2026, 23 Noyabr, bazar ertəsi, Bakı vaxtı 04:15
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.

İran təmsilçiləri Qətəri tərk ediblər

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

Tramp: 'İran rejimini məhv edib-etməmək barədə mühüm qərar verməliyəm'

ABŞ prezidenti Donald Tramp sentyabrın 17-də bildirib ki, Birləşmiş Ştatların İrana qarşı genişmiqyaslı hücumları bərpa edib-etməyəcəyi ilə bağlı mühüm qərar verməyə hazırlaşır.

"Mühüm bir qərar verməliyəm. İrana girib onları (İran rejimini) tamamilə məhv etmək istəyirəm, ya yox? Bu, çox böyük bir qərardır", – Tramp "Axios"a müsahibəsində deyib.

Sentyabrın 22-də Nyu-Yorkda, BMT Baş Assambleyasının sessiyası çərçivəsində Trampın altı Körfəz ölkəsinin – Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn, Küveyt və Omanın liderləri ilə görüşü planlaşdırılıb.

"Axios" yazır ki, bu görüş müharibənin növbəti mərhələsini müəyyənləşdirməyə – diplomatik danışıqların bərpa olunacağını, yoxsa hərbi əməliyyatların genişlənəcəyini dəqiqləşdirməyə kömək edə bilər. Tramp növbəti addımlarla bağlı region liderlərinin fikirlərini eşitmək istədiyini deyib: "Onların vəziyyətini, işlərinin necə getdiyini bilmək istəyirəm. Biz onları böyük dəstək və müdafiə ilə təmin etmişik".

O, ABŞ dəniz blokadasının İranın neft ixracının qarşısını almasından məmnun olduğunu da bildirib. "Biz başlayandan bəri İrana bircə gəmi də getməyib. Getməyə cəhd etdilər, biz də onları partlatdıq", – "Axios" Trampın sözlərindən sitat gətirir.

ABŞ lideri İranın onun administrasiyası ilə birbaşa əlaqə saxladığını və ortaq məxrəcə gəlməyi çox istədiyini bildirərək, müharibənin tezliklə yekunlaşacağına ümid etdiyini söyləyib.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi isə sentyabrın 15-də danışıqları rədd edib. O, "İranın şərtləri yerinə yetirilməyənədək heç bir danışıq olmayacaq. Vəssalam!" – deyə vurğulayıb.

ABŞ İran nümayəndə heyətinə BMT vizası verdi, amma şərt qoydu

Birləşmiş Ştatlar İran nümayəndə heyətinin gələn həftə Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasına qatılmasına icazə verib. İki ölkə arasında yeddi aydır müharibə gedir.

"Ev sahibi ölkə kimi öhdəliklərimizə uyğun olaraq, İran rejiminin əsas nümayəndə heyəti BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində iştirak edə biləcək", – Dövlət Departamentinin sentyabrın 17-də yaydığı bəyanatda deyilir.

Ancaq əlavə edilir ki, nümayəndə heyəti ötənilkindən daha kiçik olacaq. Heyət üzvlərinin ABŞ ərazisində hərəkətinə məhdudiyyətlər qoyulacaq, onların dəbdəbəli mallar və digər məhsullar alması qadağan ediləcək.

Vaşinqtonla Tehran arasında danışıqlar son aylar faktiki dayanıb, ABŞ və İran qüvvələri qarşılıqlı zərbələr endirir.

Hörmüz boğazı və Yəmən sahillərindəki Babül-Məndəb boğazından gəmilərin hərəkəti məhdudlaşıb. Bu marşrutlarda İranın və Yəməndə Tehranla müttəfiq Husi üsyançılarının hücum təhlükəsi var.

Sentyabrın 17-də İranın müttəfiqləri Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında İranın nüvə proqramı ilə bağlı sanksiyaların icrasına nəzarət edən ekspertlər qrupunun mandatının uzadılması təklifinə veto qoyub.

Tramp: İran birbaşa əlaqə saxlayıb, razılaşma istəyir

ABŞ prezidenti Donald Tramp Şimali Karolina ştatının Şarlott Duqlas Beynəlxalq Hava Limanına gəlişi zamanı mətbuat nümayəndələrinə açıqlama verir.
ABŞ prezidenti Donald Tramp Şimali Karolina ştatının Şarlott Duqlas Beynəlxalq Hava Limanına gəlişi zamanı mətbuat nümayəndələrinə açıqlama verir.

ABŞ prezidenti Donald Tramp sentyabrın 16-da bildirib ki, İran Birləşmiş Ştatlarla birbaşa əlaqə saxlayıb razılaşma əldə etməyə çalışır. Prezident yeddi aydır gedən müharibənin sona yaxınlaşa biləcəyini deyib.

Sentyabrın 16-da Şimali Karolinaya gedən Tramp sonra jurnalistlərə söyləyib ki, "Ümid edirəm, müharibənin sonuna yaxınlaşırıq", çünki "İran razılaşma əldə etmək istəyir".

Tramp Tehranın əlaqəni birbaşa, yoxsa vasitəçilərlə qurduğu sualına "birbaşa" cavabını verib. O, əlavə detal açıqlamayıb. İran rəsmiləri belə bir təmasın olduğunu təsdiqləməyiblər.

Daha sonra Qastoniyada seçki mitinqində çıxış edən Tramp münaqişənin "həqiqətən yaxşı bir sonluqla" bitə biləcəyini bildirib. O, ABŞ-də noyabr aralıq seçkilərindən sonra münaqişənin fərqli mərhələyə keçə biləcəyini də əlavə edib.

Vitse-prezident Cey Di Vens də müharibənin yaxın bir-iki ay ərzində "tamamilə fərqli" mərhələyə keçə biləcəyini deyib. Amma o, döyüşlərin zəifləyəcəyi, gərginliyin artacağı, yoxsa diplomatik prosesin başlanacağını dəqiq söyləməyib.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi isə bu yaxınlarda sərt bəyanat vermişdi. O, sentyabrın 14-də bildirmişdi ki, İranın şərtləri yerinə yetirilməyincə Tehran Vaşinqtonla danışıqlar aparmayacaq.

Bu arada "Axios" nəşri yazır ki, Trampın sentyabrın 22-də BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkda Körfəz ərəb ölkələrinin liderləri ilə görüşəcəyi gözlənilir. Görüşün Vaşinqtonun İranla bağlı təklif etdiyi post-müharibə strategiyasına həsr olunacağı bildirilir. Ağ ev hələlik bu planları rəsmi şəkildə təsdiqləməyib.

CENTCOM: Hörmüz boğazı açıqdır

ABŞ ordusu Hörmüz boğazında gəmilərin hərəkətinin getdikcə artdığını bildirir. Səudiyyə Ərəbistanı ilə Yəməndə İranın dəstəklədiyi husi üsyançıları arasında döyüşlərin şiddətlənməsi isə bu strateji su yoluna təhdidlərlə bağlı narahatlıq yaranıb.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 16-da AzadlıqRadiosuna göndərdiyi açıqlamada boğazın gəmilərin keçidi üçün açıq qaldığını bildirib.

"İranın mülki gəmi heyətlərini qorxutmaq və onlara zərər vurmaq cəhdlərinə baxmayaraq, gəmilərin hərəkəti davam edir və getdikcə artır", – açıqlamada deyilir.

Qurum son aylar minlərlə kommersiya gəmisi və təxminən bir milyard barel neftin boğazdan keçdiyini bildirir. İranın boğaza nəzarət etmədiyi, bu beynəlxalq su yolunun gəmilərin keçidi üçün açıq qaldığı vurğulanır.

Fevralda İran müharibəsi başlayandan Hörmüz boğazından kommersiya gəmilərinin keçidi kəskin azalıb.

Tehran boğazda naviqasiyaya nəzarəti ələ keçirməyə çalışıb və kommersiya gəmilərinə hücum edib. ABŞ isə İran limanlarına dəniz blokadası tətbiq edib, bu ölkə ilə əlaqəli gəmilərə də zərbələr endirib.

Müharibədən əvvəl dünya üzrə neft və mayeləşdirilmiş təbii qaz tədarükünün beşdə biri Hörmüzdən keçirdi. Bu, boğazı dünyanın ən mühüm enerji dəhlizlərindən birinə çevirib. Münaqişədən öncə hər gün təxminən 125 iri kommersiya gəmisi bu su yolundan keçib.

Yəməndəki husi üsyançıları isə son günlər Qırmızı dənizdə Babül-Məndəb boğazına nəzarət etməyə imkan verən yüksəklikləri ələ keçiriblər. Bu, Yaxın Şərqdə daha bir əsas gəmiçilik arteriyası ilə neft daşınmasına təhdid yaradır.

Ötən həftə Səudiyyə Ərəbistanının Şərq-Qərb neft kəməri sıradan çıxıb, bu hücum İraqda İranın dəstəklədiyi döyüşçülərlə əlaqələndirilib. Hörmüz boğazının bağlı olduğu dövrdə krallıq neft ixracı üçün əsasən bu marşrutdan istifadə edib.

Davamı

​
XS
SM
MD
LG