Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:25

Aİ: Məhkəmə qərarı olmadan media səhifələri bağlanıb...


Aİ

Avropa İttifaqı (Aİ) 2018-ci il üzrə dünyada insan hüquqları və demokratiya ilə bağlı vəziyyətə dair illik hesabat yayıb.

İnsan hüquqlarının qısa xülasəsi

Azərbaycana aid hissədə insan hüquqları və demokratik vəziyyətin qısa xülasəsi verilib.

Orada yazılıb ki, insan hüquqları ilə bağlı vəziyyət hələ də narahatlıq doğurur. Hesabat müəllifləri xüsusilə sərbəst toplaşma, söz və birləşmək azadlığını önə çəkiblər. Sənəddə həmçinin qeyd edilib ki, opponentlərin təqibi davam edir: «Vətəndaş cəmiyyəti üçün kiçildilmiş fəaliyyət dairəsi məhdudlaşdırıcı qanunvericiliklə, o cümlədən xaricdən maliyyələşdirmə üzrə müddəalarla daha da sıxılıb. Məhkəmə qərarı olmadan tanınmış media internet səhifələri bağlanıb, inzibati göstərişə görə müxbirlərin tutulması və ya saxlanması halları baş verib. Vəkillər Kollegiyasının üzvü olmayan vəkillərin məhkəməyə çıxmasını qadağan edən yeni qaydalar ədalət mühakiməsinə əlçatımlığa ciddi şəkildə mane olub».

Hesabatda habelə yazılıb ki, insan hüquqları (İH) müdafiəçilərinin məhkəmə işlərində fəal olan bəzi vəkillərin lisenziyası əlindən alınıb.

Saziş əsasında duran məsələlər

Hesabatda qeyd edilib ki, Aİ və Azərbaycan arasında yeni Saziş ətrafında aparılan danışıqlar davam edir. «Demokratik prinsiplərə, qanunun aliliyinə, insan hüquqları və fundamental azadlıqlara hörmət, vətəndaş cəmiyyəti ilə əməkdaşlıq sazişin əsasında duran məsələlərdir», - hesabatda yazılıb.

Avropa İttifaqının yardımı

Hesabatda vurğulanıb ki, Aİ-nın Azərbaycana yardımı indikativ olaraq 7 ili əhatə edən (2014-2020) 139 milyon-169 milyon avro arasında proqramlaşdırılıb: «Avropa Qonşuluq Alətinin ilk 5 ilində Azərbaycana yardım paketi 79 milyon avroya bərabər olub».

Sənəddə bildirilir ki, 2019-cu il üzrə Aİ Azərbaycana 15 milyon Avro həcmində yardım nəzərdə tutur. Vəsaitlərin bir hissəsi vətəndaş cəmiyyətinin dəstəklənməsinə yönəlməlidir:

«Avropa Şurasının (AŞ) üzvü olaraq Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsinin qaydalarına uyğunlaşmaq və onları tam şəkildə həyata keçirmək öhdəliyi var. AŞ-nın Azərbaycanda əməkdaşlıq proqramları (çox zaman AŞ-Aİ birgə proqramlarıdır) konstruktiv əlaqə vasitəsidir».

Hesabatda vurğulanıb ki, 2018-ci ilin oktyabrında qəbul edilmiş Fəaliyyət Planına əsasən, Avropa Şurası ilə Azərbaycanın qurumları məhkəmə, prokurorluq xidmətinin səmərəliliyini, hesabatlılıq və şəffaflığını daha da artırmağa davam etməyə razılaşıblar. Bura habelə, Avropa insan hüquqları standartlarının tətbiqini genişləndirmək, penitensiar sistemin islahatını təkmilləşdirmək, korrupsiya və çirkli pulların yuyulması əleyhinə mübarizəni gücləndirmək kimi məsələlər daxildir.

Rəsmilər nə deyir

Hələlik, hesabata rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma Azərbaycan rəsmiləri, bir qayda olaraq, ölkədə fundamental azadlıqların pozulması, opponentlərin təqibi ilə bağlı tənqidlərlə razılaşmırlar. Rəsmilərin fikrincə, bəzi müxalifət təmsilçilərinin, jurnalistlərin həbsi onların mövqeyi ilə yox, sırf törətdikləri əməllərlə bağlıdır.

Hakimiyyət orqanları bəzi saytlara girişə Azərbaycandan məhdudiyyət qoyulmasını da həmin media orqanlarında dövlətin təhlükəsizliyinə təhdid yaradan materialların dərci ilə izah edirlər. Hərçənd, həmin media orqanları bu deyilənləri əsaslı saymırlar.

Hüquq-müdafiə məsələlərində fəal olan bəzi vəkillərin Kollegiyadan çıxarılması ilə bağlı hesabatda yer alan tənqidlər də qəbul edilmir. Azərbaycan Vəkillər Kollegiyasının rəhbərliyi dəfələrlə bildirib ki, həmin vəkillərlə bağlı məhkəməyə müraciət etmələri onların qanun pozuntularına yol vermələrinə görədir.

Xatırlatma

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir. Şərq Tərəfdaşlığı Aİ-nin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

2017-ci ilin noyabrında qurumla Ermənistan arasında tərəfdaşlıq sazişi imzalanıb. Azərbaycanla da belə sazişin imzalanması ilə bağlı danışıqlar 2017-ci ilin əvvəlindən başlayıb. Ancaq, hələlik, tərəflər arasında tərəfdaşlıq sazişi imzalanmayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG