İyulun 1-də Azərbaycan prezidenti İlham Əliyev və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen əvvəlcə təkbətək, sonra isə geniş heyətlə görüşüblər. Görüşün ardınca isə jurnalistlərə açıqlama veriblər.
AZƏRTAC-ın məlumatına görə, prezident Əliyev Azərbaycanın Avropa İttifaqı (Aİ) üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşı olduğunu vurğulayıb. Onun sözlərinə görə, region üzrə ticarət dövriyyəsinin 70 faizdən çoxu məhz Azərbaycanın payına düşür.
Dövlət başçısı əlavə edib ki, Azərbaycandan ixrac olunan təbii qazın yarısı Aİ ölkələrinə göndərilir: "Bu gün hər bir ölkə üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir".
O, həmçinin vurğulayıb ki, Avropa Komissiyası ilə münasibətlərin tamamilə yeni mərhələsi bərpaolunan enerji sahəsi ilə bağlıdır: "Əlbəttə ki, regional təhlükəsizlik məsələlərini, xüsusən də Azərbaycanla Ermənistan arasında uğurla gedən normallaşma prosesini geniş şəkildə müzakirə etdik".
Azərbaycan və Ermənistan arasında 30 illik münaqişədən sonra ötən ilin avqustunda Vaşinqtonda, Ağ evdə ABŞ prezidenti Donald Trampın iştirakı ilə iki ölkə arasında sülh sazişi paraflanıb. Sənədə əsasən, tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyır və qarşılıqlı iddialara son qoyulmasını vacib sayırlar.
"Sülhü təkcə kağız üzərində deyil, gündəlik həyatda da hiss etmək üçün bir çox birtərəfli addımlar atdıq. Azərbaycan öz ərazisindən Ermənistana daşınan yüklərin tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırıb", –Əliyev bildirib.
Fon der Lyayen: "200 milyon avro yatıracağıq"
Avropa Komissiyasının prezidenti fon der Lyayen deyib ki, Azərbaycana səfəri Aİ üçün strateji əhəmiyyəti olan tərəfdaşlığı daha da gücləndirmək məqsədi daşıyır. O, regional bağlantılar vasitəsilə sülhün möhkəmləndirilməsinə çalışdıqlarını vurğulayıb: "Biz "Qlobal Qapılar" Sərmayə Proqramımız vasitəsilə Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal keçid layihələrinə qrant şəklində 200 milyon avroyadək sərmayə yatıracağıq. Bunun dövlət və özəl sərmayələr formasında 2 milyard avroya qədər vəsait cəlb etmək potensialı var. Layihələrə Naxçıvandan keçən dəmiryol əlaqəsi və ya Bakı limanının genişləndirilməsi daxil edilə bilər".
Fon der Lyayen həmçinin Bakıda Regional Bağlantı Sərmayə Konfransının təşkili üzərində işləməyi faydalı hesab edir. Avropa Komissiyasının rəhbəri bu təşəbbüslə Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyanı bir araya gətirəcəklərini bildirib: "Açıqladığım ikinci mühüm addım 20 milyon avro dəyərində olan sülhün inkişafı proqramıdır. Birlikdə sülhün regionda qalıcı olmasına və onun gətirdiyi faydaların insanların, xüsusən də sərhədyanı bölgələrdə yaşayanların gündəlik həyatında görünməsinə töhfə vermək istəyirik".
Avropa Komissiyasının prezidenti Azərbaycana gəlib
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfərə gəlib.
Onu Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Avropa İttifaqının (Aİ) genişlənmə üzrə komissarı Marta Kos və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər proqramı çərçivəsində fon der Lyayenin Azərbaycan prezidenti İlham Əliyevlə görüşü planlaşdırılır. Avropa Komissiyasının rəhbəri Bakıdan sonra Ermənistana səfər edəcək.
+++
"Avropa İttifaqı Cənubi Qafqazın sülh, firavanlıq və inteqrasiya içində parlaq gələcəyinə inanır. Biz bu gələcəyin qurulmasına kömək etmək istəyirik". Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bu sözləri "X" hesabında Bakı səfəri ilə bağlı paylaşımında yazıb.
"Mən həm də Avropa İttifaqı ilə Azərbaycan arasındakı tərəfdaşlığı dərinləşdirmək üçün buradayam – ticarətdən nəqliyyata, enerjidən iqtisadiyyata qədər hər bir sahədə", – o vurğulayıb.
'Səfərdə insan haqlarını açıq danışın' – həbsdəki jurnalistlərdən Ursula fon der Lyayenə çağırış
"AbzasMedia" işi üzrə həbs olunan jurnalistlər Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin Azərbaycana gözlənilən səfəri ərəfəsində ona açıq məktub ünvanlayıblar.
Müraciətdə ölkədə tənqidi səslərin boğulduğu, müstəqil jurnalist və fəalların qondarma ittihamlarla həbs olunduğu bildirilir. Jurnalistlər Avropa Komissiyasının rəhbərini Azərbaycan rəsmiləri ilə görüşlərində insan haqları pozuntularını gündəmə gətirməyə və bu barədə təkcə qapalı qapılar arxasında yox, həm də ictimaiyyət qarşısında danışmağa çağırırlar.
Məktubda vurğulanır ki, Aİ Azərbaycanla enerji və iqtisadi sahədə əməkdaşlıq edərkən insan haqları məsələlərini arxa plana atmamalıdır.
Bənzər məzmunlu başqa bir məktubda isə həbsdə olan bir qrup fəal Bakı ilə Aİ arasındakı son müsbət dinamikanı alqışlayıb. Bununla belə, fəallar hesab edirlər ki, dayanıqlı və etibarlı tərəfdaşlıq yalnız iqtisadi və strateji maraqlar üzərində qurulmamalıdır: "İnsan hüquqlarına hörmət, qanunun aliliyi və fundamental azadlıqlar bu əməkdaşlığın ayrılmaz, əsas sütunlarından biri olmalıdır. Sizi bu məsələni Azərbaycan rəhbərliyi ilə aparacağınız müzakirələrin mərkəzində saxlamağa çağırırıq".
Avropa Komissiyası və Azərbaycan rəsmiləri hələlik müraciətlərə cavab verməyib.
"Abzas Media işi"
"Abzas Media" nəşrinə qarşı həbs dalğası 2023-cü ilin noyabrında qaçaqmalçılıq və digər ittihamlarla başlayıb. Ötən ilin iyununda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə nəşrin direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, jurnalist Hafiz Babalı və AzadlıqRadiosunun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova ilə Elnarə Qasımova 8 il, direktor müavini Məhəmməd Kekalov isə 7 il 6 ay həbs cəzasına məhkum edilib.
Hüquq müdafiəçilərinin hesabatlarına görə, hazırda Azərbaycanda 328 siyasi məhbus var. Rəsmi Bakı isə bu rəqəmləri rədd edərək ölkədə siyasi məhbus olmadığını bildirir. Rəsmilərə görə, adları həmin siyahılarda keçən şəxslər törətdikləri konkret qanun pozuntularına görə cəzalandırılıblar.
Azərbaycan-Aİ münasibətləri
Azərbaycan Aİ ilə əməkdaşlığını 2009-cu ildə təsis olunmuş "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində davam etdirir. Proqramın digər üzvləri olan Ukrayna, Moldova və Gürcüstan artıq namizəd statusu qazansa da, Tbilisinin inteqrasiya prosesi mübahisəli qanunlar və seçki gərginliyi səbəbindən dayandırılıb. Belarus proqramdakı iştirakını dondurub, Ermənistan isə illər əvvəl hərtərəfli tərəfdaşlıq sazişi imzalayıb. Azərbaycanla bənzər sənəd üzrə 2017-ci ildən bəri davam edən danışıqlar isə hələ başa çatmayıb.