Keçid linkləri

2026, 27 İyun, şənbə, Bakı vaxtı 04:59
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.

ABŞ İrana zərbələr endirib

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

Xameneinin iş qabiliyyətini itirdiyi deyilir

İranın yeni ali rəhbəri Müctəba Xamenei iş qabiliyyətini itirib, Qum şəhərində müalicə olunur, bu səbəbdən ölkəni idarə edə bilmir. Bunu Londonda çıxan "The Times" qəzeti əldə etdiyi kəşfiyyat məlumatına istinadla yazıb.

Məlumatın ABŞ və İsrailin Fars körfəzi müttəfiqləri ilə paylaşdığı kəşfiyyat bilgisinə əsaslandığı deyilir. Məlumata görə, Müctəba atasının, Əli Xameneinin öldürüldüyü hücumda yaralanıb, ağır və huşsuz vəziyyətdədir.

Xameneinin yeni ali lider elan olunandan bəri ictimaiyyət qarşısında görünməməsi, yalnız yazılı bəyanatlarının, süni intellektlə hazırlanmış görüntülərin yayılması onun rəhbərliyi ilə bağlı şübhələri artırıb.

Məlumatda o da bildirilir ki, Qumda ata Xameneinin dəfninə hazırlıqlar gedir. Ailə üzvlərinin də sığa biləcəyi böyük məqbərə planlarının olduğu vurğulanır.

Bütün bunlar İranda hakimiyyətdə əslində kimin olması ilə bağlı suallar yaradır. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ölkəyə faktiki nəzarət etdiyi ehtimal olunur.

İrana hava və raket zərbələri endirilir

Aprelin 6-dan 7-nə keçən gecə İranda Tehran, İsfahan və Əhvaz daxil, bir neçə şəhər genişmiqyaslı hava və raket hücumlarına məruz qalıb. Bunu İran rəsmiləri və media qurumları bildirir.

Aeroportlar, hərbi obyektlər, infrastruktur hədəflər arasında olub. İsrail Tehranın bir neçə hava limanına zərbə endirdiyini, təyyarələri və obyektləri məhv etdiyini bildirib.

Sosial mediada yayılan görüntülərdə İran paytaxtındakı Mehrabad aeroportu yaxınlığından alov və tüstü qalxdığı görünür.

Məşhəd və Təbrizdə də partlayışlar, döyüş təyyarələri qeydə alınıb.

Tehran vilayətində azı 15 nəfərin, İsfahanda dörd hərbçinin, Hörmüzgan əyalətində iki mülki şəxsin həlak olduğu bildirilir, yaralananlar da var.

Qum və digər ərazilərdə ciddi dağıntılar olduğu deyilir.

İsrail zərbələrin bir dalğasını tamamladığını, İranın cavab olaraq raketlər buraxdığını açıqlayıb.

İsrail iranlılara qatarla səyahət etməməyi tövsiyə edib

İsrail ordusu xəbərdarlıq edib ki, qatarlarda olmaq təhlükəlidir. Bu, dəmir yollarına mümkün hücumların ola biləcəyini göstərir.

İranlılara bu gün, aprelin 7-də saat 21:00-a qədər ölkə üzrə qatardan istifadə etməmək məsləhət görülüb. "Qatarlarda qalmaq həyatınızı təhlükəyə atır", – İsrailin Müdafiə Qüvvələri (SAXAL) bu haqda X platformasında fars dilində mesaj paylaşıb.

İraqda dron zərbəsindən iki nəfər ölüb

"İrandan gələn" dron zərbəsi İraqın Kürdüstan bölgəsində yaşayış evinə dəyib, iki nəfər həlak olub. Məlumatı yerli rəsmilər verib.

Səudiyyə Ərəbistanı havada yeddi ballistik raketi məhv etdiyini bildirib. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də ölkəyə hücumlar barədə məlumat verib. Bəhreyndə xəbərdarlıq siqnalları işə salınıb.

Küveyt son 24 saat ərzində onlarla raket və dronun aşkarlandığını bildirib, yerə düşən qalıqlardan yüngül xəsarət alanlar olub.

Bu arada BMT Təhlükəsizlik Şurası Hörmüz boğazında gəmiçiliyin qorunmasına dair qətnamə layihəsini səsə qoymağa hazırlaşır. Çin boğazın açıq qalması üçün güc tətbiqinə icazə verilməsinə qarşı çıxdığından sənəd yumşaldılıb.

İranın BMT-dəki təmsilçisi isə Səudiyyə Ərəbistanı və BƏƏ-ni "yaxşı qonşuluq" prinsiplərinə hörmətlə yanaşmağa, ərazilərindən İrana qarşı istifadə olunmasına icazə verməməyə çağırıb.

Davamı

XS
SM
MD
LG