Keçid linkləri

2026, 25 İyun, cümə axşamı, Bakı vaxtı 10:13
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.

Qrossi: 'İrandakı nüvə obyektlərinə səfər mütləq baş tutacaq'

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

Tehran Bəhreyn və Küveytdəki ABŞ bazalarını hədəf alır

CENTCOM-un bəyanatından az sonra İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin hücumlarına cavab olaraq Bəhreyn və Küveytdəki Amerika hərbi obyektlərini hədəf aldığını açıqlayıb. SEPAH bildirib ki, Küveytdə yerləşən Əli əs-Salim və Əhməd əl-Cabir aviabazalarına iki dalğa əməliyyat zamanı ABŞ ordusu ilə əlaqəli 18 hədəfə zərbə endirilib.

Bəhreyndəki Şeyx İsa aviabazası da hədəf alınıb. Zərbələrin nəticələri hələlik məlum deyil, ABŞ rəsmiləri dəyən ziyanın miqyası barədə açıqlama verməyib.

Bəhreyn Daxili İşlər Nazirliyi hava hücumu siqnallarının ikinci dəfə işə salındığını bildirib, sakinləri sakit qalmağa və ən yaxın təhlükəsiz yerə keçməyə çağırıb.

Küveyt də hava hücumundan müdafiə sistemlərinin yeni hücumlara qarşı işə düşdüyünü açıqlayıb.

Son zərbələr Vaşinqton və Tehran arasında qarşıdurmanın kəskinləşdiyini göstərir. BMT-nin baş katibi Antoniu Quterreş hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb. O xəbərdarlıq edib ki, Yaxın Şərq getdikcə daha dərin böhrana sürüklənir və bu, regionun hüdudlarından çox uzaqlara təsir göstərəcək. Quterreş tərəfləri diplomatik həll yolunu seçməyə çağırıb: "Artıq hücumlar olmasın. Artıq bəhanələr olmasın."

ABŞ: İrana zərbələr 'başa çatdırılıb'

ABŞ-nin yüksək vəzifəli müdafiə rəsmiləri İrana zərbələrin “başa çatdırıldığını” bildirir.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) qüvvələri ötən gecə İranda bir neçə hədəfə əlavə özünümüdafiə zərbələri endirildiyini açıqlayıb. CENTCOM-un məlumatına görə, zərbələr İranın əsassız və davam edən təcavüzünə cavab olaraq həyata keçirilib.

Zərbələrin olacağına prezident Donald Tramp iyunun 10-da eyham vurmuşdu.

İranın bir sıra media orqanları, IRIB dövlət televiziyası ölkənin müxtəlif şəhərlərində güclü partlayış səslərinin eşidildiyini bildirib.

IRNA dövlət xəbər agentliyi xəbər verib ki, Bəndər-Abbas hava limanı və hərbi aviabaza ətrafında bir neçə partlayış baş verib. Agentlik “düşmən mərmiləri”nin ölkənin cənubunda hərbi-dəniz bazasının yerləşdiyi Sirik liman şəhərində bir hədəfi vurduğunu da təsdiqləyib.

Bəzi yerli xəbər agentlikləri Hörmüz boğazındakı ABŞ gəmilərinin İran raketlərinin hücumuna məruz qaldığını iddia edib. Bu məlumatları müstəqil şəkildə təsdiqləmək mümkün olmayıb.

Trampdan İrana infrastruktur hədəsi: 'Körpülər və elektrik stansiyaları vurulacaq'

Donald Tramp iyunun 10-da "Fox News" telekanalına müsahibəsində bildirib ki, əgər Tehran razılaşma imzalamaqdan imtina etsə, İranın elektrik stansiyaları və körpülər də daxil olmaqla infrastruktur obyektlərinə əlavə zərbələrə icazə verməyə hazırdır.

"Reuters" xəbər verir ki, Vaşinqtonla məsləhətləşmələrdən sonra Qətər nümayəndələri iyunun 10-da mümkün razılaşmanı yekunlaşdırmaq məqsədilə Tehrana səfər ediblər.

"Fox News"un məlumatına görə, Tramp bildirib ki, İranın hələ də razılığa gəlmək imkanı var. Amma o, danışıqların dalana dirəndiyi halda əlavə hərbi əməliyyatların mümkün variant olaraq qaldığına işarə edib.

"Reuters" Ağ evdən əlavə açıqlama ala bilməyib.

Tramp: 'İran ordusu məğlubdur, bədəl ödəyəcək'

ABŞ prezidenti Donald Tramp bildirib ki, İran ordusu "tamamilə məğlub edilib" və Tehran Vaşinqtonla razılaşma əldə etmək üçün "həddindən artıq çox" vaxt itirdiyinə görə bunun bədəlini ödəyəcək. ABŞ və İran arasında gərginlik getdikcə artır.

Tramp iyunun 10-da "Truth Social" platformasında İran silahlı qüvvələrini "tam və mütləq xaos" adlandırıb. Onun iddiasına görə, ölkənin hərbi-dəniz və hava qüvvələrinin böyük hissəsi "faktiki olaraq mövcud deyil".

Prezident İranı çox danışıb, az iş görməkdə ittiham edib və bu ölkəni "Yaxın Şərqin qoluzorlusu" adlandırıb.

Bu açıqlamalardan əvvəl ABŞ qüvvələri iyunun 9-da gecə saatlarında Hörmüz boğazı yaxınlığında İranın hava hücumundan müdafiə, radar və müşahidə sistemlərinə zərbələr endirib. Vaşinqton bununla ABŞ-yə məxsus "Apache" helikopterinin vurulmasına cavab verdiyini bildirib.

İran isə cavabında İordaniyada və Fars körfəzi regionunda Birləşmiş Ştatlara bağlı hədəflərə raket və dronlar göndərib. ABŞ rəsmilərinin sözlərinə görə, onların əksəriyyəti zərərsizləşdirilib.

Son qarşılıqlı hücumlara baxmayaraq, Tramp dəfələrlə bəyan edib ki, Tehranla danışıqlar yolu ilə razılığa gəlmək mümkündür.

Davamı

XS
SM
MD
LG