Tehran Bəhreyn və Küveytdəki ABŞ bazalarını hədəf alır
CENTCOM-un bəyanatından az sonra İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin hücumlarına cavab olaraq Bəhreyn və Küveytdəki Amerika hərbi obyektlərini hədəf aldığını açıqlayıb. SEPAH bildirib ki, Küveytdə yerləşən Əli əs-Salim və Əhməd əl-Cabir aviabazalarına iki dalğa əməliyyat zamanı ABŞ ordusu ilə əlaqəli 18 hədəfə zərbə endirilib.
Bəhreyndəki Şeyx İsa aviabazası da hədəf alınıb. Zərbələrin nəticələri hələlik məlum deyil, ABŞ rəsmiləri dəyən ziyanın miqyası barədə açıqlama verməyib.
Bəhreyn Daxili İşlər Nazirliyi hava hücumu siqnallarının ikinci dəfə işə salındığını bildirib, sakinləri sakit qalmağa və ən yaxın təhlükəsiz yerə keçməyə çağırıb.
Küveyt də hava hücumundan müdafiə sistemlərinin yeni hücumlara qarşı işə düşdüyünü açıqlayıb.
Son zərbələr Vaşinqton və Tehran arasında qarşıdurmanın kəskinləşdiyini göstərir. BMT-nin baş katibi Antoniu Quterreş hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb. O xəbərdarlıq edib ki, Yaxın Şərq getdikcə daha dərin böhrana sürüklənir və bu, regionun hüdudlarından çox uzaqlara təsir göstərəcək. Quterreş tərəfləri diplomatik həll yolunu seçməyə çağırıb: "Artıq hücumlar olmasın. Artıq bəhanələr olmasın."
BMT nüvə silahı hazırlamağa kifayət edən 440 kq İran uranını axtarır
BMT-nin nüvə nəzarəti qurumu olan Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranla bağlı ABŞ-nin dəstəklədiyi qətnaməni qəbul edib. Qurum İrandan həm zənginləşdirilmiş uran ehtiyatları barədə hesabat verməyi, həm də müfəttişlərin ölkəyə buraxılmasını tələb edir.
İsrail və ABŞ 2025-ci ilin iyununda keçirdikləri bombardman kampaniyası zamanı İranın nüvə obyektlərinə ciddi ziyan vurub və ya onları məhv edib. Buna cavab olaraq Tehran Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişlərinin fəaliyyətini dayandırıb. Agentlik bildirir ki, təxminən 60 faiz zənginləşdirilmiş, nüvə silahı hazırlanması üçün yetərli sayılan 440 kiloqram uranın harada olduğu bilinmir.
ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın hazırladığı qətnamə iyunun 10-da qəbul edilib. Sənəddə deyilir ki, İranın "gecikmədən" BAEA-ya nüvə materiallarının ehtiyatları və nüvə obyektlərinin texniki layihələri barədə tam məlumat verməsi "vacib və təxirəsalınmaz" məsələdir.
İranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının durulaşdırılması və ya ölkədən çıxarılması Tehranla Vaşinqton arasında sülh danışıqlarında əsas fikir ayrılıqlarından biridir.
Tehrandan Şiraza qədər partlayışlar: SEPAH-ın hərbi kazarması və bazası hədəf alınıb
İran mediasının məlumatına görə, iyunun 11-nə keçən gecə ölkənin müxtəlif bölgələrində partlayış səsləri eşidilib. Paytaxt Tehran yaxınlığındakı bir neçə şəhərdə – Abyek, Qərçək, Minab, Nəzərabad və Kərəcdə, həmçinin Fars əyalətinin inzibati mərkəzi Şirazda da partlayışların qeydə alındığı bildirilir.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) iyunun 11-i səhər saatlarında bəyan edib ki, hücumlar zamanı Tehranın qərbindəki Əlborz əyalətində yerləşən hərbi kazarma və sənaye kompleksi, habelə paytaxtın cənub-şərqindəki Pişva rayonunda SEPAH bazası hədəf alınıb.
Öz növbəsində, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyunun 11-i səhər saatlarında hücum əməliyyatlarının başa çatdığını elan edib. Qurumun rəsmi açıqlamasında İranın hərbi müşahidə imkanlarına, rabitə sistemlərinə və hava hücumundan müdafiə mövqelərinə dəqiq zərbələr endirildiyi vurğulanıb.
ABŞ Oman sahillərində tankeri vurub, üç hindistanlı dənizçi həlak olub
Oman sahilləri yaxınlığında Palau bayrağı altında üzən "MT Settebello" tankerinə ABŞ ordusunun endirdiyi zərbə nəticəsində üç hindistanlı dənizçi həlak olub. Hindistan bu hadisə ilə bağlı Vaşinqtona rəsmi etiraz edib.
Hindistanın gəmiçilik naziri Sarbananda Sonoval bildirib ki, axtarış əməliyyatı zamanı itkin düşmüş üç ekipaj üzvünün meyiti tapılıb. Nazir sosial şəbəkə hesabında hadisəni "böyük itki" adlandırıb və Hindistan hökumətinin sağ qalanların, həlak olanların nəşlərinin vətənə qaytarılması üçün tədbirlər gördüyünü bildirib.
ABŞ-nin Yaxın Şərqdəki hərbi fəaliyyətlərinə nəzarət edən Mərkəzi Komandanlıq (CENTCOM) isə açıqlamasında bildirib ki, ekipaj Amerika qüvvələrinin göstərişlərinə dəfələrlə əməl etməyib və tanker dəqiq zərbə ilə vurulub. Vaşinqton gəmini ABŞ blokadasını pozaraq İran nefti daşımağa cəhd göstərməkdə ittiham edir. Hörmüzdə İran limanlarına blokada münaqişə kəskinləşdikdən sonra qüvvəyə minib.
Hindistan Xarici İşlər Nazirliyi hücumu pisləyərək "qəti etiraz" bildirmək üçün Yeni Dehlidəki yüksəkvəzifəli ABŞ diplomatını nazirliyə çağırıb.
Bu hadisə ilə eyni vaxtda Hindistanın Omandakı səfirliyi Oman sahillərində başqa bir tankerlə bağlı dəniz qəzasının baş verdiyini açıqlayıb. Qəzaya uğrayan gəminin "MT Jalveer" tankeri olduğu ehtimal edilir. Bölgədə gəmiçilik təhlükəsizliyini izləyən UKMTO gəminin mühərrik bölməsində yanğın qeydə alındığını bildirib. Hindistan səfirliyi vəziyyəti yaxından izlədiyini və yerli hakimiyyət orqanları ilə daimi əlaqədə olduğunu açıqlayıb.