Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:26

Adamyeyən Hindistan pələngləri artıq sual doğurur


Dünyada yaşayan 3 min pələngin 70 faizi Hindistandadır.
Dünyada yaşayan 3 min pələngin 70 faizi Hindistandadır.

Hindistanın cənub-qərbində Bandipur pələng qoruğu var. Buradakı pələnglər, ar-sıra, yaxınlıqda yaşayan insanları parçalayırlar. Onsuz da yoxsul həyat sürən insanlar, beləcə, öz doğmalarını itirsələr də, pələnglərə kin bəsləmirlər. Axı hinduizm dininin daşıyıcılarıdırlar və özlərini mürəkkəb həyat şəbəkəsinin bir hissəsi sayırlar. Bu şəbəkədə bütün varlıqların eyni varlıq hüququ var.

Pələng Gopamma adlı qadının ərini parçalayıb. Ancaq o, başına gələnlərlə pələnglərin sayca artımı arasında bağlantı görmür və deyir ki, pələngləri qorumağa çalışan hökumətin bunda günahı yoxdur: «Bu, mənim qismətimdir».

Hindistanda kənd sakinləri insan üçün təhlükəli vəhşi canlılara unikal dözümlülük göstərirlər. Ətyeyən heyvanlar üzrə mütəxəssis, bioloq Ullas Karanth deyir ki, bu halla dünyanın başqa heç bir yerində rastlaşmaq mümkün deyil. Karanth pələnglər üzrə aparıcı mütəxəssislərdən biridir. Onun sözlərinə görə, belə bir şey Montana, yaxud Braziliyada baş versəydi, elə ertəsi gün həmin canlının kökünü kəsərdilər.

«Yaşa və yaşat» yanaşması

«Yaşa və yaşat» yanaşması Hindistanın pələngləri qoruyan ən böyük əraziyə çevrilməsində mühüm rol oynayıb. Dünyada pələnglərin yaşadığı bütün məkanların 25 faizi Hindistanın payına düşür. Hazırda dünyada yaşayan təxminən 3 min pələngin 70 faizi bu ölkədədir.

Ancaq bu uğur ağır itkilər bahasına başa gəlir. Məsələ burasındadır ki, qoruqların sahəsi pələng populyasiyasının artmaqda olan həcminin öhdəsindən gələ bilmir. Bu səbəbdən bəzi «iri pişik»lər insanların yaşadığı ərazilərə gəlir, mal-qaranı, bəzən də insanları parçalayır.

Pələnglərin heç də hamısı adamyeyən deyil

İnsanlara hücumlar tez-tez baş verməsə də, ildə 40-50 adam həyatını itirir. Hər il fillərin öldürdüyü insan sayı ilə (350 nəfər) müqayisədə bu elə də çox deyil. Ancaq fillərin insan öldürməsinə, adətən, adi bədbəxt olay kimi yanaşırlar. Sanki insanı maşın vurub. Pələnglərin insanları öldürməsi isə icmaları təlaşlandırır. Adamlar düşünürlər ki, bu məsələ çözülməsə, nəticələri çox pis ola bilər. «Bir çox yerlərdə ənənəvi dözümlülük azalmağa başlayır, nəticədə üsyanlar baş qaldırır və insanlar pələngləri hədəfə alıb öldürürlər», - BBC belə yazır.

Bu da var ki pələnglərin heç də hamısı adamyeyən deyil. Karanth ehtimal edir ki, hər il cəmi 10-15 heyvan insanlara hücum çəkir.Onun sözlərinə görə, bu baş verərsə, ən yaxşı yol həmin pələng daha bir adamı öldürməmiş ondan qurtulmaqdır: «Pələnglərin sayca azalmasını istəmirsinizsə, belə düşünməlisiniz. Axı bir heyvana görə kənddə hamı pələnglərə qarşı olmamalıdır».

Bu, Hindistan qanunlarında da var. «Pələng adamyeyəndirsə, çox aydın yazılmış əməliyyat proseduruna görə, biz həmin pələngi təqib etməliyik», - Hindistanın Milli Pələng Konservasiyası Qurumunun baş direktoru Anup Kumar Nayak-ın sözləridir.

Başqa çıxış yolu yoxdur?

Di gəl, Hindistanda güclü siyasi dəstəyi olan heyvan hüquqları müdafiəçiləri məsələni başqa cür görür: bir pələngin nə qədər adamı öldürməsi iddia olunsa da, ya tutularaq təcrid olunmalı, ya da rahat buraxılmalıdır.

Hökumətlə fəallar mübahisə edənədək yerli sakinlər məsələni bacardığı yolla çözür; təkcə sözügedən pələngi yox, ərazidəki bütün pələngləri hədəfə alaraq öldürür. İnsanlar artıq Hindistanın meşə departamentini düşmən, konservasiya siyasətini isə öz maraqlarına zidd bir şey kimi görməyə başlayırlar.

Bu davam edərsə, ən yaxşı halda, pələnglərin sayı artmayacaq. Ən pis halda isə bu növün kökü kəsiləcək.

Karanth deyir ki, dünyada pələnglərin gələcəyi hindistanlıları adamyeyən pələnglərin ölməli olduğuna inandırmaqdan asılıdır. Onun fikrincə, «başqa çıxış yolu yoxdur».

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG