Avropa İttifaqı (Aİ) Rusiya vətəndaşlarının blok ərazisinə girişini məhdudlaşdırmaq üçün eyni vaxtda bir neçə istiqamətdə fəaliyyət göstərir. Bu tədbirlər arasında Şengen zonasına qeyri-vacib hesab edilən bütün səfərlərin tamamilə qadağan olunması da var.
Bu arada, Brüssel və Aİ-nin bir sıra üzv dövlətlərinin bəyanatına görə, Rusiya diplomatik statusundan yararlanan və ya turist vizası ilə səyahət edən şəxslər blok ərazisindəki müxtəlif hibrid hücumlarda rol alıblar.
AzadlıqRadiosunun jurnalisti Rikard Yozvyakın əldə etdiyi sənəddə deyilir ki, "yeganə uzunmüddətli və effektiv həll yolu konkret bir ölkənin vətəndaşları üçün qeyri-vacib səfərləri qadağan edən viza məhdudiyyətlərinin tətbiqi ola bilər".
Aİ prezidentliyinin sızdırılmış sənədinə əsasən, belə bir addımın atılması üçün Aİ-nin Viza Məcəlləsinə dəyişiklik edilməlidir. Yalnız bu təqdirdə məhdudiyyətlər bütün üzv dövlətlərdə vahid qaydada qüvvəyə minəcək.
Məcəlləyə düzəliş üçün isə üzv dövlətlərin ən azı 55 faizinin dəstəyi tələb olunur və həmin ölkələr Aİ əhalisinin azı 65 faizini təmsil etməlidir.
Ötən il rusiyalılara 477 mindən çox viza verilib
Viza Məcəlləsində daha genişmiqyaslı islahatların aparılması ilin sonuna doğru gündəmə gələ bilər. Lakin Cənubi Avropa ölkələri Rusiya vətəndaşları ilə təmasları tamamilə kəsməyə hələ də tərəddüdlə yanaşırlar.
Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı müdaxiləyə başlamasından az sonra Aİ Rusiya ilə viza rejiminin sadələşdirilməsi haqqında sazişi tamamilə dayandırıb.
Aİ-nin Rusiya ilə həmsərhəd olan şərq ölkələri rusiyalıların öz ərazilərinə daxil olmasına nadir hallarda icazə verir.
Cənubi Avropa ölkələri isə yay turizmindən gəlir götürməkdə maraqlı olduqları üçün Rusiya vətəndaşlarına Şengen turist vizalarının rəsmiləşdirilməsində daha yumşaq davranırlar.
Bunun nəticəsi olaraq, 2025-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən bəri rekord göstərici qeydə alınıb: Rusiya vətəndaşları turizm məqsədilə 477 min 878 viza alıblar.
Bu sənədlərin böyük əksəriyyəti Yunanıstan, İtaliya, Fransa və İspaniya tərəfindən təqdim edilib.
Aİ rusiyalı ziyarətçilərin sayını azaltmaq üçün paralel olaraq üç istiqamətdə iş aparır: Ukraynadakı döyüşlərdə iştirak etmiş keçmiş hərbçilərin girişinin qadağan olunması, Rusiya diplomatlarının hərəkət azadlığının məhdudlaşdırılması və "məhdud ərazi etibarlılığı" (LTV) olan vizaların tətbiqi.
LTV vizası sahibinə digər Şengen ölkələrinə səfər qadağası qoyaraq, yalnız icazəni verən dövlətin hüdudlarında qalmaq hüququ tanıyır.