Keçid linkləri

2026, 29 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:32
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.

Tramp: İranla bu həftə yeni danışıqlar keçirilə bilər

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

İranda son bir həftədə ikinci sünni ruhani öldürülüb

Sentyabrın 14-də naməlum şəxslər sünni bəluc ruhani Yusif Qorqici İranın cənub-şərqindəki Sistan-Bəlucistan ostanının inzibati mərkəzi Zahidan şəhərində, evinin qarşısında güllələyərək öldürüblər.

Bu, İranda bir həftədən də az müddətdə öldürülən ikinci sünni ruhanidir.

Sentyabrın 9-da sünni kürd din xadimi Məhəmməd Nəzhəti İranın şimal-qərbindəki Qərbi Azərbaycan ostanında öldürülüb.

İranın dövlət mediasına görə, iyulun 20-də Sistan və Bəlucistanda digər bir sünni ruhani - Məhəmməd Ənvər Riqi də naməlum silahlılar tərəfindən qətlə yetirilib.

Hər üç din xadiminin İran hökumətinin tərəfdarı olduğu bildirilir. Qətllərə görə məsuliyyəti heç bir qrup öz üzərinə götürməyib.

Dövlətə məxsus "Mehr" xəbər agentliyi Qorqici "hökumətyönlü sünni ruhani" kimi təqdim edib, heç bir sübut və ya detal vermədən onun qətlində "sionist muzdluları" günahlandırıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusu – SEPAH isə yaydığı bəyanatda Nəzhətinin Qərbi Azərbaycan ostanındakı qətlinə görə "sionist-amerikayönümlü kürd separatçı qrupları" ittiham edib.

Pakistan və Əfqanıstanla həmsərhəd Sistan və Bəlucistan, eləcə də İranın Türkiyə və İraqla sərhədləri yaxınlığında yerləşən Qərbi Azərbaycan ostanında çoxsaylı etnik və dini azlıqlar yaşayır.

Hər iki bölgədə uzun illərdir silahlı qiyamlar baş verir, İran dövləti ilə əlaqəli şəxslər hədəfə alınır.

Hörmüz boğazından cəmi 4 gəmi keçib

İlkin gəmiçilik məlumatları sentyabrın 15-də Hörmüz boğazından cəmi dörd gəminin keçdiyini göstərir. Bir gün əvvəl boğazdan yeddi gəmi keçmişdi. 10 günlük orta göstərici isə 18 gəmi olub.

İki gəmi boğaza daxil olub, ikisi isə oranı tərk edib. Onların arasında çox böyük neft tankerləri və ya mayeləşdirilmiş təbii qaz daşıyan gəmilər olmayıb. Ancaq bəzi gəmilər izləmə transponderlərini söndürərək hərəkət etdiyindən rəqəmlər real gəmi axınını tam göstərməyə bilər.

Qeydə alınan dörd gəmidən üçü "İran marşrutu" adlandırılan yoldan keçib. Bu, İranın nəzarətindəki sulardan keçən şimal dəhlizidir. Tehran bu dəhlizi boğazdan keçid üçün rəsmi marşrut kimi qəbul etdirməyə çalışır. Digər gəminin isə bilinməyən "qaranlıq" marşrutdan istifadə etdiyi bildirilir.

Fevralda İran müharibəsi başlayandan Hörmüz boğazından kommersiya gəmilərinin keçidi kəskin azalıb. Tehran boğazda gəmiçiliyə nəzarəti ələ keçirməyə çalışıb, kommersiya gəmilərinə hücum edib. ABŞ isə gəmilərin İran limanlarına yan almasını önləmək üçün dəniz blokadası tətbiq edir, İranla əlaqəli gəmilərə də zərbələr endirib.

Müharibədən əvvəl dünya üzrə neft və mayeləşdirilmiş təbii qaz tədarükünün beşdə biri Hörmüz boğazından keçirdi. Bu strateji su yolu ilə gündə orta hesabla 125 iri kommersiya gəmisi hərəkət edirdi.

Yaxın Şərqin digər hissəsində, Babül-Məndəb boğazından 22 gəmi keçib. Bir gün əvvəl bu göstərici 24 idi. Bu boğaz yaxınlığında - Yəməndə İranın dəstəklədiyi husi üsyançıların son irəliləyişlər narahatlıq yaradıb.

Qırmızı dənizin cənub girişində yerləşən Babül-Məndəb boğazı da dünya gəmiçiliyinin əsas dar keçidlərindən biridir. O, Qırmızı dəniz və Süveyş kanalı marşrutunu Ədən körfəzi və Hind okeanı ilə birləşdirir.

CENTCOM: Hörmüz boğazı açıqdır

ABŞ ordusu Hörmüz boğazında gəmilərin hərəkətinin getdikcə artdığını bildirir. Səudiyyə Ərəbistanı ilə Yəməndə İranın dəstəklədiyi husi üsyançıları arasında döyüşlərin şiddətlənməsi isə bu strateji su yoluna təhdidlərlə bağlı narahatlıq yaranıb.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 16-da AzadlıqRadiosuna göndərdiyi açıqlamada boğazın gəmilərin keçidi üçün açıq qaldığını bildirib.

"İranın mülki gəmi heyətlərini qorxutmaq və onlara zərər vurmaq cəhdlərinə baxmayaraq, gəmilərin hərəkəti davam edir və getdikcə artır", – açıqlamada deyilir.

Qurum son aylar minlərlə kommersiya gəmisi və təxminən bir milyard barel neftin boğazdan keçdiyini bildirir. İranın boğaza nəzarət etmədiyi, bu beynəlxalq su yolunun gəmilərin keçidi üçün açıq qaldığı vurğulanır.

Fevralda İran müharibəsi başlayandan Hörmüz boğazından kommersiya gəmilərinin keçidi kəskin azalıb.

Tehran boğazda naviqasiyaya nəzarəti ələ keçirməyə çalışıb və kommersiya gəmilərinə hücum edib. ABŞ isə İran limanlarına dəniz blokadası tətbiq edib, bu ölkə ilə əlaqəli gəmilərə də zərbələr endirib.

Müharibədən əvvəl dünya üzrə neft və mayeləşdirilmiş təbii qaz tədarükünün beşdə biri Hörmüzdən keçirdi. Bu, boğazı dünyanın ən mühüm enerji dəhlizlərindən birinə çevirib. Münaqişədən öncə hər gün təxminən 125 iri kommersiya gəmisi bu su yolundan keçib.

Yəməndəki husi üsyançıları isə son günlər Qırmızı dənizdə Babül-Məndəb boğazına nəzarət etməyə imkan verən yüksəklikləri ələ keçiriblər. Bu, Yaxın Şərqdə daha bir əsas gəmiçilik arteriyası ilə neft daşınmasına təhdid yaradır.

Ötən həftə Səudiyyə Ərəbistanının Şərq-Qərb neft kəməri sıradan çıxıb, bu hücum İraqda İranın dəstəklədiyi döyüşçülərlə əlaqələndirilib. Hörmüz boğazının bağlı olduğu dövrdə krallıq neft ixracı üçün əsasən bu marşrutdan istifadə edib.

Tramp: İran birbaşa əlaqə saxlayıb, razılaşma istəyir

ABŞ prezidenti Donald Tramp Şimali Karolina ştatının Şarlott Duqlas Beynəlxalq Hava Limanına gəlişi zamanı mətbuat nümayəndələrinə açıqlama verir.
ABŞ prezidenti Donald Tramp Şimali Karolina ştatının Şarlott Duqlas Beynəlxalq Hava Limanına gəlişi zamanı mətbuat nümayəndələrinə açıqlama verir.

ABŞ prezidenti Donald Tramp sentyabrın 16-da bildirib ki, İran Birləşmiş Ştatlarla birbaşa əlaqə saxlayıb razılaşma əldə etməyə çalışır. Prezident yeddi aydır gedən müharibənin sona yaxınlaşa biləcəyini deyib.

Sentyabrın 16-da Şimali Karolinaya gedən Tramp sonra jurnalistlərə söyləyib ki, "Ümid edirəm, müharibənin sonuna yaxınlaşırıq", çünki "İran razılaşma əldə etmək istəyir".

Tramp Tehranın əlaqəni birbaşa, yoxsa vasitəçilərlə qurduğu sualına "birbaşa" cavabını verib. O, əlavə detal açıqlamayıb. İran rəsmiləri belə bir təmasın olduğunu təsdiqləməyiblər.

Daha sonra Qastoniyada seçki mitinqində çıxış edən Tramp münaqişənin "həqiqətən yaxşı bir sonluqla" bitə biləcəyini bildirib. O, ABŞ-də noyabr aralıq seçkilərindən sonra münaqişənin fərqli mərhələyə keçə biləcəyini də əlavə edib.

Vitse-prezident Cey Di Vens də müharibənin yaxın bir-iki ay ərzində "tamamilə fərqli" mərhələyə keçə biləcəyini deyib. Amma o, döyüşlərin zəifləyəcəyi, gərginliyin artacağı, yoxsa diplomatik prosesin başlanacağını dəqiq söyləməyib.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi isə bu yaxınlarda sərt bəyanat vermişdi. O, sentyabrın 14-də bildirmişdi ki, İranın şərtləri yerinə yetirilməyincə Tehran Vaşinqtonla danışıqlar aparmayacaq.

Bu arada "Axios" nəşri yazır ki, Trampın sentyabrın 22-də BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkda Körfəz ərəb ölkələrinin liderləri ilə görüşəcəyi gözlənilir. Görüşün Vaşinqtonun İranla bağlı təklif etdiyi post-müharibə strategiyasına həsr olunacağı bildirilir. Ağ ev hələlik bu planları rəsmi şəkildə təsdiqləməyib.

Davamı

​
XS
SM
MD
LG