Keçid linkləri

Təcili xəbərlər
2019, 15 İyul, Bazar ertəsi, Bakı vaxtı 22:03

Deputat: 'Azərbaycan haqlı idi...'


F.Mustafa

«Mənim bildiyim qədər söhbət tərəflər arasındakı tərəfdaşlıq sazişindən getmirdi. Şərq Tərəfdaşlığının 10 illiyi münasibətilə imzalanacaq bəyanatdan gedirdi və Azərbaycan tərəfi bu bəyanatı imzalamadı».

Bunu deputat Fazil Mustafa mayın 14-də Brüsseldə Avropa İttifaqının «Şərq Tərəfdaşlığı» Proqramının 10 illiyi ilə bağlı keçirilən konfransında baş verənləri dəyərləndirərkən deyib.

Azərbaycanda bəzi insanlar həmin toplantıda rəsmi Bakı ilə Avropa İttifaqı (Aİ) arasında 2017-ci ildən müzakirə edilən tərəfdaşlıq sazişinin imzalanacağına ümid edirdi. Bu gerçəkləşmədi. Üstəlik, verilən məlumata görə, Azərbaycan Şərq Tərəfdaşlığının 10 illiyi münasibətilə hazırlanan bəyanatı da ərazi bütövlüyü məsələsinin orada əks olunmadığını əsas sayaraq imzalamaqdan imtina edib.

F.Mustafa hesab edir ki, Azərbaycan həmin sənədi imzalamamaqda haqlı idi. «Əgər bir qurum Ermənistanla Azərbaycan arasında münsiflik edirsə, amma ölkəmizin ərazi bütövlüyünün tanınmasını bir bəyanatda göstərə bilmirsə, həmin qurumla saziş imzalamaq bizə nə verər?», - deputat sual edib.

F.Mustafaya görə, bu məsələdə Azərbaycan prinsipial mövqe ortaya qoyub: «Bu məsələyə indi belə mövqe qoyulmasaydı, hansısa bir mərhələdə işğalın haqlı olmasına zəmin hazırlaya bilərdi. Əgər bir qurum ölkəmizin bütövlüyünü tanımırsa, həmin qurumla hansısa saziş imzalamaq bizə nə verər?».

N.Cəfərli
N.Cəfərli

N.Cəfərli: Azərbaycanın problemləri var...

«Əslində Avropa İttifaqı ilə Azərbaycan arasında saziş imzalanmayacağı əvvəlcədən bəlli idi və hətta bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama da yaymışdı. Odur ki, «saziş imzalanmadı» kimi baxış yanlışdır». Bunu isə müxalifətdə olan REAL Partiyasının təmsilçisi Natiq Cəfərli deyib. Onun vurğulamasına görə, indi söhbət imzalanacaq sənədin mətninin razılaşdırılmasından gedir.

N.Cəfərli hesab edir ki, Azərbaycan və Aİ arasında tərəfdaşlıq sazişinin imzalanması bu ilin sonlarına və ya 2020-ci ilin əvvəlinə qədər çəkə bilər: «Məlum oldu ki, Azərbaycanın sərbəst toplaşmaq, insan azadlıqları sahəsində problemləri var və bu öhdəlikləri yerinə yetirməyib».

N.Cəfərliyə görə, bundan əlavə, ölkə Qarabağ münaqişəsi fonunda təhlükəsizlik kimi problem yaşayır və Aİ buna münasibət ifadə etməyib: «Belə bir problemlər yaşanır. Amma bu, heç də o demək deyil ki, tərəfdaşlıq sazişi imzalanmayacaq. Dediyim kimi, bu ilin sonu, gələn ilin əvvəli həmin sənəd imzalanacaq».

Mayın 13-də Brüsseldə «Şərq Tərəfdaşlığı» Proqramının 10 illiyinə həsr olunmuş tədbir keçirilib. Belçikanın paytaxtında Avropa İttifaqı və «Şərq Tərəfdaşlığı» Proqramının altı iştirakçı ölkəsinin xarici işlər nazirlərinin görüşü olub.

Mayın 14-də isə Avropa Komissiyasının (AK) binasında bu qurumun rəhbəri Jan-Klod Yunkerin sədrliyi ilə yüksək səviyyədə konfrans keçirilib. Konfransda Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçıları iştirak ediblər.

Xatırlatma

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir. Şərq Tərəfdaşlığı Aİ-nin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

2017-ci ilin noyabrında isə bu qurumla Ermənistan arasında tərəfdaşlıq sazişi imzalanıb. Azərbaycanla da belə sazişin imzalanması ilə bağlı danışıqlar 2017-ci ilin əvvəlindən başlayıb. Ancaq, hələlik, tərəflər arasında tərəfdaşlıq sazişi imzalanmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG