Fars körfəzində 1500 gəmi və 20 min ekipaj üzvü qalıb
İranın Hörmüz boğazındakı blokadası səbəbindən Fars körfəzində təxminən 1500 gəmi və onların ekipajları ilişib qalıb. Bunu mayın 7-də BMT-nin Beynəlxalq Dəniz Təşkilatının (IMO) rəhbəri bildirib.
"Hazırda təxminən 20 min ekipaj üzvü və 1500-ə yaxın gəmi oradan çıxa bilmir", – qurumun baş katibi Arsenio Dominqes Panamada keçirilən Amerika Dəniz Konvensiyasında deyib.
ABŞ və İsrail fevralın 28-də İrana qarşı hava zərbələrinə başlayandan sonra Tehran Vaşinqtonun Fars körfəzindəki müttəfiqlərinə raket və dron hücumları həyata keçirib, Hörmüz boğazına blokada tətbiq edib. Müharibəyədək dünyada neft və qaz tədarükünün təxminən 20 faizi bu boğazdan keçirdi.
Dominqes deyib ki, körfəzdə qalan ekipaj üzvləri "başqa ölkələrin rifahı naminə hər gün öz işlərini görən günahsız insanlardır", lakin "öz nəzarətlərindən kənar geosiyasi vəziyyətin girovuna çevriliblər".
Onun sözlərinə görə, gəmilərə qarşı 30-dan çox hücum 10 dənizçinin həyatını itirməsinə səbəb olub.
Mayın 4-də ABŞ prezidenti Donald Tramp sözügedən gəmiləri müşayiət etmək və boğazın açılmasına nail olmaq üçün dəniz əməliyyatı elan edib. Vaşinqton özünün son sülh təklifinə Tehrandan cavab gözlədiyi üçün bu təşəbbüs az sonra dayandırılıb.
Rusiya və Çin ABŞ-nin Hörmüz qətnaməsinə veto qoya bilər
Diplomatların sözlərinə görə, BMT Təhlükəsizlik Şurasında ABŞ-nin Hörmüz boğazı ilə bağlı təqdim etdiyi qətnamə layihəsinə Rusiya və Çinin veto qoyma ehtimalı böyükdür. Sənəddə İrandan Hörmüz boğazında hücumları və mina döşəmə fəaliyyətini dayandırması tələb olunur.
Layihədə İranın mövcud atəşkəsi pozduğu iddia edilir. Tehranın Hörmüz boğazında gəmilərin azad hərəkətinə mane olmağa, məhdudlaşdırmağa və ödəniş tətbiq etməyə yönəlmiş fəaliyyət və təhdidləri pislənilir.
Həmçinin Tehrandan hücumları dayandırması, döşənmiş minaların koordinatlarını təqdim etməsi və minatəmizləmə əməliyyatlarına mane olmaması tələb edilir.
Vaşinqtonun BMT-dəki elçisi Mayk Uolts mayın 7-də Fars körfəzi ölkələrinin təmsilçiləri ilə birlikdə jurnalistlərə bildirib ki, "bu təşəbbüsü rədd etməyə çalışan istənilən ölkə çox təhlükəli presedent yaradır".
"Özümüzdən soruşmalıyıq: əgər bir ölkə bu qədər sadə bir təklifə qarşı çıxırsa, doğrudanmı sülh istəyir?", –o əlavə edib.
Layihəni ABŞ və Bəhreyn hazırlayıb, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Qətər onu dəstəkləyib.
İranın BMT-dəki səfiri Əmir Səid İrəvani qətnaməni "dərin qüsurlu, birtərəfli və siyasi motivli" adlandırıb.
Rusiya və Çin məsələyə dair rəsmi şərh verməyiblər. Bir diplomat "Reuters" agentliyinə deyib ki, Moskva layihənin geri götürülməsini və ya tamamilə yenidən yazılmasını tələb edib.
Diplomatın sözlərinə görə, Çin mətni "qərəzli" adlandırıb və BMT Nizamnaməsinin VII fəslinə istinad olunmasını tənqid edib. Həmin fəsil Təhlükəsizlik Şurasına sanksiyalardan hərbi əməliyyatlara qədər müxtəlif tədbirlər görmək səlahiyyəti verir.
ABŞ İranın 'səbəbsiz' hücumlarından sonra hərbi obyektlərini vurduğunu deyir
İranın Hörmüz boğazında ABŞ hərbi gəmilərinə raket, dron və kiçik qayıqlarla hücumundan sonra ABŞ qüvvələri təhdidləri zərərsizləşdirib və İranın hərbi obyektlərinə zərbələr endirib. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bu açıqlamanı mayın 7-də yayıb.
Vurğulanır ki, İran qüvvələri "USS Truxtun", "Rafael Peralta" və "Mason" da daxil olmaqla, bir sıra ABŞ hərbi gəmilərinə doğru raketlər, dronlar və kiçik qayıqlar buraxıb. Amerika gəmilərinin heç birinə ziyan dəymədiyi açıqlanıb.
CENTCOM-un məlumatına görə, ABŞ qüvvələri hücuma cavab olaraq İranın hərbi obyektlərini, o cümlədən raket və dron buraxılış məntəqələrini, komanda-idarəetmə mərkəzlərini, habelə kəşfiyyat, müşahidə və nəzarət qovşaqlarını hədəfə alıb.
Pezeşkian Xamenei ilə bu yaxınlarda görüşdüyünü deyir
İran prezidenti Məsud Pezeşkian bu yaxınlarda ali lider Müctəba Xamenei ilə görüşdüyünü və ətraflı söhbət etdiyini açıqlayıb.
Pezeşkian mayın 7-də İran Səhiyyə Nazirliyində çıxış edərkən deyib ki, Xamenei ilə görüşü iki saat yarım çəkib. O, görüşün təfərrüatlarından danışmayıb, lakin ali lideri "səmimiyyəti və təvazökarlığına görə ölkənin idarəetmə və inzibati sistemi üçün örnək" adlandırıb.
Keçmiş ali lider Əli Xamenei fevralın 28-də ABŞ və İsraillə müharibənin ilk günü öldürülüb. Martın 8-də İranın Ekspertlər Şurası onun oğlu Müctəba Xameneini yeni ali lider elan edib.
Ancaq o vaxtdan bəri ali lider ictimaiyyət qarşısına çıxmayıb, onun heç bir görüntüsü və ya səs yazısı yayımlanmayıb. İran mediası Xameneiyə aid olduğu bildirilən bəzi yazılı açıqlamalar dərc edib.
"The New York Times" ötən həftə yazıb ki, Xamenei atasının öldürüldüyü gün yaralanıb və ayaq, dodaq, üz nahiyəsindəki xəsarətlərdən müalicə alır.
Qəzet İran rəsmilərinə istinadən bildirib ki, Xameneinin indiyədək video və ya audiomüraciət yaymamasının səbəbi ilk ictimai çıxışında zəif görünmək istəməməsidir.