BƏƏ İranın yeni zərbələr endirdiyini bildirir
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) əsas liman şəhəri Füceyrədə enerji obyektinə dron zərbəsinin yanğıns səbəb olduğu bildirilir. Məlumatı yerli rəsmi orqanlar yayıb.
“Füceyrə Mülki Müdafiə qrupları hadisəyə dərhal reaksiya verib, vəziyyəti nəzarətə almağa çalışır”, –Füceyrə media ofisi mayın 4-də bildirib. Bu açıqlamadan əvvəl çoxsaylı hava həyəcanı siqnalı verilib.
Füceyrə Ərəb dənizi sahilində yerləşir və BƏƏ-nin əsas ixrac mərkəzlərindən biridir. İran ABŞ-İsrailin zərbələrinə cavab olaraq Hörmüz boğazını faktiki bağlayandan bu limanın əhəmiyyəti artıb.
Bundan bir neçə dəqiqə sonra BƏƏ Müdafiə Nazirliyi bildirib ki, İran ölkəni dörd qanadlı raketlə hədəfə alıb.
“Onlardan üçü ölkənin ərazi suları üzərində zərərsizləşdirilib, biri isə dənizə düşüb”, – məlumatda deyilir.
İran ABŞ qüvvələrinə doğru qanadlı raketlər, dronlar buraxıb
ABŞ qüvvələri mayın 4-də Tehranın buraxdığı qanadlı raketləri və dronları zərərsizləşdirib. Bunu amerikalı admiral bildirib. Bu arada Vaşinqton Hörmüz boğazı yaxınlığındakı sularda qalmış "neytral" gəmiləri çıxarmaq üçün əməliyyata başlayıb. Əməliyyatı bir gün əvvəl ABŞ prezidenti Donald Tramp elan edib.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuperin sözlərinə görə, İran ABŞ gəmilərinə və ABŞ-nin "qoruduğu" kommersiya gəmilərinə qarşı "bir neçə qanadlı raket, dron və kiçik qayıq" buraxıb.
O əlavə edib ki, ABŞ ordusu "Apache" və "SH-60 Seahawk" helikopterləri ilə Hörmüz boğazında İranın altı kiçik qayığını məhv edib. O, İran qüvvələrini əməliyyat davam etdiyi müddətdə ABŞ hərbçilərindən uzaq durmağa çağırıb.
Admiralın sözlərinə görə, ABŞ gəmiləri kommersiya gəmilərini boğazdan keçərkən sadəcə müşayiət etmir, həm də onlara "daha geniş müdafiə paketi" çərçivəsində təhlükəsizlik təminatı yaradır.
Tramp: Hörmüz boğazında ABŞ gəmiləri hədəfə alınarsa, İran "yer üzündən silinəcək"
ABŞ prezidenti Donald Tramp bildirib ki, əgər İran Hörmüz boğazını yenidən açmağa çalışan ABŞ gəmilərini hədəfə alarsa, "yer üzündən silinəcək".
Hazırda tərəflər arasında aprelin 8-dən qüvvədə olan kövrək atəşkəs gərginliyə tab gətirməyə bilər. ABŞ Fars körfəzində kommersiya gəmilərini müşayiət etmək üçün dəniz əməliyyatlarını genişləndirib. 800-dən çox gəmi və təxminən 20 min ekipaj üzvü hələ də boğazda ilişib qalıb.
Tramp mayın 4-də "Fox News" telekanalına müsahibəsində Hörmüz boğazında sıxışıb qalan gəmilərin çıxarılması üçün keçirilən "Azadlıq" əməliyyatını "indiyə qədərki ən böyük hərbi manevrlərdən biri" adlandırıb. O bildirib ki, son danışıqlarda İran rəsmiləri "daha çevik mövqe" nümayiş etdiriblər.
İran isə xəbərdarlıq edib ki, boğaza yaxınlaşan ABŞ gəmilərinə zərbə endirəcək. Tehran ABŞ-nin altı İran katerini məhv etməsi, həmçinin raket və dronları zərərsizləşdirməsi ilə bağlı iddialarını təkzib edib.
'Hərbi həll yoxdur' - İrandan BƏƏ-yə sərt xəbərdarlıq
İranın xarici işlər naziri Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) İslam Respublikasına qarşı hərbi həll yoluna əl atmamağa çağırıb.
Abbas Əraqçi mayın 4-də gecə "X" sosial şəbəkəsində yazıb ki, o, mövcud böhranın hərbi həlli olmadığına inanır.
"Pakistanın böyük səyləri sayəsində danışıqlar irəliləyir, ABŞ isə bədxahların onu yenidən bataqlığa sürükləməməsi üçün ehtiyatlı olmalıdır. Birləşmiş Ərəb Əmirlikləri də eyni şəkildə ayıq-sayıq qalmalıdır", – Əraqçi bildirib.
Fevralın 28-də ABŞ və İsrailin İranla münaqişəsi başlayandan BƏƏ Fars körfəzi ölkələri arasında ən çox zərbəyə məruz qalanlardan olub. Tehran bu zərbələrlə ABŞ-İsrail hərbi kampaniyasına cavab verdiyini bildirir.
İran mediası İsrail ilə BƏƏ arasında hərbi əməkdaşlığın dərinləşməsi və Əmirliklərin ərazisində müasir hava hücumundan müdafiə (HHM) sistemlərinin yerləşdirilməsi barədə iddialar yayıb.
BƏƏ rəsmiləri isə mayın 4-də ölkənin İran tərəfindən raket və dron hücumlarına məruz qaldığını bildirərək bunu "təhlükəli eskalasiya" kimi qiymətləndiriblər. Rəsmi Əbu-Dabi öz təhlükəsizliyini və suverenliyini qorumaqda tərəddüd etməyəcəyini vurğulayıb
Füceyrə limanının rəsmiləri bildirib ki, enerji obyekti dron zərbəsinə məruz qalıb, yanğın baş verib və üç nəfər xəsarət alıb. Müdafiə Nazirliyi isə dörd qanadlı raketin buraxıldığını, onlardan üçünün zərərsizləşdirildiyini açıqlayıb.