Avropa İttifaqı (Aİ) səfirləri Ukraynaya bu və gələn il üçün 90 milyard avro (106 milyard dollar) məbləğində kredit ayrılmasını təsdiqləyib. Ukrayna üzərindən "Drujba" kəməri ilə Mərkəzi Avropaya Rusiya neftinin nəqli bərpa olunduqdan sonra Macarıstan və Slovakiya vetolarını geri götürüblər.
Aİ aprelin 22-də bildirib ki, regiona neft axını başlayan kimi qərar rəsmən qüvvəyə minəcək. İclasda Ukrayna müharibəsi ilə bağlı Rusiyaya qarşı 20-ci sanksiya paketi də qəbul edilib.
Avropa rəsmisinin AzadlıqRadiosuna dediyinə görə, neft artıq kəmərə vurulur və ən geci sabah Macarıstan-Slovakiya sərhədlərinə çatmalıdır.
Ukrayna prezidenti Volodimir Zelenski bir gün əvvəl verdiyi bəyanatda Rusiyanın hava hücumları nəticəsində sıradan çıxmış kəmərin bərpa edildiyini açıqlayıb. Bununla belə o, xəbərdarlıq edib ki, "hazırda heç kim Rusiyanın kəmər infrastrukturuna yenidən hücum etməyəcəyinə zəmanət verə bilməz".
Macarıstan və Slovakiya Kiyevi kəmərin bərpasını siyasi səbəblərlə yubatmaqda ittiham edib. Budapeşt isə "Drujba" işə düşənədək Ukrayna ilə bağlı bir sıra qərarları bloklamışdı.
Təmirpulu ayrılıb
Martda Avropa Komissiyası "Drujba" kəmərinin bərpasına maliyyə yardımı ayırdığını və zədələnmiş hissələrə baxış keçirmək üçün ekspert qrupu göndərdiyini açıqlamışdı. Di gəl, həmin qrupun təhlükəsizlik və ya digər səbəblərdən Kiyevdən kənara çıxmadığı deyilir.
Nəhayət, bugünkü qərar sözügedən kredit ətrafında çoxdandır davam edən mübahisələrə son qoyur. Macarıstan və Slovakiya da daxil olmaqla, Aİ liderləri bu yardım paketini hələ 2025-ci ilin dekabrında Brüssel sammitində razılaşdırmışdılar.
Liderlər Aİ-nin ümumi büdcəsi ilə zəmanət altına alınan kredit modelini seçiblər. Kredit üçün vəsaitlər ittifaqa üzv ölkələrin maliyyə bazarlarından birgə borclanması yolu ilə cəlb ediləcək.
Dondurulmuş Rusiya aktivlərinin girov qismində istifadəsini nəzərdə tutan "reparasiya krediti" geniş müzakirə olunsa da, Belçika bu təşəbbüsə veto qoyub. Sözügedən aktivlərin böyük hissəsi Brüsseldə yerləşən 'Euroclear' beynəlxalq maliyyə mərkəzində saxlanılır.
Aİ kreditin ilk tranşının aprelin sonu və ya mayın əvvəlində Ukraynaya çatdırılacağına ümid edir.
Beynəlxalq Valyuta Fondunun ötənilki hesabatına görə, 2026-2027-ci illərdə Ukraynanın təxminən 135 milyard avroya ehtiyacı olacaq. Brüssel bu məbləğin böyük hissəsini qarşılamağı öhdəsinə götürüb.