Keçid linkləri

2026, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:32

Almaniyanın deportasiya etdiyi fəala Tacikistanda 17 il həbs cəzası verildi

Əsədullo Boboyev
Əsədullo Boboyev

Tacikistan məhkəməsi bu ilin iyununda Almaniyadan deportasiya olunmuş 54 yaşlı müxalif fəal Əsədullo Boboyevi 17 il azadlıqdan məhrum edib. Bu barədə "Freedom for Eurasia" (FFE) insan hüquqları təşkilatı və AzadlıqRadiosunun tacik xidməti məlumat yayıb.

Dövlət ittihamçısı müxalifətçinin 21 il azadlıqdan məhrum edilməsini istəmişdi. Boboyevə qarşı Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham irəli sürülüb. O, konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsinə, hakimiyyətin ələ keçirilməsinə və ya ölkənin ərazi bütövlüyünün pozulmasına açıq çağırışlar etməkdə təqsirləndirilib.

Boboyev 2017-ci ildə ailəsi ilə birlikdə Tacikistanı tərk edib. O, əvvəlcə Litvaya, daha sonra isə Almaniyaya köçərək orada sığınacaq istəyib.

O, ölkədə islahatların aparılmasını və Emoməli Rəhmon rejiminin dəyişdirilməsini tələb edən "Tacikistanın İslahatı və İnkişafı" müxalifət hərəkatının üzvüdür. Boboyev sosial şəbəkələrdə Tacikistan hökumətini kəskin tənqid edib.

2026-cı il iyunun 8-də Boboyev və onun 19 yaşlı oğlu Almaniyanın Kleve rayonunda saxlanılıblar. Onlara iyulun 1-nə qədər Almaniyada qalmaq hüquqlarını əsaslandırmaq üçün vaxt verilmişdi.

Müdafiə tərəfinin Boboyevin vətənində təqib olunma riski ilə bağlı təqdim etdiyi materiallara baxmayaraq, məhkəmə ata və oğulun Tacikistana deportasiyası barədə qərar çıxarıb.

İyunun 20-də Boboyev həyat yoldaşına zəng edərək oğlu ilə birlikdə Münhenə aparıldığını və Düşənbəyə uçan təyyarəyə mindiriləcəklərini bildirib.

Tacikistana çatdıqdan sonra təhlükəsizlik qüvvələri onun oğlunu nənəsinə təhvil verib, Boboyevi isə istintaq təcridxanasına aparıblar.

Boboyevin həyat yoldaşı və iki qızına isə Almaniyada qalmaq icazəsi verilib.

​
XS
SM
MD
LG