'Müharibə regiondan kənara yayılacaq' – SEPAH-dan xəbərdarlıq
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) xəbərdarlıq edib ki, ABŞ-nin İrana qarşı hərbi əməliyyatları yenidən başlasa, müharibə region hüdudlarından kənara yayılacaq.
Bu hədədolu bəyanatdan az öncə ABŞ prezidenti Donald Tramp İrana qarşı yeni zərbələr endirmək ehtimalını ciddi şəkildə nəzərdən keçirdiyini bəyan edib. Tramp mayın 19-da bildirib ki, hücumlar "cümə, şənbə, bazar və ya gələn həftənin əvvəlində" reallaşa bilər.
Aprelin 8-də atəşkəs elan olunana qədər rəsmi Tehran ABŞ və İsrailin hava zərbələrinə cavab olaraq İsraillə yanaşı, Fars körfəzi ölkələri olan BƏƏ, Səudiyyə Ərəbistanı və İraqdakı hədəflərə intensiv dron və raket hücumları təşkil etmişdi.
SEPAH-ın bəyanatında vurğulanır: "İrana qarşı təcavüz təkrarlanarsa, vəd edilən regional müharibə bu dəfə region hüdudlarından kənara daşacaq. Təsəvvür belə edə bilməyəcəyiniz nöqtələrdə endiriləcək dağıdıcı zərbələr sizi külə çevirəcək".
Rəsmi sənəddə münaqişənin coğrafi baxımdan hara qədər genişlənə biləcəyi dəqiq göstərilməyib. Amma müharibənin ilk dövrlərində İranın himayə etdiyi husi qüvvələrinin Bab əl-Məndəb boğazından keçən gəmiləri hədəf alması və bunun qlobal ticarətə ciddi ziyan vurması geniş müzakirə olunurdu.
Pakistanın daxili işlər naziri yenidən Tehrana yollanıb
Pakistanın daxili işlər naziri Möhsün Nəqvi İranın yüksək rütbəli rəsmiləri ilə danışıqlar aparmaq üçün Tehrana gedib. Bu, onun son bir həftə ərzində İrana reallaşdırdığı ikinci səfərdir.
Pakistan son dövrlər İran ilə ABŞ arasında vasitəçilik missiyasını öz üzərinə götürüb.
İran mediasının məlumatına görə, Nəqvi bundan əvvəl – mayın 16-17-də Tehran və Vaşinqton arasında dialoqu asanlaşdırmaq məqsədilə İrana səfər etmişdi. Həmin görüşlər çərçivəsində o, İran prezidenti Məsud Pezeşkian, xarici işlər naziri Abbas Əraqçi və parlament sədri Məhəmməd Baqir Qalibaf ilə bir araya gəlib.
ABŞ səfiri: İran iqtisadiyyatı çökmək üzrədir
ABŞ-nin BMT-dəki səfiri Mayk Uolts bildirib ki, İran hökumətinin maliyyə resursları "tükənmək üzrədir" və ölkə iqtisadiyyatı "çökmə həddindədir".
Səfirin sözlərinə görə, İslam Respublikası "yeni və dinc yanaşmaya keçmək əvəzinə, mülki elektrik stansiyalarını hədəf alır və dünyanı qaranlığa qərq edə biləcək nüvə silahı düzəltmək strategiyasından əl çəkmir".
Uolts rəsmi Vaşinqtonun bu vəziyyətə qarşı mövqeyini "buna dözə bilmərik və heç vaxt dözməyəcəyik" sözləri ilə ifadə edib.
ABŞ rəsmisinin çıxışından əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın münaqişədə ABŞ-yə böyük ziyan vurduğunu bildirib. O, mayın 19-da gecə X-də yazıb ki, ABŞ Konqresi müharibədə milyardlarla dollar dəyərində onlarla təyyarənin itirildiyini etiraf edib. Nazir həmçinin İranın ilk dəfə ABŞ-nin "F-35" qırıcısını vurduğunu iddia edir.
İranlı nazir hər hansı yeni münaqişənin Vaşinqton üçün "daha çox sürpriz" gətirəcəyini qeyd etsə də, ətraflı danışmayıb.
CENTCOM: 90-a yaxın gəmi marşrutunu dəyişməli olub
Yaxın Şərqdəki ABŞ qüvvələrinə cavabdeh olan ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, İrana qarşı dəniz blokadası tətbiq edildikdən sonra Amerika qüvvələri 89 gəmini öz marşrutunu dəyişməyə məcbur edib.
CENTCOM mayın 19-da "X" sosial şəbəkəsində yaydığı bəyanatda İran limanlarına ticarət axınının qarşısını almaq üçün blokadanın qətiyyətlə davam etdirildiyini vurğulayıb.
ABŞ İranla Pakistanda keçirilən üzbəüz danışıqların uğursuz başa çatmasından sonra, aprelin 13-də İran limanlarına qarşı dəniz blokadasına başlayıb. Həmin danışıqlar atəşkəs elan olunmasından bir neçə gün sonra təşkil edilmişdi. Tərəflərin sonradan bir-birinə qarşılıqlı zidd təkliflər irəli sürməsi səbəbindən bu diplomatik cəhdlər nəticəsiz qalıb.
Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hava zərbələrinə başlayandan sonra rəsmi Tehran Hörmüz boğazını bağlayıb. Bu addım isə regionda enerji təhlükəsizliyi və qlobal dəniz nəqliyyatı ilə bağlı narahatlıqları ciddi şəkildə artırıb.