Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 20:56

ABŞ-da müsəlmanlar yəhudi qəbiristanlığının bərpasına pul toplayırlar


ABŞ - Missuridə vandalların dağıtdığı qəbiristanlıq (CNN)

Bu həftə müsəlman fəallar Linda Sarsour və Tarek El-Messidi Missuri ştatının Sent-Lyuis şəhəri ətrafında yerləşən, 200-ə qədər qəbirdaşı dağıdılmış yəhudi qəbiristanlığının bərpasına pulyığma kampaniyasına başlayıblar.

170-DƏN ÇOX QƏBİRDAŞI DAĞIDILIB

Kampaniyanın məqsədi 20 min ABŞ dolları toplamaq idi. Ancaq toplanan pul elə qısa zaman kəsimində bu məbləği aşıb ki, fəallar həmin vəsaiti həm də antisemitizmin hədəfinə çevrilmiş yəhudi icma mərkəzlərini dəstəkləməyə yönəltmək qərarına gəliblər.

Qəbiristanlığın icraçı direktoru Anita Feigenbaum-un sözlərinə görə, vandallar burada 170-dən çox qəbirdaşını dağıdıblar. İcma üzvlərinin narahatlıq keçirdiyi bildirilir.

Buna da bax-Bacıya hicaba, qardaşa israilliynən oynadığına görə qadağa qoyulub

«Qəbiristanlığa çoxlu adam gəlir. Onlar baş verənlərin yaxınlarının qəbirlərinə təsir edib-etmədiyini görmək istəyirlər», – deyə qəbiristanlığa dağıdılmış daşları qaldırmağa yardım edən abidə şirkətinin sahibi Phillip Weiss jurnalistlərə bildirib.

57 İCMA HƏDƏLƏNİB

Yəhudi İcma Mərkəzi Assosiasiyasının məlumatına görə, təkcə bu il ABŞ-ın 27 ştatında və Kanadanın bir əyalətində 54 yəhudi icma mərkəzi onlarla bombalama hədəsi alıb.

«Bu il bütün bomba hədələri yalan çıxıb. Bütün hədələnən yəhudi icma mərkəzləri normal fəaliyyətlərini bərpa ediblər», – assosiasiyanın açıqlamasında deyilir.

ABŞ-da sinaqoq.
ABŞ-da sinaqoq.

«MPower Change» təşkilatını təmsil edən Sarsour və «CelebrateMercy» təşkilatından El-Messidi vandalizmə məruz qalmış qəbiristanlığın bərpasına pul toplamaqdan ötrü əhalinin iştirakıyla kampaniya təşkil ediblər.

Onların məqsədi martın sonuna qədər 20 min dollar toplamaq olsa da, üçcə saatın içində ianələr 60 min dollara çatıb. Bu məbləğ hər həftə artır.

5 MİN DOLLAR MÜKAFAT

Amerikanın müsəlman icma və qurumları da bombalanmaqla hədələnmiş yəhudi icma mərkəzlərini dəstək işinə başlayıblar. Müsəlman vətəndaş hüquqları və vəkillik təşkilatı olan Amerika-İslam Münasibətləri Şurası (CAIR) saxta bomba hədələrinin təşəbbüskarlarının həbsinə yol açan informasiyaya görə 5 min dollar mükafat təklif edir.

Buna da bax-'İtalyanların 69 faizi müsəlmanlar barədə mənfi fikirdədir'

Amerika müsəlmanlarının yəhudi icma mərkəzlərini dəstəkləməsi respublikaçı siyasətçi Rick Santorum-un çərşənbə axşamı günü səsləndirdiyi ittihamlara ziddir.

«Faktlara baxsanız, görərsiniz ki, görməkdə olduğumuz bu antisemitizmin çox hissəsinə görə Fələstini dəstəkləyən, yaxud da müsəlman icmalar məsuliyyət daşıyır», – deyə o, CNN telekanalına bildirib. Ancaq o, öz iddiasını əsaslandıracaq heç bir detal, yaxud örnək səsləndirməyib.

AĞ EV TƏNQİD EDİR

Polis Sent-Lyuisdəki qəbiristanlığın təhlükəsizlik kamerasına düşmüş yazıları araşdırmaqla məşğuldur. Ancaq qəbiristanlığın direktoru Feigenbaum deyir ki, videoyazılardan hücumu kimin törətdiyini görmək olmur.

İşçilər qəbiristanlığı təmizləyir, dağıdılmış qəbir daşlarını düzəldir, dəyən zərəri hesablayırlar.

Ağ ev bütün ölkədə yəhudi icma mərkəzlərinə çoxsaylı hədələri tənqid edib.

«Fərdi azadlıqlarla bağlı vəd üzərində qurulmuş ölkədə nifrət və nifrətdən qaynaqlanan zorakılığa yer yoxdur. Prezident yetərincə aydın bildirib ki, belə əməllər qəbuledilməzdir», –deyə Ağ evin mətbuat katibinin müavini Lindsay Walters bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG