Tramp İrana yeni zərbələrin anonsunu verib
ABŞ prezidenti Donald Tramp İrana qarşı yeni hərbi zərbələrin endiriləcəyini açıqlayıb.
Bu bəyanat aprelin 8-dən qüvvədə olan atəşkəs fonunda son aylar tərəflər arasında yaranan ən ciddi gərginliklərin daha da dərinləşdiyini göstərir.
"ABŞ bu gecə İrana ÇOX SƏRT zərbələr endirəcək", – Tramp iyunun 11-də özünün "Truth Social" platformasındakı hesabında yazıb.
ABŞ prezidenti həmçinin İranın əsas neft ixrac mərkəzi olan Xarq adası da daxil olmaqla, ölkənin neft infrastrukturu obyektlərini ələ keçirməklə hədələyib.
ABŞ hücumuna məruz qalan İran yük gəmisi Oman körfəzində batıb
İran mediasının məlumatına görə, iyunun 11-i səhər saatlarında ABŞ-nin hücumuna məruz qalan İran yük gəmisi Oman körfəzində batıb. Xəbərdə İranın cənubundakı Hörmüzqan əyalətinin sahilyanı Sirik rayonunun valisinin açıqlamasına istinad edilir.
Rəsmi dairələrin sözlərinə görə, yük gəmisi səhər saat 05:00-da Omanın Xasab şəhərindən Sirik rayonu istiqamətinə yola düşüb və Xasab limanından təxminən beş mil aralıda mərmi zərbəsinə məruz qalıb. Bildirilir ki, gəminin göyərtəsində olan beş ekipaj üzvü yaxınlıqdan keçən digər gəmilər tərəfindən xilas edilərək Omana aparılıb.
Yük gəmisindən yayılan videokadrlarda insanların təşviş içində gəmini tərk etdiyi görünür. Hadisə yerindən qeydə alınan görüntülərdə danışan şəxslərdən biri gəminin dron ilə vurulduğunu iddia edir.
ABŞ Oman sahillərində tankeri vurub, üç hindistanlı dənizçi həlak olub
Oman sahilləri yaxınlığında Palau bayrağı altında üzən "MT Settebello" tankerinə ABŞ ordusunun endirdiyi zərbə nəticəsində üç hindistanlı dənizçi həlak olub. Hindistan bu hadisə ilə bağlı Vaşinqtona rəsmi etiraz edib.
Hindistanın gəmiçilik naziri Sarbananda Sonoval bildirib ki, axtarış əməliyyatı zamanı itkin düşmüş üç ekipaj üzvünün meyiti tapılıb. Nazir sosial şəbəkə hesabında hadisəni "böyük itki" adlandırıb və Hindistan hökumətinin sağ qalanların, həlak olanların nəşlərinin vətənə qaytarılması üçün tədbirlər gördüyünü bildirib.
ABŞ-nin Yaxın Şərqdəki hərbi fəaliyyətlərinə nəzarət edən Mərkəzi Komandanlıq (CENTCOM) isə açıqlamasında bildirib ki, ekipaj Amerika qüvvələrinin göstərişlərinə dəfələrlə əməl etməyib və tanker dəqiq zərbə ilə vurulub. Vaşinqton gəmini ABŞ blokadasını pozaraq İran nefti daşımağa cəhd göstərməkdə ittiham edir. Hörmüzdə İran limanlarına blokada münaqişə kəskinləşdikdən sonra qüvvəyə minib.
Hindistan Xarici İşlər Nazirliyi hücumu pisləyərək "qəti etiraz" bildirmək üçün Yeni Dehlidəki yüksəkvəzifəli ABŞ diplomatını nazirliyə çağırıb.
Bu hadisə ilə eyni vaxtda Hindistanın Omandakı səfirliyi Oman sahillərində başqa bir tankerlə bağlı dəniz qəzasının baş verdiyini açıqlayıb. Qəzaya uğrayan gəminin "MT Jalveer" tankeri olduğu ehtimal edilir. Bölgədə gəmiçilik təhlükəsizliyini izləyən UKMTO gəminin mühərrik bölməsində yanğın qeydə alındığını bildirib. Hindistan səfirliyi vəziyyəti yaxından izlədiyini və yerli hakimiyyət orqanları ilə daimi əlaqədə olduğunu açıqlayıb.
Tehrandan Şiraza qədər partlayışlar: SEPAH-ın hərbi kazarması və bazası hədəf alınıb
İran mediasının məlumatına görə, iyunun 11-nə keçən gecə ölkənin müxtəlif bölgələrində partlayış səsləri eşidilib. Paytaxt Tehran yaxınlığındakı bir neçə şəhərdə – Abyek, Qərçək, Minab, Nəzərabad və Kərəcdə, həmçinin Fars əyalətinin inzibati mərkəzi Şirazda da partlayışların qeydə alındığı bildirilir.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) iyunun 11-i səhər saatlarında bəyan edib ki, hücumlar zamanı Tehranın qərbindəki Əlborz əyalətində yerləşən hərbi kazarma və sənaye kompleksi, habelə paytaxtın cənub-şərqindəki Pişva rayonunda SEPAH bazası hədəf alınıb.
Öz növbəsində, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyunun 11-i səhər saatlarında hücum əməliyyatlarının başa çatdığını elan edib. Qurumun rəsmi açıqlamasında İranın hərbi müşahidə imkanlarına, rabitə sistemlərinə və hava hücumundan müdafiə mövqelərinə dəqiq zərbələr endirildiyi vurğulanıb.