Keçid linkləri

2026, 12 Mart, Cümə axşamı, Bakı vaxtı 17:24

Rusiya-ABŞ-Ukrayna görüşü gələn həftəyə keçirilib

Cenevrə danışıqları
Cenevrə danışıqları

ABŞ-nin təşəbbüsü ilə Rusiya-Ukrayna-ABŞ sülh danışıqları gələn həftəyə təxirə salınıb. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski martın 10-da açıqlayıb. O, jurnalistlərin onlayn suallarını cavablandırarkən deyib ki, danışıqlar Türkiyədə çərşənbə axşamı-çərşənbə günlərinə planlaşdırılıbmış, Yaxın Şərqdəki müharibədən dolayı təxirə salınıb.

"Türkiyəyə getməyə hazır idik. Danışıqları Amerika tərəfi təxirə saldı, "gələn həftə edərik" dedik", – "Yevropeyska Pravda" Zelenskiyə istinadla yazır.

Prezident Donald Trampın xüsusi elçisi Stiv Uitkoff martın 10-da CNBC-yə müsahibəsində deyib ki, Ukrayna, Rusiya və ABŞ arasında üçtərəfli sülh danışıqlarının növbəti mərhələsi gələn həftə keçiriləcək.

Həmin söhbətdə Uitkoff onu da deyib ki, Rusiya ABŞ hərbi obyektləri ilə bağlı kəşfiyyat məlumatlarını İranla paylaşdığını inkar edir. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin bu təkzibi Trampla bazar ertəsi telefon söhbətində dilə gətirib. Bundan öncə "The Washington Post" qəzeti mənbələrə istinadla Moskvanın Tehranla sözügedən kəşfiyyat məlumatlarını paylaşdığını yazmışdı.

Üç ölkəyə mütəxəssis qrupları göndərilib

Zelenski Ukraynanın İranın hücum dronlarına qarşı mübarizə aparmaq üçün Yaxın Şərqin üç ölkəsinə tam təchiz olunmuş mütəxəssis qrupları göndərdiyini də açıqlayıb. Bu ölkələr Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanıdır. Söhbət İranın "Şahed" dronlarına qarşı mübarizədə Ukraynanın təcrübəsindən gedir.

Zelenski daha öncə region ölkələrinin, ABŞ-nin Kiyevə belə dəstək üçün müraciət etdiyini demişdi. Onun sözlərinə görə, Kiyev bunun qarşılığında hava hücumundan müdafiə sistemləri üçün "çatışmayan" raketlər almaq istəyir.

Ukrayna prezidenti ABŞ-nin Rusiyaya güzəştə getməyəcəyinə, sanksiyaları ləğv etməyəcəyinə ümidini ifadə edib. O, sanksiyaların mümkün ləğvini "ciddi zərbə" adlandırıb: "Bizim üçün bu, silah baxımından, bütün dünya üçün çox mürəkkəb və ciddi nüfuz zərbəsi olardı".

Martın 9-da Putinlə telefonla danışan Donald Tramp jurnalistlərə deyib ki, administrasiyası neft bazarını sabitləşdirmək məqsədilə bir neçə ölkəyə sanksiyaları ləğv edir. O, detalları açıqlamayıb. "Reuters" çoxsaylı mənbələrə istinadla yazır ki, Tramp Rusiyaya neft sanksiyalarını yumşaltmağı, fövqəladə durumlar üçün nəzərdə tutulmuş xam neft ehtiyatlarından istifadə etməyi düşünür. Məqsəd İranla münaqişə fonunda qlobal neft qiymətlərinin kəskin artımını önləməkdir.

XS
SM
MD
LG