Bu yaxınlarda «Baillie Gifford» ədəbi mükafatına namizəd göstərilmiş türkiyəli yazıçı Ahmet Altan romanını məhbəsdə yazıb.
«Siz məni həbs edə bilərsiniz, ancaq məni burada saxlaya bilməzsiniz. Çünki bütün yazıçılar kimi mənim də sehrim var. Mən sizin divarlarınızdan asanlıqla keçə bilirəm», – deyə Ahmet Altan « Dünyayı bir daha göremeyeceğim» adlı məşhur kitabının sonunda yazır.
Həyatı çox da ciddiyə almayan insanın hekayəsi
Yazıçının esselər toplusu vəkilinin sənədləri arasında gizlədilərək həbsxanadan çıxarılıb. «The Guardian» qəzeti yazır ki, toplu bu ilin yazında Britaniyada işıq üzü görər-görməz tənqidçilər onu «klassika» adlandırıblar. Kitab ötən ayın əvvəlində 50 min funtluq «Baillie Gifford» bədii ədəbiyyat mükafatının namizədlər siyahısına daxil edilib.
Türkiyədə 2016-cı ilin iyulunda baş vermiş uğursuz çevriliş cəhdindən sonra başlanmış təqiblər dalğasında həbs olunan və üç ildir ki, həbsdə olan Altan bununla kifayətlənməyib, ciddi rejimli Silivri məhbəsində saxlandığı ümumi kamerada «Həyat xanım» adlı yeni bir kitab yazıb.
Jurnalist həbsxanadan göndərdiyi və ona göndərilən mesajlar vasitəsilə «Observer» jurnalına yeni roman yazdığını bildirib. Bu roman da əvvəlcə ingiliscə nəşr olunacaq. «Bugünkü İstanbulda repressiya və siyasi qarışıqlıq fonunda cərəyan edən bu komediyanın qəhrəmanı Həyat adlı qadındır», – «The Guardian» yazır.
«Kitab həyatı çox da ciddiyə almayan bir insanın hekayəsini danışır. Anladım ki, o məni çox əyləndirən bir personajdır», - Altan yazır.
Qəzet Altan-ın dostu, romanı ingilis dilinə tərcümə edəcək Yasemin Çongar-a istinadən romanın çox gülməli olduğunu yazır. Ancaq fonda hər zaman qırıq cəmiyyət, ağırlaşmaqda olan iqtisadiyyat, dissidentlikdə suçlananların fərq qoyulmadan təqibi nəticəsində yaranan «yeni yoxsullar» görünür. «Bunlar həyatları yarımçıq qoyulmuş, az qala məhv edilmiş insanlardır», – Çongar «The Guardian»a deyib.
69-yaşlı Altan Erdoğan rejiminin döyüşkən, provokativ və tanınmış əleyhdarıdır. O, qardaşı, 66-yaşlı yazıçı, jurnalist və alim Mehmet Altan və 75-yaşlı keçmiş millət vəkili, jurnalist Nazlı Ilıcak-la birgə 2016-cı ilin sentyabrında həbs edilib. Onlar televiziyada çevrilişi dəstəkləmək üçün «subliminal mesajlar» göndərməkdə ittiham ediliblər. 2018-ci ilin fevralında Altan-a Ilıcakla birgə hökuməti devirməyə cəhd ittihamı ilə apellyasiya hüququ olmadan ömürlük azadlıqdan məhrumetmə cəzası kəsilib. Mehmet azad edilsə də, iqtisadiyyat professoru kimi işini itirib.
Nobel mükafatı laureatları müraciət ediblər
Hökm bütün dünyada yazıçıların qəzəbinə səbəb olub. 38 Nobel mükafatı laureatı, o cümlədən VS Naipaul, JM Coetzee və Kazuo Ishiguro-nun Erdoğan-a ünvanladığı petisiyaya isə məhəl qoyulmayıb.
İyul ayında kassasiya məhkəməsi Altan və Ilıcak-a qarşı bəzi ittihamları ləğv etsə də, onların Gülen hərəkatına «qəsdən və könüllü kömək etməsi» ittihamını qüvvədə saxlayaraq həbsdə qalmalarına qərar verib.
Yazıçıların işi britaniyalı və fransalı insan hüquqları vəkili, yazıçı Philippe Sands tərəfindən Strasburqdakı Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim edilib.
«Eyni zamanda İngiltərənin PEN təşkilatının prezidenti olan… Sands Strasburqdan cavab gözləyir. O, Mehmet-in qanunsuz həbs olunması işini uğurla başa vurub», – qəzet yazır.
«Ahmet çox qeyri-adi insandır, real amalları olan, güclü insandır. O, başına gələnlərdən sonra da əyilməz və sınmaz olaraq qalır», – Sands deyir.
«…Altan əsərlərini İstanbulun iki saatlığında, Mərmərə dənizi sahilində yerləşən Silivri həbsxanasında iki başqa məhbusla paylaşdığı kamerasında plastik stulda oturaraq, plastik masanın üzərində, həbsxana komissarlığından gətirilmiş kağıza yazır. Atası, tanınmış solçu jurnalist, yazıçı və millət vəkili Çetin Altan da 1974-cü ildə bir romanını (Bir Avuç Gökyüzü) siyasi məhbus olduğu vaxt çap etdirib», – «The Guardian» yazır.