Netanyahunun ofisi: 'Tramp İsraili İranın nüvə materialları ilə bağlı əmin edib'
İsrailin baş naziri Binyamin Netanyahunun ofisindən verilən məlumata görə, ABŞ prezidenti Donald Tramp ona təminat verib ki, Vaşinqton və Tehran arasında əldə olunacaq istənilən razılaşmada İranın zənginləşdirilmiş nüvə materialları ehtiyatlarının ölkədən çıxarılması bəndi mütləq yer alacaq.
Netanyahunun ofisi bu barədə iyunun 11-də "X" sosial şəbəkəsində məlumat yayıb. Bildirilir ki, Tramp və Netanyahu telefon danışığı zamanı İranla danışıqlara başlamaq üçün hazırlanmış anlaşma memorandumunu (MOU) müzakirə ediblər: "İsrail bu anlaşma memorandumunun tərəfi olmasa da, baş nazir prezident Trampın öhdəliyini yüksək qiymətləndirib. Belə ki, danışıqların sonunda əldə olunacaq yekun razılaşmaya zənginləşdirilmiş materialların ölkədən çıxarılması, uranın zənginləşdirilməsi infrastrukturunun sökülməsi, raket istehsalına məhdudiyyətlər qoyulması və İranın regiondakı terrorçu proksi qüvvələrinə dəstəyinin dayandırılması bəndləri salınacaq".
D.Tramp iyunun 11-də bəyan edib ki, Yaxın Şərqdəki müharibəyə son qoymaq üçün İranla "möhtəşəm razılaşma" əldə olunub və sənəd artıq bu həftəsonu Avropada imzalana bilər.
"İranın heç vaxt nüvə silahına sahib olmayacağı barədə razılığa gəlmişik. Bütün bu prosesdən keçməyimizin əsas məqsədi də məhz bu idi. Bu, çox böyük bir hadisədir", –Tramp Ağ evdə jurnalistlərə açıqlamasında bildirib.
ABŞ Hörmüz boğazı yaxınlığında İranın iki dronunu vurub
İran qüvvələrinin Hörmüz boğazından keçən ticarət gəmilərini hədəf almaq cəhdindən sonra ABŞ hərbçiləri İrana məxsus iki hücum dronunu vurub. Bu barədə AzadlıqRadiosuna ABŞ-nin yüksək rütbəli müdafiə rəsmisi məlumat verib.
"Görünür, İran bu gecə Hörmüz boğazından keçən kommersiya gəmilərinə zərbə endirməyə cəhd göstərib. ABŞ qüvvələri İranın iki kamikadze dronunu zərərsizləşdirib. Hazırda boğazda gəmilərin hərəkəti davam edir", – müdafiə rəsmisi bildirib.
İran dövlət mediasının iyunun 12-si səhər saatlarında yaydığı məlumata görə, ölkə qüvvələri rəsmi icazə olmadan su yolundan keçməyə cəhd edən tankerə atəş açıb. Mənbə bildirib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin xəbərdarlıqlarından sonra tanker keçid qadağasına əməl edib.
İranın ali hərbi komandanlığı iyunun 11-də boğazın bağlandığını elan edərək neft tankerləri və kommersiya gəmilərinin keçidinə qadağa qoyub. Xəbərdarlıqda qeyd olunub ki, qadağanı pozaraq keçməyə cəhd göstərən istənilən gəmi atəşə tutulacaq.
ABŞ prezidenti Donald Tramp isə iyunun 11-də İranla müharibəyə son qoyacaq "möhtəşəm razılaşma"nın əldə olunduğunu bəyan edib. Tramp bildirib ki, sülh sazişi artıq bu həftəsonu imzalana bilər və nəticədə Hörmüz boğazı gəmiçilik üçün yenidən açılacaq.
İran Xarici İşlər Nazirliyinin sözçüsü isə cavabında bildirib ki, Tehran hökuməti hələlik yekun sazişlə bağlı son qərarını verməyib.
Tramp İrana hücum əmrini geri götürdü: 'Saziş yoldadır'
ABŞ prezidenti Donald Tramp bu axşam İrana planlaşdırılan zərbə və bombardman əmrlərini ləğv etdiyini açıqlayıb.
Tramp "Truth Social" hesabında yazıb: "İran İslam Respublikası ilə aparılan müzakirələrin ölkə rəhbərliyinin ən yüksək səviyyəsində təsdiqləndiyini nəzərə alaraq, Amerika Birləşmiş Ştatlarının prezidenti kimi bu axşam İrana planlaşdırılan zərbə və bombardmanları ləğv edirəm".
O, danışıqların yekun şərtlərinin İsrail, Türkiyə, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Pakistan, Misir və digər regional tərəfdaşlar tərəfindən dəstəkləndiyini bildirib.
Tramp dəniz blokadasının saziş tam bağlanana qədər qüvvədə qalacağını vurğulayıb. O, sənədin imzalanma yeri və vaxtının tezliklə elan olunacağını da əlavə edib.
"Axios" nəşrinin danışıqlardan məlumatlı üç mənbəyə istinadən verdiyi məlumata görə, saziş layihəsindəki əsas fikir ayrılıqları Tehranın Qətər vasitəçiliyi ilə apardığı müzakirələr nəticəsində həllini tapıb.
Tramp İrana yeni zərbələrin anonsunu verib
ABŞ prezidenti Donald Tramp İrana qarşı yeni hərbi zərbələrin endiriləcəyini açıqlayıb.
Bu bəyanat aprelin 8-dən qüvvədə olan atəşkəs fonunda son aylar tərəflər arasında yaranan ən ciddi gərginliklərin daha da dərinləşdiyini göstərir.
"ABŞ bu gecə İrana ÇOX SƏRT zərbələr endirəcək", – Tramp iyunun 11-də özünün "Truth Social" platformasındakı hesabında yazıb.
ABŞ prezidenti həmçinin İranın əsas neft ixrac mərkəzi olan Xarq adası da daxil olmaqla, ölkənin neft infrastrukturu obyektlərini ələ keçirməklə hədələyib.