Keçid linkləri

2026, 17 Yanvar, şənbə, Bakı vaxtı 00:31

Aİ teleaparıcılar Zarubinə, Andreyevaya sanksiya təklif edir


Pavel Zarubin, Kremlin sözçüsü Dmitri Peskov və Vladimir Putin
Pavel Zarubin, Kremlin sözçüsü Dmitri Peskov və Vladimir Putin

Avropa İttifaqının (Aİ) rəsmiləri Rusiyanın ən tanınmış televiziya simalarından bəzilərinə sanksiyaların tətbiqinə çağırıblar. Onların sırasında prezident Vladimir Putini tərifləyən reportajları, ona əsasən məhdudiyyətsiz çıxışı ilə tanınan dövlət televiziyasının müxbiri Pavel Zarubin də var.

AzadlıqRadiosunun əldə etdiyi təkliflərdə daha beş tanınmış rusiyalı da yer alıb. Onlardan biri tanınmış teleaparıcı Yekaterina Andreyeva, digəri Londondakı Kral Baletinin aparıcı solisti olmuş balet artisti Sergey Polunindir.

Təkliflər yanvarın 29-da Aİ Şurasında, blokun 27 üzvünün xarici işlər nazirlərinin toplantısında müzakirəyə çıxarılması gözlənilir. AzadlıqRadiosunun aparıcı jurnalisti Mayk Ekkel yazır ki, qərarın olacağı dəqiq deyil, çünki Macarıstan və Slovakiya daxil, bir neçə Aİ üzvü əvvəllər bu cür təşəbbüslərə qarşı çıxıb.

Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya qarşı genişmiqyaslı işğala başlayandan Aİ sanksiya siyahısını davamlı genişləndirib. Hazırda bu siyahıya 2 min 500-dən çox şəxs, şirkət və digər qurum daxildir, təxminən 28 milyard avro (33 milyard dollar) dəyərində aktiv dondurulub.

Yeni təkliflər isə birbaşa Ukrayna müharibəsi ilə deyil, "Rusiyanın sabitliyi pozan fəaliyyətləri" ilə əlaqəli kateqoriyadandır. Bu kateqoriya üzrə indiyədək təxminən 60 nəfər və quruma qarşı tədbirlər görülüb.

AzadlıqRadiosu Zarubin ilə əlaqə saxlaya bilməyib. O, uzun illərdir Rusiyanın ən böyük dövlətə məxsus "Birinci Kanal" televiziyasında çalışır. Aİ onu "tanınmış rusiyalı təbliğatçı" kimi xarakterizə edir. Zarubin "Moskva. Kreml. Putin" adlı televiziya proqramının aparıcısıdır.

Sergey Polunin
Sergey Polunin

Putinə heyranlıq

Ukrayna əsilli Polunin Londondakı Kral Baletinin indiyədək ən gənc baş solisti olub. Bəzi tənqidçilər onun istedadını Rudolf Nureyev və ya Mixail Barışnikovla müqayisə ediblər. O, 2012-ci ildə gözlənilmədən baleti tərk edib. Sonradan o, Moskvada daha az tanınan teatrlarla əməkdaşlıq edib, Rusiya televiziyasında realiti-şouya qatılıb, 2019-cu ildə bir rəqsi ilə YouTube-da viral olan video yayımlayıb.

Polunin 2019-cu ildə sosial şəbəkələrdə gey və lezbiyanlara mənfi münasibətini ifadə edən paylaşımlar edib, Vladimir Putinə heyranlığını açıq nümayiş etdirməklə qalmaqal yaradıb. O, Putinin şəklini sinəsinə döydürüb. 2024-cü ildən İsraildə yaşayır.

Aİ Polunini Ukrayna müharibəsində Rusiya ordusunu dəstəklədiyinə, maliyyə topladığına, Kremlin təbliğat xarakterli televiziya proqramlarında iştirak etdiyinə görə hədəfə alacağını bildirir.

Andreyeva isə on illərdir Rusiya dövlət televiziyasının əsas simalarından biridir. Kanalın "Vremya" adlı axşam xəbərlərini aparıb, daha öncə iki dəfə "Birbaşa xətt" adlı canlı zəng proqramının aparıcısı olub.

Aleksey Navalnının Korrupsiyaya Qarşı Mübarizə Fondunun araşdırmaçıları ötən il Andreyevanın Monteneqro və Honduras pasportlarının olduğunu, bunun da ona Aİ və digər ölkələrə sərbəst səyahət imkanı verdiyini öyrəniblər.

Aİ-nin təklif etdiyi sanksiya siyahısında Putini tərifləyən mahnılar yazıb ifa edən repper Roman Çumakov, "Birinci Kanal"ın digər aparıcısı Mariya Sittel, populyar idman şərhçisi Dmitri Quberniyev də var.

AzadlıqRadiosu adları çəkilən bu şəxslərlə də əlaqə yarada bilməyib.

Aİ-nin Rusiyaya qarşı sanksiyaları çox vaxt ABŞ və Kanada da daxil, Qərb müttəfiqləri ilə koordinasiyalı tətbiq edir.

ABŞ prezidenti Donald Tramp isə artıq "Rusiyaya Sanksiyalar Aktı – 2025" adlı yeni qanun layihəsinə yaşıl işıq yandırıb. Konqresmenlər mətnə son düzəlişləri edirlər və onun nə vaxt səsverməyə çıxarılacağı bəlli deyil.

XS
SM
MD
LG