Keçid linkləri

2026, 30 Oktyabr, cümə, Bakı vaxtı 21:16

Almaniya 27 Tacikistan vətəndaşını deportasiya edib, azı 152 nəfər isə növbəsini gözləyir

Tacikistan müxalifət hərəkatı "Qrup 24"ün nümayəndələrinin Türkiyənin Almaniyadakı konsulluğu qarşısında etirazı
Tacikistan müxalifət hərəkatı "Qrup 24"ün nümayəndələrinin Türkiyənin Almaniyadakı konsulluğu qarşısında etirazı

Bu ilin yanvar-avqust aylarında Almaniyadan 27 Tacikistan vətəndaşı deportasiya edilib, ən azı 152 nəfər isə məcburi deportasiya təhlükəsi ilə üz-üzədir. AzadlıqRadiosunun tacik xidməti (Radio Ozodi) bu barədə Almaniya hökumətinin parlament sorğusuna verdiyi cavaba istinadən məlumat yayıb.

Bu məlumatlar oktyabrın 21-də Bundestaqda "Sol Partiya" fraksiyasının sorğusuna cavab olaraq təqdim olunub. Deportasiya edilənlərin əmək miqrantı, yoxsa sığınacaq axtaran şəxs olduğu dəqiqləşdirilməyib.

Avqustun sonuna olan məlumata görə, Almaniyada ümumilikdə 12891 Tacikistan vətəndaşı yaşayıb. Onlardan 1074 nəfəri ölkəni tərk etmək məcburiyyətindədir, azı 152 nəfəri isə məcburi şəkildə deportasiya edilə bilər.

Sentyabrda "Sol Partiya" hökumətdən Tacikistan İslahat və İnkişaf Hərəkatının üzvü Əsədullo Boboyevin bu ölkəyə deportasiya olunmasına aydınlıq gətirməsini tələb edib. Hüquq müdafiə təşkilatlarının narahatlığına baxmayaraq, Boboyev oğlu ilə birlikdə iyun ayında Almaniyadan çıxarılıb. Boboyev vətəninə qayıtdıqdan sonra ekstremizm ittihamı ilə 17 il azadlıqdan məhrum edilib. Onun oğlu qohumlarına təhvil verilib, həyat yoldaşı və digər övladı isə Almaniyada qalıb.

Almaniya hökuməti deputatların sorğusuna cavabında Boboyevin saxlanılması və həbsinin səbəbləri barədə məlumatsız olduğunu bildirib.

"Freedom For Eurasia" hüquq müdafiə təşkilatı bu məhkəmə hökmünü pisləyərək, bunu Almaniya hakimiyyətinin müxalifətçinin deportasiyası ilə bağlı qərarının birbaşa nəticəsi adlandırıb.

Almaniya bundan əvvəl də tacik müxalifətinin digər nümayəndələrini – Abdullo Şəmsiddin, Bilol Qurbanəliyev və Dilmurod Erqaşevi Tacikistana deportasiya etmişdi. Ölkəyə qayıtdıqdan sonra onlar hüquq müdafiəçilərinin qondarma hesab etdiyi ittihamlar əsasında 7 ildən 10 ilədək azadlıqdan məhrum olunublar.

​
XS
SM
MD
LG