinə görə, kosmosun ən mühüm elementlərindən biri Yer kürəsindən 22 min 300 mil uzaqda onu əhatələyən, dairəvi şəklində olan geostasionar orbitdir.

Həmin orbitdə süni peyklər Yer kürəsi səthinə nəzərən hərəkətsiz qala bilirlər. Bunun sayəsində bu orbit kommunikasiya texnologiyaları, televiziya və radio peykləri, habelə hərbi peyk sistemlərindən ötrü xüsusi əhəmiyyət daşıyır.

"Operativ idarəetmədən tutmuş, nüvə sferasınadək ən müxtəlif sahələrdə xüsusi rabitə əlaqəsini biz məhz həmin orbit vasitəsilə gerçəkləşdiririk. Əgər kimsə təhdid məqsədiylə geostasionar orbitlə bağlı nə isə etsə, yaranacaq kosmik tullantılar orada həmişəlik qalacaq", – deyə ABŞ-ın Strateji Komandanlığının rəhbəri bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG