Keçid linkləri

2026, 27 İyun, şənbə, Bakı vaxtı 14:59
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.

ABŞ İrana zərbələr endirib

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

Vens İranla danışıqlar üçün Pakistana yola düşüb

ABŞ-nin vitse-prezidenti Cey Di Vens İranla danışıqlar üçün İslamabada yola düşüb. ABŞ və İsrailin fevralın 28-də İranla başladığı müharibədə aprelin 7-də ikihəftəlik atəşkəs elan edilib. Danışıqlarda məqsəd müharibəni dayandırmaqdır.

"Danışıqları səbirsizliklə gözləyirik. Düşünürəm ki, nəticə müsbət olacaq", – Vens Vaşinqtonu tərk edərkən jurnalistlərə deyib.

"ABŞ prezidentinin dediyi kimi, əgər iranlılar səmimi şəkildə danışıqlara hazırdırsa, biz də əl uzatmağa hazırıq. Bizi aldatmağa çalışsalar, danışıqlar komandası bunu qəbul etməyəcək", – o əlavə edib.

Vens jurnalistlərin suallarını cavablandırmayıb, prezident Donald Trampın danışıqlar üçün "aydın" göstərişlər verdiyini deyib.

Tramp bildirib ki, İran Hörmüz boğazını açmamaqla atəşkəsi pozur. İran isə İsraili Livanda "Hizbullah"a hücumları davam etdirməklə atəşkəsi pozmaqda günahlandırır.

Vensin İslamabadda xüsusi elçi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner ilə birlikdə olacağı gözlənilir.

İran isə danışıqlara parlamentin sədri Məhəmməd Baqer Qalibaf və xarici işlər naziri Abbas Əraqçini göndərib.

İran ABŞ ilə danışıqlar öncəsi dondurulmuş aktivlərinin qaytarılmasını tələb edir

İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf bildirib ki, ABŞ və İran arasında danışıqlar başlamazdan əvvəl iki şərt yerinə yetirilməlidir: Livanda atəşkəs və İranın dondurulmuş aktivlərinin azad olunması. Bu barədə o, X hesabında yazıb.

Bu şərtlərin qarşılıqlı şəkildə razılaşdırıldığını deyən Qalibaf xəbərdarlıq edib ki, onlara əməl olunana qədər danışıqlar başlamayacaq. O, əlavə məlumat verməyib.

Danışıqlar prosesinin başlanması üçün Livanda atəşkəsin zəruriliyini İranın xarici işlər naziri Abbas Əraqçi də vurğulayıb. Həm Qalibaf, həm də Əraqçi ABŞ ilə danışıqlar üçün İran nümayəndə heyətinin tərkibindədir.

Qalibaf və Əraqçinin açıqlamalarından qısa müddət sonra ABŞ prezidenti Donald Tramp "Truth Social" hesabında yazıb ki, "iranlılar beynəlxalq su yolları ilə dünya birliyini qısa müddətə şantaj etməkdən başqa heç bir kozırları olmadığını, deyəsən, anlamırlar".

Aprelin 9-da məlum olub ki, İsrailin baş naziri Binyamin Netanyahu "mümkün qədər tez" Livanla birbaşa danışıqlara başlamağı tapşırıb. "The Wall Street Journal"ın məlumatına görə, bundan əvvəl Tramp ona zəng edib.

ABŞ və İran arasında danışıqların aprelin 11-də Pakistanın paytaxtında keçirilməsi planlaşdırılır. Amerika nümayəndə heyətinə vitse-prezident Cey Di Vens rəhbərlik edir.

FT: İslamabad danışıqları dalana düşüb

ABŞ-İran danışıqları Hörmüz boğazına görə dalana dirənib. Bu barədə "The Financial Times" danışıqçılara istinadən yazır.

Nəşrin məlumatına görə, Tehran boğaz üzərində tam nəzarəti saxlamaqda və oradan keçən gəmilərdən rüsum toplamaq hüququnda israr edir. Birgə idarəetmə ideyasını qəti şəkildə rədd edir.

Vaşinqton və Tehran aprelin 8-də ikihəftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-də İslamabadda tərəflər arasında danışıqlar başlayıb. ABŞ nümayəndə heyətinə vitse-prezident Cey Di Vens, Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və prezidentin kürəkəni Cared Kuşner daxildir. İslam Respublikasını parlamentin spikeri Məhəmməd Baqer Qalibaf və xarici işlər naziri Abbas Əraqçi təmsil edir.

Hörmüz boğazı


ABŞ və İran razılığa gələ bilmədi

Vitse-prezident Cey Di Vens bildirib ki, ABŞ və İran Pakistandakı danışıqlarda razılığa gələ bilməyiblər.

"Razılaşma əldə olunmadığı üçün Birləşmiş Ştatlara qayıdırıq", - o deyib.

Vensin sözlərinə görə, Vaşinqton İrana "ən yaxşı" son təklifini edib, Tehran isə hələ ki, bunu qəbul etməyib və bu, "İran üçün pis xəbərdir".

İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai 21 saat davam edən danışıqları "gərgin" adlandırıb. "İki və ya üç vacib məsələdə fikir ayrılıqları var", - o bildirib. Vurğulayıb ki, müzakirələr inamsızlıq və şübhə mühitində keçib, heç kim tək bir görüşdə razılığa gəlinəcəyini gözləmirdi.

"Fars" agentliyinin məlumatına görə, İran Hörmüz boğazı və nüvə enerjisi ilə bağlı ABŞ-nin irəli sürdüyü şərtlərlə razılaşmayıb. Tehran Hörmüz üzərində nəzarəti əldə saxlamaqda israrlıdır və zənginləşdirilmiş uran ehtiyatlarından imtina etmək istəmir.

Davamı

XS
SM
MD
LG