Pezeşkian: 'İranlılar adi amerikalılara düşmənçilik bəsləmir'
İran prezidenti Məsud Pezeşkian Amerika xalqına müraciətində deyib ki, "iranlılar adi amerikalılara heç bir düşmənçilik bəsləmir".
Aprelin 1-də Pezeşkianın məktubu yayılıb. O, İranın təhdid kimi təqdim olunmasını rədd edib, bu iddiaların nə tarixi reallığa, nə də bu gün müşahidə olunan faktlara uyğun gəldiyini yazıb.
Pezeşkian ABŞ və İsraillə münaqişədə Tehranın addımlarını müdafiə edib, bunların "legitim özünümüdafiəyə əsaslanan ölçülü cavab" olduğunu vurğulayıb.
Vaşinqton uzun müddətdir ki, İranın nüvə ambisiyalarının, regionda fəaliyyətinin ciddi təhlükə yaratdığını bildirir, Tehranla hər hansı sülh razılaşması üçün hər ikisinin məhdudlaşdırılmasını tələb edir.
İranın aviazərbələrlə vurulduğu bildirilir
Aprelin 2-nə keçən gecə İranın müxtəlif yerlərində partlayışlar, itkilər, hava hücumundan müdafiə sistemlərinin işə salınması xəbərləri gəlib. Bundan öncə ABŞ və İsrail İrana aviazərbələr endirib.
Tehranda yerli media hava hücumundan müdafiə sistemlərinin düşmən hədəflərə qarşı işə salındığını bildirib. Paytaxtın bəzi hissələrində partlayışlar və elektrik kəsintiləri olduğu xəbər verilib.
İranın Qırmızı Aypara Cəmiyyəti Tehran və ətraf ərazilərin son 24 saat ərzində zərbələrə məruz qaldığını açıqlayıb.
İsfahan, Şəhreza, Kaşan, Aran və Bidqol, Nəcəfabad şəhərləri hədəf alınıb.
İsrail ordusu aprelin 1-də axşamı bildirib ki, son iki gündə hava qüvvələri İranın hərbi infrastrukturuna 400-dən çox hücum həyata keçirib, 650-yə yaxın sursat işlənib.
Ordunun məlumatına görə, Tehranda təxminən 15 silah istehsalı obyekti və İran Müdafiə Nazirliyinin bəzi hissələri daxil, onlarla hədəf vurulub.
ABŞ senatorları NATO-ya dəstək bildirir
ABŞ-nin iki yüksəkvəzifəli senatoru NATO-ya dəstəklərini yenidən dilə gətiriblər. Demokrat Kris Kuns və respublikaçı, Senatda çoxluğun keçmiş lideri Mitç Makkonnell prezident Donald Trampın son açıqlamalarından sonra danışıblar. Tramp ABŞ-nin İrandakı hədəflərinə yetərincə dəstək verilmədiyini əsas gətirərək hərbi alyansdan çıxmaqla hədələyib.
"NATO tarixdə ən uğurlu hərbi alyansdır. O, 70 ildən artıq müddətdə ABŞ-nin təhlükəsizliyinin əsas dayaqlarından biri olub", – senatorlar aprelin 1-də birgə bəyanatda yazıblar.
"NATO güclü və vahid formada qaldıqca amerikalılar daha təhlükəsizdir. Bütün müttəfiqlərin bu birliyi diqqətlə qoruması maraqlarımıza uyğundur", – senatorlar əlavə ediblər.
Tramp ABŞ-ni NATO-dan birtərəfli qaydada çıxarmaqla təhdid edib. Amma belə bir rəsmi addım üçün Senatın üçdə ikisinin razılığı tələb olunur. Tramp və ABŞ-nin digər rəsmiləri dəfələrlə bildiriblər ki, ABŞ öz maraqlarını qorumaq üçün müttəfiq ölkələrdəki bazalardan sərbəst istifadə edə bilmirsə, alyansın dəyəri sual altına düşür.
İranda yanvar iğtişaşları ilə bağlı beşinci etirazçı bu həftə edam edilib
İranda 18 yaşlı Əmirhüseyn Hatəmi edam edilib. O, yanvar etirazlarında həbs olunmuşdu.
Məhkəmə hakimiyyətinin "Mizan" xəbər agentliyi bildirib ki, Hatəminin apellyasiya şikayəti rədd edilib, Ali Məhkəmə onun barəsindəki hökmü qüvvədə saxlayıb. Tehranda qadağan olunmuş hərbi əraziyə girməkdə təqsirli bilinən gənc aprelin 2-də edam edilib.
Hatəminin istintaq zamanı təqsirini etiraf etdiyi bildirilir.
O, son üç gündə edam edilən beşinci etirazçıdır. "Amnesty International" insan hüquqları təşkilatı onun edam riski yüksək olan 11 nəfərdən biri olduğunu deyirdi. Qurum bu şəxslərin işgəncə və digər pis rəftara məruz qaldığını, məcburi etiraflara əsaslanan açıq-aşkar ədalətsiz məhkəmə ilə mühakimə olunduğunu bildirib.
Bu edamlar İranda ruhani hakimiyyətin nəzarəti saxladığını göstərir.