ABŞ-ın iki F-15 qırıcı təyyarəsi Suriyanın şərqində İran İslam Keşikçiləri Korpusunun (İİKK) və İrana bağlı qruplaşmaların istifadəsində olan obyektə zərbə endirib.
Birləşmiş Ştatların müdafiə naziri Lloyd Ostin deyib ki, bu zərbələr prezident Co Baydenin əmri ilə, bu yaxınlarda İraq və Suriyadakı ABŞ bazalarına hücumlara cavab olaraq endirilib.
Əl-Məyadin telekanalı mənbələrə istinadla bildirib ki, noyabrın 8-də ABŞ-ın hava zərbələrindən dərhal sonra Suriya hökumət qoşunları Deyr-əz-Zor şəhərinin şərqində ABŞ silahlı qüvvələri və kürd birləşmələri ilə toqquşublar.
Bu toqquşmalarda ağır artilleriya və raketlərdən istifadə olunduğu xəbər verilir.
ABŞ-ın dronu vurulub
“Amerikanın səsi” xəbər verir ki, noyabrın 8-də İran tərəfindən dəstəklənən Yəmən husiləri ABŞ-ın MQ-9 dronunu vurublar.
Adlarının çəkilməsini istəməyən ABŞ rəsmiləri bildiriblər ki, dron Yəmən sahilləri üzərində vurulub.
Lakin onlar hadisənin neytral və ya Yəmənə aid hava məkanında vurulduğuna dair əlavə məlumat verməyiblər.
Husilərin nümayəndəsi bildirib ki, dron Yəmənin ərazi suları üzərində vurulub.
Ötən ay ABŞ hərbi dəniz donanmasının gəmisi husilərin İsrail tərəfə atdığı onlarca dronu vuraraq zərərsizləşdirmişdi.
ABŞ bazalarına hücumlar
Pentaqonun məlumatına görə İran tərəfindən dəstəklənən silahlılar ABŞ-ın İraq və Suriyadakı bazalarına 40-dan çox dron və raket hücumları ediblər.
Yaxın Şərqdə vəziyyət oktyabrın 7-də HƏMAS radikal Fələstin qruplaşması İsrailə hücum edəndən bəri gərginləşib.
İsrail həmin hücum zamanı 1400 nəfərin öldürüldüyünü və 200-dən çox girovun götürüldüyünü bildirib.
Buna cavab olaraq İsrail Qəzza zolağında HƏMASA qarşı əməliyyata başlayıb.
ABŞ çəkindirmə məqsədi ilə Aralıq dənizinə iki təyyarədaşıyan kreyser göndərib.