"MedEra Hospital"ının gözətçisinə qarşı xuliqanlıqda, eləcə də xadiməyə baltayla xəsarət yetirməkdə suçlanan müğənni Ağadadaş Ağayevə şərti cəza verilib. Martın 6-da Binəqədi rayon Məhkəməsində onun haqqında hökm çıxarılıb.
Xalq artisti Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində əşyadan istifadə etməklə törədildikdə) maddəsiylə təqsirli bilinib. O, hospitalın gözətçisi Nurəddin Cəlilova balta atmaqda suçlanır. Balta xəstəxanada xadimə işləyən Nəzakət Paşayevanın ayağına dəyib.
Adları çəkilən şəxslərin hər ikisi bu cinayət işində zərərçəkən kimi tanınıb. Məhkəmə prosesinin əvvəlində onlar şikayətçi idilər, hətta onların vəkilləri A.Ağayevə qarşı ittihamın ağırlaşdırılmasını, qəsdən adam öldürməyə cəhd maddəsinə tövsif olunmasını istəyirdilər. Ancaq prosesin gedişində tərəflər arasında barışıq oldu, N.Cəlilov da, N.Paşayeva da məhkəməyə müğənnidən şikayətçi olmadıqları haqda notarial qaydada təsdiqlənmiş ərizə təqdim etdi.
Müğənni apellyasiya şikayəti verəcəyini deyir
Martın 6-da hökm oxunmazdan öncə A.Ağayevin vəkili məhkəmədə çıxış edərək Xalq artistinə bəraət verilməsini istəyib. Deyib ki, müvəkkilinin xuliqanlıq niyyəti olmayıb, səhhətindəki problemlərlə əlaqədar təcili tibbi yardıma ehtiyac duyub və gərgin durumda belə bir olay yaşanıb.
A.Ağayevin özü də son sözündə məhkəmədən bəraət istəyib.
Ancaq hakim Vüsal Tağıyev onun haqqında ittiham hökmü çıxarıb. A.Ağayevə 1 ili sınaq müddəti olmaqla, 2 il şərti cəza verilib.
Hökmdən sonra Xalq artisti jurnalistlərə deyib ki, bu nəticə onu qane etmədiyindən apellyasiya şikayəti verəcək.
Xalq artisti ilə "MedEra Hospital"ının gözətçisi arasında insident ötən il iyulun 22-də səhər saatlarında yaşanıb. İnsidentin görüntüləri sosial şəbəkələrdə yayılıb. Görüntülərdə gözətçiylə müğənni arasında əlbəyaxa dava olduğu, N.Cəlilovun A.Ağayevi yerə yıxıb təpiklədiyi, eləcə də Xalq artistinin balta atdığı görünür.
Bu olayla bağlı N.Cəlilov haqqında da Cinayət Məcəlləsinin 221.3-cü maddəsiylə cinayət işi başlanıb. Binəqədi rayon Məhkəməsində, paralel olaraq, başqa bir hakimin icraatında həmin işə də baxılıb. Martın 6-da ona da hökm oxunub və 2 il şərti cəza verilib.
N.Cəlilovun məhkəməsində də zərərçəkmiş qismində tanınan A.Ağayev şikayətçi olmayıb.
Eyni maddə ilə illərlə həbsdə saxlanılan ictimai siyasi fəallar var
Cinayət Məcəlləsinin 221.3-cü maddəsində 2 ildən 5 ilədək həbs cəzası nəzərdə tutulub. İndiyədək bu maddə ilə bir çox ictimai-siyasi fəal illərlə həbsdə saxlanılıb. Məsələn, "Azadlıq" qəzeti siyasət şöbəsinin müdiri Seymur Həziyə bu maddədə nəzərdə tutulan cəzanın maksimum həddi verilib və o, 5 il həbsdə qalıb. S.Həzi tanımadığı şəxslə mübahisə edərək əlindəki su şüşəsiylə ona xəsarət yetirməkdə suçlanmışdı.
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Salyan şöbəsinin sədri Zamin Salayevə də bir müddət öncə bu maddə ilə 4 il 6 ay həbs cəzası kəsilib və o, hazırda bu cəzanı çəkməkdədir. Z.Salayev tanımadığı şəxslə Lökbatan dairəsində mübahisə edərək ona bıçaqla xəsarət yetirməkdə suçlanıb. Özü isə, ümumiyyətlə, üstündə bıçaq olmadığını və heç kimi zədələyib-yaralamadığını bildirir.