Keçid linkləri

2026, 10 İyun, çərşənbə, Bakı vaxtı 14:52

Zərbələrdən sonra tərəddüd: İran ABŞ ilə gələcək danışıqları qiymətləndirir

"Apache" helikopterləri
"Apache" helikopterləri

Tehran bəyan edib ki, iki ölkə arasında son hərbi qarşıdurmadan sonra ABŞ ilə danışıqları davam etdirib-etdirməyəcəyini dəyərləndirir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi iyunun 10-da bildirib ki, son hərbi toqquşmaların Vaşinqtonla danışıqlara təsiri araşdırılacaq.

"Bu məsələ araşdırılmalıdır. Diplomatiya və döyüş meydanı bir-birindən ayrı məsələlər deyil; onlar paralel şəkildə bir-birini tamamlayır", – Bəqayi söyləyib.

"Dünən gecə baş verən hadisələri nəzərə alaraq vəziyyəti qiymətləndirməliyik. Diplomatik proses boşluqda baş vermir və hər hansı diplomatik prosesin irəliləməsi üçün ən azı minimum mühit tələb olunur", – o vurğulayıb.

ABŞ İranda 20 hədəfi vurdu, İran ABŞ bazalarını hədəfə aldı

ABŞ Tehrana cavab zərbələrinin başa çatdığını bildirib. Zərbələr İranın ABŞ Ordusuna məxsus "Apache" helikopterini vurmasından sonra həyata keçirilib. Əməliyyat çərçivəsində İran ərazisində təxminən 20 hərbi obyekt hədəfə alınıb.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyunun 9-da gecə saatlarında açıqlayıb ki, prezident Donald Trampın əmri ilə ABŞ döyüş təyyarələri Hörmüz boğazı yaxınlığında yerləşən İranın hava hücumundan müdafiə sistemlərinə, yerüstü idarəetmə məntəqələrinə və müşahidə radarlarına zərbələr endirib.

CENTCOM bu əməliyyatı "proporsional cavab" adlandırıb.
ABŞ-nin yüksək vəzifəli rəsmilərindən biri jurnalistlərə deyib ki, İran daxilində təxminən 20 hədəf vurulub və hərbi əməliyyat artıq yekunlaşıb.

Zərbələrdən sonra İran bir neçə raket və dronla cavab verib. ABŞ rəsmisinin sözlərinə görə, raket və dronların "demək olar ki, hamısı" zərərsizləşdirilib.

Rəsmi əlavə edib ki, ABŞ hərbçiləri və obyektləri arasında itki və ya dağıntı barədə məlumat daxil olmayıb.

İran, hələlik, zərbələrin vurduğu ziyanın miqyası barədə rəsmi məlumat açıqlamayıb.

İran Körfəz bölgəsindəki ABŞ bazalarını hədəfə alıb

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) iyunun 10-da bildirib ki, ABŞ-nin zərbələrinə cavab olaraq İordaniyadakı ABŞ hərbi bazasına, həmçinin Fars körfəzi regionunda Amerika ilə əlaqəli digər hədəflərə raket və dron hücumları təşkil edib.

İran mediasının məlumatına görə, İordaniyadakı "Əl-Əzraq" ABŞ bazası, həmçinin Küveyt və Bəhreyndəki hərbi obyektlər hədəfə alınıb.

SEPAH vurulan hədəflər arasında təyyarə anqarlarının və komanda mərkəzinin olduğunu bəyan edib.

İordaniya ordusu "Əl-Əzraq" bazasına doğru hərəkət edən beş raketin havada məhv edildiyini bildirib.

+++

Birləşmiş Ştatlar iyunun 9-da İrana “özünümüdafiə” zərbələri endirdiyini açıqlayıb. Bu açıqlamadan bir neçə saat əvvəl prezident Donald Tramp İran qüvvələrinin Hörmüz boğazı üzərində ABŞ Ordusunun “Apache” helikopterinin vurmasına Vaşinqtonun cavab verməli olacağını demişdi.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X platformasında bəyanatda bildirib ki, qüvvələri “dünən ABŞ Ordusuna məxsus Apache helikopterinin vurulmasına cavab olaraq” İrana “özünümüdafiə” zərbələrinə başlayıb.

“Bu, ötən gecə helikopterimizə etdiklərinə cavabdır və hesab edirəm ki, cavab çox güclü, çox sərt olmalıdır. Bu da məhz belə bir cavabdır”, – Tramp “ABC News”a deyib.

Partlayışlar

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli Fars xəbər agentliyi Hörmüzqan vilayətinin şərq bölgələrində partlayışların eşidildiyini bildirib. Mehr xəbər agentliyi isə Sirik limanı ətrafında partlayışların baş verdiyini yazıb.

Qeşm adası və Cask şəhəri ətrafında yaşayanların, yerli mənbələrin də partlayış səsləri eşitdikləri bildirilir.

Tramp iyunun 9-da “Truth Social” platformasında yazıb ki, ABŞ hərbçiləri ona “iranlıların bizim yüksək texnologiyalı Apache helikopterlərimizdən birini vurduqları”nı deyiblər və “ABŞ bu hücuma mütləq cavab verməlidir”.

O bildirib ki, helikopterdəki iki pilot “sağdır və xəsarət almayıb”.

Araşdırma getdiyi deyilirdi

Bundan əvvəl CENTCOM Oman sahilləri yaxınlığında regional sularda patrul xidməti həyata keçirən AH-64 Apache helikopterinin qəzaya uğradığını, ekipajın iki üzvünün xilas edildiyini təsdiqləmişdi. İnsidentin səbəbinin araşdırıldığı bildirilir.

Trampın paylaşımından öncə məsələdən xəbərdar mənbələr jurnalistlərə deyiblər ki, helikopterin İran tərəfindən vurulub-vurulmadığı, texniki nasazlıqla üzləşib-üzləşmədiyi, başqa problemin olub-olmadığı hələ aydın deyil.

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ABŞ-nin zərbələri “bizim qətiyyətimizi sınaqdan keçirmək” məqsədi daşıyır və Tehran “heç bir hücumu və ya təhdidi cavabsız qoymayacaq”.

Hücumlardan əvvəl Tramp tərəflərin uzunmüddətli sülh sazişinə yaxın olduqlarını bildirmişdi.

O, iyunun 9-na keçən gecə jurnalistlərə deyib ki, tərəflər “heç bir halda nüvə silahına imkan verməyəcək çox, çox yaxşı bir razılaşmanın” yekun mərhələsinə çatıb. Aprelin əvvəlində atəşkəs qüvvəyə minsə də, çox az irəliləyiş baş verib.

XS
SM
MD
LG